Suriya erməniləri: vətənə doğru çətin yol

shant
Image caption Xayalyan: "Mən tərəflərdən heç birini seçmədim. Mənim seçimim ölkədən getmək oldu"

Şant Xayalyan təsəvvür belə edə bilməzdi ki, ömrünün 35 ildən çoxunu yaşadığı Hələbdə orqanik sabun düzəltmək məşğuliyyəti bu gün yüzlərlə kilometr uzaq Ermənistanda onun yeni həyatının rəmzinə çevriləcək.

Yerevanda Şant Xayalyan kiçik bir ərazi icarə edib, özünü orqanik sabun istehsalı biznesində sınamaq istəyir.

Hələbi tərk etmək qərarına o 2012-ci ildə, Suriya münaqişəsində tərəflərdən birini seçmək məcburiyyəti qarşısında qalanda gəlib.

“İnsanların oğurlanması və pul tələb etmək halları başlayanda, atam dedi ki, ölkədən çıxmaq vaxtı gəlib, lakin gəlib mənə “orduya getməlisən” deməyincə, tərəddüd edirdim, - Xayalyan söyləyir. – Bunu hər iki tərəfdən tələb edirdilər. Mən onlardan heç birini seçmədim, mənim seçimim ölkədən getmək oldu”.

Xayalyan bu gün Ermənistanda yaşayan 13 min suriyalı ermənilərdən biridir. Bu, Suriyada vətəndaş müharibəsi başlanandan sonra ölkəni tərk etmiş erməni mənşəli suriyalıların təxminən üçdə biridir.

Ermənistan köçkün soydaşlarını böyük nəvazişlə qarşılayır, lakin əhalisinin üçdə biri yoxsulluq həddində yaşayan bir ölkədə onların həyatı ağır sınağa çevrilir.

Evə gedən yol

Fotonun müəllifi BBC World Service
Image caption Diaspor Nazirliyi Yaxın və Orta Şərq erməni icmaları ilə əlaqələr idarəsinin rəisi Lusine Stepanyanın sözlərinə görə, 2012-ci ildən bəri 13 minə yaxın Suriya ermənilərinə Ermənistan vətəndaşlığı verilib

Suriya böhranı başlandığı ilk günlərdən ənənəvi olaraq erməni dili və mədəniyyətinin qorunub saxlanmasında mühüm rol oynayan erməni icması və Suriya ermənilərinin taleyi həmişə Ermənistan ictimaiyyəti və KİV-nin diqqət mərkəzində olub.

Ermənistan hökumətinin məlumatına görə, müharibədən qabaq Suriyada 80 minə yaxın erməni yaşayıb. Onların çoxu 20-ci əsrin əvvəlində Osmanlı İmperiyasından (hazırkı Türkiyə ərazisi) qaçqın düşmüş ermənilərin nəvə-nəticələridir.

Bu gün Suriyada qalan 40-45 minə yaxın ermənilərin yarısı Hələbdə yaşayır.

Ermənistan Diaspor Nazirliyinin rəqəmlərinə görə, münaqişə başlayandan bəri onların 15-20 mini Livana, təxminən 13 mini Avropa ölkələri və ABŞ-a köçüblər.

Ermənistan Diaspor Nazirliyinin Yaxın və Orta Şərq Erməni İcmaları ilə Əlaqələr İdarəsinin rəisi Lusine Stepanyan Ermənistana Suriya qaçqınlarının kütləvi axınının 2012-ci ilin yay aylarında başlandığını söyləyir.

“İyun-iyul aylarında vəziyyət, xüsusilə Hələbdə, gərginləşməyə başlayanda, Ermənistana yay məzuniyyət və tətillərini keçirməyə gəlmiş insanlar anlayıblar ki, geri dönə bilməzlər”, - Lusine Stepanyan deyir.

Suriya ermənilərinin Ermənistana gəlməsinə rəvac vermək üçün Ermənistan hökuməti onlar üçün vətəndaşlıq almaq prosesini asanlaşdırıb, eləcə də onlara tək Ermənistanda deyil, həmçinin Suriyada və Livanda Ermənistan konsulluqlarında pasport almaq icazəsi verilib.

“Prezidentimiz dedi ki, erməni öz vətənində qaçqın olmamalıdı. Suriya ermənilərinin vətəndaşlıq almaq prosesinin asanlaşdırılmasının əsas səbəblərindən biri budur. Onlar da bizim kimi Ermənistan vətəndaşlarının hüquqlarına malik olmalıdırlar”, - xanım Stepanyan deyir.

Onun sözlərinə görə, 2012-ci ildən bəri 13 minə yaxın Suriya ermənilərinə Ermənistan vətəndaşlığı verilib.

Ermənistan vətəndaşlığı olmayanlar dərhal sərhəd keçid məntəqələrində Ermənistan vizasını ala bilir və ölkədə müvəqqəti yaşamaq icazəsi üçün rüsumlardan azad olurlar.

Yeni həyat

Image caption Vartan Maraşlyanın sözlərinə görə, kimlər ki yerli bazarın şərtlərini qəbul edir, onların biznesi uğurlu olur

Suriyalı ermənilər üçün müxtəlif, o cümlədən təhsil və səhiyyə sahələrində imtiyazlar tətbiq edilib. Qeyri-hökumət, kilsə və beynəlxalq təşkilatlar suriyalı köçkünlərə yardım proqramlarına qatılıblar.

Lusine Stepanyanın sözlərinə görə, 700-dən çox ailə ev kirayəsini ödəmək üçün müxtəlif təşkilat və fərdi sponsorlardan yardım alır, Kiçik və Orta Biznesin İnkişafı üzrə Ermənistan Milli Mərkəzi suriyalı ermənilərə özəl biznes təşəbbüslərinin tətbiq edilməsinə kömək edir.

Lakin, buna baxmayaraq, bəzən bir çox köçkünlər Ermənistanda iş tapmaq üçün peşəsini dəyişməyə və ya yeni ixtisas almağa məcbur olurlar.

Bəziləri əlavə dəyər vergisi və dövriyyədən tutulan vergilərin böyük olduğu səbəbdən və iqtisadi perspektivlər olmadığından Ermənistanda bizneslə məşğul olmağın çətinliyini qeyd edirlər.

“Onlar həmçinin Suriyadan kənar, başqa ölkələri də əhatə edən böyük ərəb bazarında işləyiblər. Faktiki 25 milyon əhalisi olan ölkədə, 6 milyonluq şəhərdə yaşayıblar. Burada isə, cəmi 3 milyonluq və MDB ölkələrinə çıxa biləcək bazardır, onlar bu ölkələrin xüsusiyyətlərini və zövqlərinə bələd deyil”, - Repat Armenia fondunun icraçı direktoru Vartan Maraşlyan deyir.

Bundan başqa, Ermənistanda nailiyyət əldə etmək üçün böyük çevikliyə və geniş ailə yaxud şəxsi əlaqələrə malik olmalısan, Maraşlyan deyir.

Müharibədən yoxsulluğa

Image caption Alin ailəsi ilə Ermənistana bu il gəlib, özləri ilə gətirdikləri pul qurtarıb, lakin iş tapa bilmirlər

Suriyadakı abad yaşayışdan sonra çoxları üçün, hətta işlə təmin olunduqdan sonra, Ermənistan həyatına öyrəşmək çətindir - onların müharibədən əvvəl Suriyada gəlirləri qat-qat artıq olub.

38 yaşlı Alin Kasabci dörd aydır ki, ailəsi ilə Ermənistana gəlib. Hələbdə onun ərinin öz mağazası olub, Alin isə tibb bacısı işləyirdi.

“Deməzdim ki, varlı olmuşuq, amma layiqli yaşamışıq. Lazım olan hər şeyimiz olub. Biz şəhərimizi tərk etmək fikrində olmamışıq, lakin 4 il idi ki müharibə gedirdi, hər addım başı ölümlə üzləşirdik. Hər yanda bomba-qumbara partlayırdı, hər an ölə bilərdik”, - Alin söyləyir.

O, özləri ilə gətirdikləri pulun qurtardığını və Ermənistanda iş tapma bilmədiklərini deyir.

“Burda biz Avropadakı kimi yardım etmirlər. Məsələn, biz ev kirayəsini özümüz veririk, daha pulumuz yoxdur, - Alin gileylənir. – Biz elə bil dilənçiyik. İki aydır ki, pulumuz qurtarıb. Nə burda yaşaya bilirik, nə də öz şəhərimizə qayıda bilərik”.

Alin ərinin bir hələbli dostu ilə Yerevanda mağaza açdığını, lakin “ziyana düşüb, bağlamağa məcbur” olduğunu deyir.

Alinin özü isə dil probleminə görə iş tapa bilmir. O, Suriya ermənilərinin danışdığı erməni dilinin qərb dialektində də çox pis danışır, və həmyerlilərindən fərqli olaraq yerevanlı soydaşları ilə ünsiyyət yaratmaq çox çətin olur.

İş tapmaq ümidi ilə Alin digər suriyalı köçkünlərlə BMT Qaçqınlar Agentliyinin yardımı ilə KASA fondunun təşkil etdiyi erməni dili kurslarına gedir.

Bəzi Suriya erməniləri etiraf edirlər ki, Ermənistanda ağır iqtisadi vəziyyət onları daha firavan Qərb ölkələrinə getmək imkanlarını axtarmağa məcbur edir.

Lakin Alinin yeganə arzusu - Hələbə, öz evinə qayıtmaqdır.

“Biz heç vaxt Avropaya getmək fikrimiz olmayıb. Biz həmişə öz şəhərimizə qayıtmaq haqqında düşünürük. O çox yaxşı şəhərdir, çox yaxşı insanlar, hamı bir-birini sevirdi, biz əlbir idik”, - Alin deyir.

İkinci ev

Image caption BMT Ermənistan nümayəndəliyi Qaçqınların Hüquqları üzrə Agentliyinin mütəxəssisi Anahit Hayrapetyanın sözlərinə görə, suriyalı ermənilərin çoxu yenidən Suriyaya qayıda biləcəkləri günü gözləyirlər

Bütün çətinliklərə rəğmən, Suriya ermənilərinin Ermənistana axını davam edir.

“Çoxları Qərbə getmək istəyir, lakin onlara buradakından daha soyuq iqlimə, dilə uyğunlaşmaq çətindir. Nəsildən-nəslə onlar ermənicə danışıblar, indi, məsələn, İsveç dilini öyrənmək asan deyil”, - BMT Ermənistan Nümayəndəliyinin Qaçqınların Hüquqları üzrə Agentliyinin xarici əlaqələr üzrə mütəxəssisi Anahit Hayrapetyan deyir.

Onun sözlərinə görə, suriyalı ermənilərin çoxu səbirsizliklə gözləyirlər ki, nə vaxt yenidən qoyub çıxdıqları evlərinə, iş yerlərinə qayıda biləcəklər.

“Onlar geri dönmək istəyirlər, lakin Ermənistan da onlara əzizdir. Çoxları deyirər: bura bizim üçün təhlükəsiz sığınacaqdır, bura bizim vətənimiz, ikinci evimizdir”, - Hayrapetyan deyir.

Şant Xayalyan üçün isə Suriya böhranı tarixin növbəti acı dərsi olub. Onun sözlərinə görə, Suriyada sülh bərpa olunduqdan sonra o, oraya yeganə bir şey üçün qayıdar – orada qalan mülkünü satmağa.

“Son nəticədə biz ermənilər, dərk etməliyik: 1915-ci ildə çoxlu problemimiz oldu, Azərbaycanla problemlərimiz olub, İraq-Küveyt müharibəsində, Suriyadakı müharibə və sairə. Yəni, əgər sən yaşadığın, lap köklərin orada olsa belə, öz ölkəndə deyilsənsə, unutmamalısan ki, öz ölkəndə deyilsən, - Şant deyir. – Bunun üçün də mən Ermənistandan kənarda yaşamaq istəmirəm. Nə problem olursa, olsun, nə qədər çətin də olsa, biz Ermənistanda, öz torpağımızda qalmalıyıq”.

Bu barədə daha geniş