Ermənistan: dramın dəyəri artır, artan qiymətlər enmir

armenia_currency Fotonun müəllifi BBC World Service
Image caption Üç həftə ərzində 40 faizədək ucuzlaşmış dram iki gün ərzində itirdiyi çəkisinin yarısını qaytarıb

Son ay ərzində 35-40 faizədək dəyərini itirmiş Ermənistanın milli valyutası – dram ikinci gündür ki, “sabitləşməkdədir”. Lakin dramın ucuzlaşması nəticəsində bahalaşmış əksər istehlak mallarının qiymətləri aşağı düşməyib.

Bununla bağlı cümə günü onlarla Ermənistan vətəndaşı hökumət binasının önündə toplaşıb qiymətlərin “böhrandan əvvəlki” səviyyəyədək endirilməsini tələb ediblər.

Etiraz iştirakçıları, tələbləri eşidilməsə, erməni “oliqarxlara məxsus” supermarket şəbəkələrini boykot etməklə hədələyiblər.

Lakin hökumət binasından heç kəs çıxıb etirazçıları “eşitməyib”. Etirazçılar aksiyanı bazar ertəsi davam etdirəcəklərini elan edərək gediblər.

Cümə axşamı baş nazir Hovik Abrahamyam Yerevanın bir sıra supermarketlərinə baş çəkib və xəbərdar edib ki, qiymətləri “əsassız artıranlara qarşı” hökumət “qeyri-tolerant“ olacaq.

Fotonun müəllifi BBC World Service
Image caption Onlarla Yerevan sakini əsas istehlak mallarının qiymətlərini endirmək tələbilə hökumət binasının qabağına toplaşıb

Son iki gün ərzində dram itirdiyi "çəkisinin" təxminən yarısını "qaytarıb" və cümə günü Yerevanın valyutadəyişmə məntəqələri 1 ABŞ dollarını 450-460 drama alır, təxminən 500 drama satırdılar.

Ermənistan baş naziri Hovik Abrahamyanın başçılıq etdiyi hökumətdə və daha sonra Milli Məclisin qapalı iclasında valyuta bazarında yaranmış vəziyyətlə bağlı müzakirələrdən sonra Ermənistan valyutası itirdiyi dəyərinin yarısını qaytarıb.

Buna necə nail olunduğunu hələ ki yerli iqtisadçılar da izah edə bilmir.

Çərşənbə günü Yerevan ticarət müəssisələrində qənd tozu almaq mümkün deyildi. Soruşanlara anbarda olanın satılıb qurtardığını, yeni ehtiyatların nə vaxt gətiriləcəyinin məlum olmadığını deyirdilər.

Fotonun müəllifi BBC World Service
Image caption Ticarət mərkəzlərində əvvəlki Yeni il ərəfəsi canlanma və kassaların yanında uzun növbələr müşahidə olunmur

Qənd tozunun bir gündə defisitə çevrilməsinə Ermənistan milli valyutası – dramın son on il ərzində rekord səviyyədə “ucuzlaşması” səbəb olub.

Bir neçə saat ərzində qiymətlər 15, 20, bəzən 30-40 faizədək artmışdı. Satıcılar alveri qoyub, qiymət yarlıqlarını dəyişirdilər, BBC Azərbaycanca müxbiri xəbər verir.

“Hər şey bahalaşıb, çörəkdən tutmuş televizora kimi", - müxbirimizə adının çəkilməsini istəməyən, Yerevanın iri marketində satıcı işləyən qadın deyir.

"Tədarükçü hər gün qiymətləri qaldırır. Dünən günortaya kimi pesoku 360 drama satmışıq, sonra məcbur olduq 400, 450 drama qaldırmağa”, o əlavə edir.

Bəzi mağazalarda şəkər tozunun 500-550 drama da satıldığını deyirlər.

“Ermənistana çox şey kənardan gətirilir. Dollarla alıb, dramla bizə verirlər. Tədarükçü bilmir nə qiymət qoysun. Dramımız da ki bir səviyyədə dayanmır, az qala hər saat ucuzlaşır”.

Fotonun müəllifi BBC World Service
Image caption Qadın yeni il süfrəsi üçün aldığının 3 polietilen torbaya sığdığını deyir. Deyir, şəkər tozunu da ala bilsə şirniyyat hazırlayıb vəziyyətdən çıxar
Fotonun müəllifi BBC World Service

Mağazalarda şəkər tozundan başqa, Yeni il süfrəsi üçün xəmirdən şirniyyat bişirmək üçün un da çox alınır.

Üzünü kameraya düşməsini istəməyən Knarik adlı qadın da şəkər tozu ala bilməmişdi: “Bu rayonda bir neçə mağazada [şəkər tozu] yox idi. Həmişə 600 drama aldığım unu 900 drama aldım, 400 dram olan yağ indi 1000 dram olub”.

Unun qiyməti bir sutka ərzində 40 faizədək artıb. Un məhsulları və çörək son iki həftə ərzində ikinci dəfə, növündən asılı olaraq, daha 10-15 faiz bahalaşıb. Həm bitki, həm kərə yağı növlərinin və şirniyyatın qiymətləri də artmaqda davam edir.

Meyvə-tərəvəz və ətin qiyməti hələ qalxmayıb, keçən həftənin səviyyəsində qalır. Mal ətinin 1 kilosu 2400-2500, donuz əti – 3600-3800 dramdır.

Dramın ucuzlaşması səbəbindən Yerevan mağazalarında məişət texnikasının qiymətləri 30 faizədək artıb.

Fotonun müəllifi BBC World Service
Image caption Valyuta bazarında yaranmış qeyri-sabitlik səbəbindən ticarət mərkəzlərində gündə bir neçə dəfə qiymət yarlıqlarını dəyişirlər

Cümə axşamı səhər Yerevanın valyutadəyişmə məntəqələrində səhər 1 ABŞ dollarını 630-635 drama almaq olardı. Lakin bir-iki saatdan sonra xarici valyutanın (dollar, avro və funt sterlinq) satışı kəsildi.

Ümumiyyətlə, son ay ərzində Ermənistan puldəyişmə nöqtələri xarici valyutanı alır, lakin ya heç satmır, ya da son dərəcə məhdud məbləğdə satırlar.

Günorta1 ABŞ dollarını 560, 1 avronu 685-700, 1 funt sterlinqi 750 drama dəyişmək olardı. Bu, son bir ay ərzində Ermənistan milli valyutasının 35 faizdən də çox dəyərdən düşdüyünü göstərir.

Bu barədə daha geniş