Çelyabinskə "üçqat Günəş doğub"

Russia Fotonun müəllifi anyuza aybasheva
Image caption Çelyabinsk şəhərində "üçqat günəş doğması" effekti müşahidə edilib.

Rusiyada Çelyabinsk şəhərinin sakinləri sübh tezdən nadir optik illüziyanın şahidi olublar - üfüq üzərində 3 günəşin doğması effekti müşahidə edilib.

Sakinlər həmin hadisəni lentə alaraq qeyri-adi görüntüləri sosial şəbəkələrdə paylaşıblar, TASS agentliyi xəbər verib.

Çelyabinsk meteoroqloqlarına görə, "halo" effektinin yaranmasına səbəb həmin səhər çağı şaxtalı havaya görə atmosferdə əmələ gəlmiş buz zərrəcikləri olub.

Həmçinin bax: Çelyabinskdə meteor yağışı

Tamaşa edənlər, zərrəcik buz kristalları üzərində Günəş şüalarının sınması nəticəsində havada əlavə Günəş görüntüsü effektinin yaranmasının şahidi olublar.

Sverdlovsk regionunun baş sinoptiki Qalina Şeporenkonun sözlərinə görə, həmin günün səhəri Çelyabinskdə -25C dərəcədə şaxta olub.

Göy rəngli qar

Bu hadisədən bir neçə gün öncə isə yerli sakinlər Çelyabinsk küçələrinə göy rəngdə qarın yağmasının şahidi olublar.

Şəhər sakinlərinin təlaşına səbəb olmuş göy rəngli qar yağmasının sirri uzun çəkməyib - məlum olub kı, Pasxa bayramı üçün yumurta boyaları hazırlananın yerli fabrikdə toz şəklində saxlanan göy rəngli boya səhvən ventilyasiya sistemilə atmosferə sovrulub, New York Times xəbər verib.

Rusiyanın Çelyabinsk şəhərində ilk dəfə deyil ki, qeyri-adi hadisələr baş verir.

2013-cü ildə bu şəhərin adı yaxınlıqdakı gölə meteoritin düşməsilə dünyada məhşurlaşmışdı.

570 kg çəkisi olan həmin meteoritin Çelyabinsk üzərindən gölə düşənədək uçuşunu yerli sakinlər o zaman ballistik raketin uçuşuna bənzətmişdilər.

Həmin hadisə zamanı 900-dək adamın yaralandığı barədə xəbərlər yayılmışdı.

Xəbər BBCMonitoring məlumatı əsasında hazırlanıb.

Bu barədə daha geniş