Ukrayna böhranı: rus əsgərinin unudulmuş ölümü

ukrayna Fotonun müəllifi BBC World Service
Image caption Konstantin Kuzmin 29 yaşında vəfat edib, Ukrayna sərhədində Rusiya əsgərlərinə qoşulandan sonra.

Moskvadan min kilometrlərlə uzaqda, valideynlərinin həyətindəki taxta skamyanın üstündə oturmuş Oksana qardaşı Konstantin haqqında xatirələrini danışır.

O, mənə Konstantinin Şimali Qafqazdakı hərbi xidmətinə görə aldığı medalı, yaxası nişanlı şəkli də daxil olmaqla, bəzi əsgər fotolarını göstərir.

“Onun qəbirüstü daşı üçün bu fotosundan istifadə etmək istəyirik” – deyir Oksana.

Ölümündən üç həftə əvvəl Konstantin Kuzmin bu həyətdə oturub yay məzuniyyətini keçirirmiş.

“Ona bir zəng gəldi. O dedi ki, zəng edən onun hərbi birləşməsinin komandiri imiş. Komandiri ona deyib ki, hərbi hissədə yoxlanış olacaq və hamı bazaya qayıtmalıdır” – xatırlayır Oksana.

“O, iyulun 23-də getdi. Üç gün sonra qardaşım zəng edib dedi ki, onların birləşməsi hərəkətə gətirilib. Səsindən elə bil nədənsə qorxduğu hiss olunurdu. 'Mən cənub-qərbə gedirəm! Cənub-Şərqi Ukraynaya!' dedi qardaşım. Düşündüm ki, yəqin sərhəd bölgəsini nəzərdə tutur” – bacı deyir.

“Avqustun 8-də biz yenidən telefonla danışdıq. Amma bu dəfə o, tələsirdi. Valideynlərimizə dedi ki, 'ana, ata, mən sizi sevirəm, hamıya salam deyin, bacımı əvəzimdən öpün'… Sonra isə sərhədə gedəndə, və ya harasa başqa yerə gedəndə bizə dedi ki, ona zəng vurmayaq. Özü zəng edəcək”.

Fotonun müəllifi BBC World Service
Image caption Oksana qardaşı Konstantini son dəfə iyul ayında gördüyünü deyir.

Konstantin "kontraktnik", yəni peşəkar hərbçi idi.

İnkar

Onun necə və harada öldürüldüyü müəmma olaraq qalır.

Oksana davam edir: “Avqustun 17-də hərbi komissar valideynlərimin yanına gələrlək qardaşımın ölüm xəbərini verib”.

“O dedi ki, Ukrayna tərəfindən atılan mərmi Konstantinin maşının üstünə düşüb. Cənazə gəlib çıxanadək, biz yalnız bunu bilirdik. Rəsmi şəxs anama dedi ki, mənim qardaşım Ukrayna ilə sərhəddə keçirilən hərbi təlimlər zamanı həlak olub” – o deyir.

“Siz mənə dediklərinizə özünüz inanırsınızmı?” – deyə Oksana rəsmi nümayəndədən soruşub.

O, “yox” cavabı verib.

“Elə isə bunları niyə deyirsiniz?” – Oksana soruşub.

“Onlar deyirdilər ki, müharibə yoxdur və bizim əsgərlər bu münaqişədə iştirak etmirlər” – deyə Oksana yada salır – Elə isə onun ölümü üçün kim məsuliyyət daşıyır? Bu mənə əzab verən bir sualdır”.

Rusiyanın rəsmi mövqeyi dəyişməz olaraq qalır: Şərqi Ukraynada Rusiya qoşunları yoxdur və heç vaxt olmayıb.

Nəticə: Rusiya müdaxiləsi olmayıb, Rusiya Ukrayna ərazisinə soxulmayıb və Kremlin apardığı müharibə olmayıb.

Bu, Rusiyanın münaqişədə günahsız müşahidəçi rolunu ifadə edən mövqedir.

Moskva indi etiraf edir ki, bəzi Rusiya əsgərləri sərhədin o biri tərəfində döyüşüblər. Lakin bildirilir ki, guya bu əsgərlər ordudan məzuniyyət alıblar və bu məzuniyyətlərindən döyüşmək üçün istifadə ediblər.

Lakin son həftələrdə Rusiya əsgərlərinin Ukraynadakı döyüşlərdə iştirak etmək üçün göndərildikləri və Rusiya boyunca əsgər dəfnləri barədə israrlı xəbərlər var.

Vurulmuş və döyülmüş

Image caption Steve Rosenberg xəbər verir: ''Bizim reportaj hazırlamağımızı kimlərsə istəmir"

Bu çox həssas mövzudur.

Bunun belə olduğunu bizim reportyor qrupumuzun Oksana ilə söhbətdən sonra başına gələnlər sübut edir.

Biz kəndi tərk edəndə avtomobil müfəttişliyi polisləri tərəfindən saxlandıq.

Maşınımızın yükü və şəxsiyyətimizi təsdiq edən sənədlər yoxlandı.

Sonra biz nahar etmək üçün 60 kilometrlik məsafədə yerləşən Həştərxana getdik.

Biz kafeni tərk edib maşınımıza yaxınlaşanda qarşımızı azı üç aqressiv şəxs kəsdi və bizə hücum etdi.

Operatorumuzu vurub yıxdılar və döydülər.

Hücum edənlər BBC kamerasını yerə çırpdılar və sonra kameranı da götürüb onları gözləyən maşına doğru getdilər.

Sonra polis məntəqəsində dörd saata yaxın bizi sorğu-sual edən müstəntiqlərlə üzləşdik.

Dəfn olunmuş və unudulmuş

Fotonun müəllifi BBC World Service
Image caption Konstantinin ailəsinə onun ölüm xəbəri Rusiya hərbi rəsmiləri tərəfindən avqustun 17-də verilib.

Sonradan aeroporta gedəndə başa düşdük ki, biz polis mənqtəqəsində olarkən maşındakı yazı cihazlarımızdan bəzilərinə əl gəzdirilib.

Əsas kompüterimizdəki və bir neçə yaddaş kartlarındakı materialın silindiyini aşkar etdik.

Xoşbəxtlikdən biz bu məlumatı həmin gün bir qədər əvvəl Londona göndərmişdik.

Lakin nəyə görə kimsə bizim materialımızı məhv etmək, Rusiya əsgərinin bacısını susdurmaq istəyir?

Oksana terrorçu deyil, o, Rusiya hökumətinə müxalif də deyil.

Onun bilmək istədiyi yeganə şey Konstantinin ölümü barədə həqiqətdir. Dəqiq harada ölüb, necə ölüb? O əmin olmaq istəyir ki, ordu onun qardaşının ölümünə arxa çevirməyib.

“O Rusiyanı sevirdi. O çox vətənpərvər idi” – deyir Oksana.

“Mən başa düşə bilmirəm ki, onlar belə bir əsgəri necə unuda bilərdilər. Öldürüldü, dəfn edildi və unuduldu”…

Fotonun müəllifi BBC World Service