Gürcü serjant necə cihadçı oldu?

İŞİD Fotonun müəllifi AFP
Image caption İŞİD komandiri Ömər əl-Şişani Gürcüstanın Pankisi dərəsində dünyaya gəlib.

İŞİD komandiri Ömər əl-Şişani ola bilsin ki, indi Yaxın Şərqin ən zəhmli cihadçılarından biri sayılır, lakin onun bundan əvvəlki həyatı fərqli olub.

Əsl adı Tarxan Batiraşvili olan Şişaninin vətəni Gürcüstanın səfalı Pankisi dərəsidir.

O, bu bölgənin Birkiani kəndində doğulub, boya başa çatıb, xristian atası isə indinin özündə də bu kənddə, balaca və sadə görünüşlü bir evdə yaşayır.

Şişani 2007-ci ildə Gürcüstan ordusuna hərbi qulluğa başlayıb, 2008-ci ildə isə Rusiyaya qarşı müharibədə iştirak edib.

Gərginlik ocağı

Tarxan “Şişaninin” atası Teymuraz Batiraşvili deyir ki, oğlu əvvəllər radikal İslamdan uzaq olub.

Atasının sozlərinə görə, oğlu xəstələnib ordudan tərxis edildikdən sonra çətin günlər başladı.

Oğlu iş tapa bilmilrdi, günlərin bir günü evlərində polis axtarış apardıqdan sonra isə Tarxan həbs olundu.

Image caption Şişani Pankisi dərəsinin Birkiani kəndində dünyaya gəlib

Teymuraz Batiraşvilinin sözlərinə görə, həmin gecə reydi zamanı evlərinə basqın etmiş çoxsaylı polis əməkdaşlarından biri, hər gün dəfələrlə yanından ötdüyü köhnə taxtın altından sürsat dolu qutu çıxardı.

“Polis məndən soruşdu ki, “bu nədir?”, mən də cavab verdim ki, “bilmirəm, bu qutu burda yox idi”.

Beləcə, Şişani evində hərbi sürsat saxlamaqda ittiham olunaraq, həbs olundu.

Atasının təbirincə, məhz həbsdə olduğu müddətdə oğlunun təffəküründə köklü dəyişiklik baş verib, Tarxan, İslamı qəbul edib. Amnistiyaya düşüb azadlığa çxdıqdan sonra isə o, Suriyaya yollanıb.

Ailə fotoları məhv edilib

"O mənə dedi ki, ata mən burada heç kimə lazım deyiləm”, Batiraşvili xatırlayır.

Şişani evi tərk etməzdən əvvəl, yeni əqidəsinin tələbinə uyğun olaraq bütün ailə fotolarını məhv edib.

"Mən bundan yalnız ailə albomunu vərəqləmək istəyəndə xəbər tutmuşam – görüm ki albom boşdur”, Batirashvili deyir.

Fotonun müəllifi BBC World Service
Image caption Şişaninin fotosu İŞİD ilə əlaqəli olan saytlarda dərc olunur.

Atanın sözlərinə görə, ortancıl oğlu da radikallaşaraq ölkəni tərk edib.

“Üç oğlum var - üçü də islamçı olub. Mən isə xristianam, kilsəyə gedirəm. Nə mənim atam, nə də babam müsəlman olmayıblar”, Batiraşvili deyir.

Ata Batiraşvilinin sözlərinə görə, Şişanin radikallaşmasında əsas səbəbi yoxsulluqdur.

"İnsan ehtiyac içində olanda hər şeyə əl atar. İndi o, deyir ki, əqidəsinə görə ora gedib, amma mən bilirəm ki, bu addımı atmağa onu yoxsulluq vadar edib”, Teymuraz Batiraşvili deyir.

Eyni zamanda atası etiraf edir ki, artıq indi oğlu dəyişib: “Bəli, indi onun müharibədə iştirak etməsinin əsas səbəbi pul deyil”.

Əlaqə kəsilib

İndi ata Batiraşvili təqaüdü hesabına dolanır.

Hələ də bu kənddə yaşayan böyük oğlu Tengiz hərdən bir ona kömək edir.

Şişani buraları tərk edəndən sonra yalnız bir dəfə atasına telefon zəngi edib.

Həmin telefon danışığı zamanı Şişani çeçen qızı ilə evləndiyini, qızının doğulduğunu, ona Sofiya adının verildiyini, qızının cizgilərinin babasının cizgilərini xatırladığını demişdi.

Telefon bağlantısı zamanı Şişani atasının namaz qılıb-qılmaması ilə maraqlanıb, atası isə ona əvvəlki kimi xristian kilsəsinə getdiyini deyib. Bunu eşidən oğlu telefonunu qapadıb və bir daha atasına zəng etməyib.

Image caption Ata oğlunun Suriyaya getdikdən sonra yalnız bir dəfə ona zəng etdiyini bildirib.

İddia edildiyinə görə bir müddət çeçen yaraqlılarının sığındığı Pankisi dərəsinin camaatı Suriyada məşhurlaşmış Şişani şəxsiyyətinə hörmət bəzləyirlər, bəzi yerli sakinlər ona oxşamaq, onun yolunu təkrar etmək istədiklərini deyirlər.

Ata Batirashvili Suriyadakı oğluna görə ailəsinin üzləşdiyi yeni şöhrətdən narazıdır: “Belə şöhrət nəyimə lazımdı? Kaş o, heç yerə getməyərdi”.

“Görünür, Suriya müharibəsi onun alın yazısıdr”, Teymuraz kişi deyir.