Vladimir Putin: Rusiya özünü təcrid edən deyil

Putin Fotonun müəllifi AP
Image caption Putin Rusiyanın xarici aləmdən təcrid olunmayacağını bildirib.

Prezident Putin Rusiyanın özünü qalan dünyadan "dəmir pərdə" vasitəsilə heç zaman təcrid etməyəcəyini bildirirək belə addımın ölkənin milli maraqlarna dağıdıcı zərbə vura biləcəyini qeyd edib.

"Rusiya özünün təcrid olunmasına heç bir halda yol verməyəcək", Putin TASS agentliyinə bildirib.

"Tarixdə belə hallar olub - bəzi dövlətlər özünü qalan dünyadan təcrid etməyə cəhd edib, lakin bu onlara baha başa gəlib. Həmin dövlətlər deqradasiyaya və iflasa məruz qalıb", Rusiya prezidenti qeyd edib.

"Biz onların yolunu getməyəcəyik. Bizim ətrafımıza heç kim sədd çəkə bilməz. Bu mümkün də deyil", Vladimir Putin vurğulayıb.

Rusiya prezidenti müasir dünyada ölkələrin biri birindən asılı olduğuna diqqəti çəkib.

"Bu isə o deməkdir ki, sanksiyalar, neftin kəskin ucuzlaşması, milli valyutanın dəyərdən düşməsi təkcə Rusiya üçün fəlakətli olmayacaq. Bunun mənfi təsirini partnyorlarımız da hiss edəcək", - Rusiya prezidenti xəbərdarlıq edib.