Böyük Britaniya İran səfirliyini yenidən açmağa hazırlaşır

Həsən Rohani Fotonun müəllifi AFP
Image caption İranda prezident Həsən Rohaninin seçilməsindən sonra diplomatik əlaqələr bərpa olunmağa başlayıb

Çərşənbə axşamı xarici işlər naziri William Hague İran paytaxtı Tehranda Britaniya səfirliyinin yenidən açılması üçün planını açıqlayacaq.

İranla diplomatik əlaqələr 2011-ci ildə, İrandakı Britaniya səfirliyinə hücumlardan sonra dayandırılıb.

İranda yeni prezidentin seçilməsi və İranın nüvə proqramı barədə sazişdən sonra diplomatik əlaqələr bərpa olunmağa başlayıb.

İraqdakı İŞİD silahlı qrupunun qarşısını almaq barədə maraqların üst-üstə düşməsi Qərblə İran arasında əlaqələri yaxınlaşdırıb.

BBC-nin siyasət üzrə redaktoru Nick Robinson deyir ki, ötən həftəsonu William Hague İranın XİN başçısı ilə danışıb.

Robinsonun sözlərinə görə Hague-in Britaniya millət vəkillərinə ünvanladığı bəyanat dərhal səfirliyin açılması ilə nəticələnməyəcək.

Britaniyanın İrana keçmiş səfiri Ser William Patey deyib ki, bu addım potensial olaraq iki ölkə arasında əlaqələrdə "çox mühüm bir an" ola bilər.

BBC Radio 4-un "Today" proqramına danışan Ser Patey-nin sözlərinə görə, son aylarda İran nüvə proqramının miqyasını azaltmağa razılaşandan sonra diplomatik əlaqələr yaxşılaşıb.