Krım tatarları deportasiyanın 70-ci ildönümünü Kiyev və Baxçasarayda qeyd ediblər

Krım tatarları Fotonun müəllifi Reuters
Image caption Krım tatarları bazar günü deportasiya olunmalarının 70 illiyini qeyd edirlər.

Bazar günü, mayın 18-də, Krım tatarları yarmadadan deportasiya olunmalarının 70-ci ildönümünü qeyd ediblər.

Bu münasibətlə Krım tatarları Kiyev və Baxçasaray şəhərlərində anım mərasimi keçiriblər.

Tarixçilərin təxminlərinə görə deportasiya zamanı Krım tatarlarının 40%-dən çoxu xəstəlik, ağır şərait və aclıqdan tələf olub.

Krıma girişi qadağan olunmuş Krım tatarlarının lideri Mustafa Cəmilev Kiyevdə keçirilmiş aksiyada iştirak edib.

Şənbə günü Krım tatar xalqının Məclisi təcili keçirilmiş iclasında Simferopolda təşkil edilməsi nəzərdə tutulan anım mərasimini təxirə salıb.

Bundan əvvəl, tanınmamış Krım hökümətinin başçısı Sergey Aksenov yarmadada iyunun 6-dək kütləvi tədbirləri qadağan etməsinə baxmayaraq, Krım tatarlarına mayın 18-ə təyin olunmuş anım mitinqini müsəlman qəbirstanlığında keçirməyə icazə vermişdi.

ABŞ Dövlət Katibi John Kerry deportasiyanın 70 illiyilə bağlı Krım tatar xalqı ilə həmrəy olduğunu bildirib.

Onun sözlərinə görə, “Krımın qanunsuz ilhaq edilməsi cəhdi və Rusiya işğalı Krım tatarlarının köhnə yaralarını təzələyib”.

Əlaqəli internet linkləri

BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır