Donbassda hərbi səhra məhkəmələri təsis edilir

donbass Fotonun müəllifi bbc
Image caption Donbassda hərbi-səhra məhkəmələri qurulacaq.

Özünü birtərəfli qaydada elan etmiş "Donetsk xalq respublikasında" (DXR) hərbi-səhra məhkəməsi institutu təsis edilir.

Separatçıların mətbuat mərkəzinin dərc etdiyi məlumata əsasən, həmin məhkəmələrə ölüm hökmü çıxarmaq səlahiyyəti veriləcək.

Hərbi-səhra məhkəmələri "hərbi əməliyyatların aparıldığı və hərbi vəziyyət elan olunmuş rayonlarda fəaliyyət göstərəcək".

Həmin məhkəmələrin tərkibi bir hakim və hərbçilərdən seçilmiş iki xalq iclasçısından ibarət olacaq, məlumatda qeyd olunur.

Hərbi-səhra məhkəmələri "hərbi qulluqdan yayınma, fərarilik" kimi işlərlə yanaşı qüvvədə olan qanunvericilik çərçivəsində digər pozuntu hallarına da baxılacaq.

Hərbi səhra məhkəmələrinin hökmündən kassasiya şikayəti verilə bilməz, məhkəmənin çıxardığı qərarı isə yalnız nəzarətedici üst qurum dəyişə və ya ləğv edə bilər.

Məlumatda qeyd olunduğu kimi, çıxarılacaq hər bir ölüm hökmü barədə hərbi-səhra məhkəməsi DXR Hərbi tribunal sədrini və Baş prokuroru yazılı sürətdə dərhal məlumatlandırmalıdır, onlar isə, öz növbəsində, çıxarılmış qərarın yoxlanışını təşkil etməlidirlər.