Erməni yazıçının Xocalıya görə üzr istəməsi qarışıq reaksiyalar doğurub

Image caption Vahe Avetian öz Facebook səhifəsində Xocalıya görə üzr istəyib.

Stokholmda, daha sonra isə Tbilisidə yaşayan erməni yazıçı-publisist Vahe Avetyan “Xocalıda yüzlərlə insanın soyqırımında ermənilərin hər hansı mümkün iştirakına görə azərbaycanlı qonşulardan” üzr istəyib.

Vahe Avetyan öz müraciətində özünün, erməni dostları və yaxınlarının “qatil, adamyeyən və sadist” ruhunda tərbiyə verilmədiyini deyir və “bu cinayətdə əli olanların” bir vaxt məhkəmə qarşısında dayanacağından əmin olduğunu bildirir.

“Sizi əmin edirəm ki, bir vaxt Ermənistanda qanuni xalq hakimiyyəti olacaq və mənim ölkəm cinayətin araşdırılması və onda əli olanların məhkəmə qarşısında dayanması üçün əlindən gələni edəcək”, - Vahe Avetyan yazır.

Avetyanın yazıları xüsusilə azərbaycanlı istifadəçilərin diqqətini cəlb edib və əksəriyyəti Vahenin fikirlərini təqdir edir.

Bəziləri polemika açmaq istəyir, digərləri müvafiq mövzuda məqalə və foto və video süjetlərlə bölüşüb, digərləri isə təhqiramiz ifadələr işlədib.

Bir qrup azərbaycanlı və erməni soyadlı istifadəçilər arasında isə qarşılıqlı ittiham, təhqir və söz davası edib.

Vahenin müraciəti altında erməni soyadlı şərh yazanlar əsasən müraciətin müəllifini tənqid edirlər.

Emil Stepanyan adlı istifadəçi yazır: ”Mənə bir azərbaycanlı göstərin ki, 90-cı ildə Bakıda kütləvi qırğınlar və ya Sumqayıt qətliamı üçün yasa batsın və ermənilərdən üzr istəsin... göstərin onu mənə, və mən ona sağ ol demərəm... çünki fikrimcə neçə ki hər gün sərhəddə əsgərlər ölür... neçə ki doğma torpağını düşmən çəkməsi tapdalayır, heyfsilənmə haqqında söz ola bilməz... Göstərin mənə o azərbaycanlını və onu da Vahe Avetyan kimi manqurt adlandıraram...“

Karen Gazaryan müraciəti “sayaqlama və yalan” adlandırır: “...ermənilər soyqırım etməyib, bunu azərilər edib... sən isə, sən erməni deyilsən, get azərilərlə yaşa, idiot”.

“Mən hesab edirəm ki, öz günahını boynuna almağa, məhkəmə qarşısında dayanıb dünənki, törədən cinayətkarı öz həmvətənlisi ola bilən, soyqırımı pisləməyə cəsarət etməyən xalqın öz əcdadlarının yüzillik tarixi olan soyqırımın pislənməsini dünya birliyindən tələb etməyə mənəvi haqqı yoxdur”, - Avetyanın statusunda deyilir.

Fransada yaşayan erməni yazıçı və filosof Aleksandr Varpetyan da Vage Avetyanın fikirlərini dəstəklədiyini bəyan edib: Vaqe, mən sənə qoşuluram və Xocalı faciəsinə görə üzr istəyirəm, baxmayaraq ki, bu barədə çox məlumatım yoxdur. Bir çox türklər və azərbaycanlıların mərdlik və ürəkaçıqlıq göstərə bilib və ümumi həyatımızdakı oxşar faciələrə görə üzr istəyiblər", o qeyd edib.

"Mən nikbin olaraq qalıram, insanlığa inanıram və ümid edirəm ki, xalqlarımız yaxın gələcəkdə sülh əldə edəcək".

Şərhin altından Əli Ağazadə adlı istifadəçi yazıb: "Mən hesab edirəm ki, Qarabağ ermənilər və azərbaycanlılar üçün ümumi ev olmalıdır. Bakı və Yerevandan ayrı olmalıdır. Qoy bu luzer respublikalar arasında kiçik bir ölkə olsun və qoy orada ən yaxşı ermənilər və azərbaycanlılar yaşasın".

Bundan öncə, 2010-ci ildə Qafqaz Sülhyaradıcı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan Xocalı qurbanları və onların qohumları qarşısında baş əyərək üzr istədiyini bildirmişdi.

"Mən Xocalı qurbanları, onların qohumları və bu acını yaşayan hər kəsin qarşısında utanc və çarəsizlik hissilə" baş əyirəm.

Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda davam edən müharibədə, 1992-ci ildə Qarabağın Xocalı kəndinin 613 nəfər azərbaycanlı sakini zsakini bir gecədə qətlə yetirilib.