İlham Əliyev Səudiyyə Ərəbistanında neft-qaz əməkdaşlığını müzakirə edib

Fotonun müəllifi prezident.az
Image caption Prezident Əliyev Ər-Riyadda neft-qaz sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində paytaxt Ər-Riyad və Ciddə şəhərində keçirdiyi görüşlər zamanı ikitərəli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafına dair danışıqlar aparıb.

İlham Əliyevin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud ilə görüşündə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi yüksək qiymətləndirilib, prezident.az saytı bildirir.

Danışıqlar zamanı iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivi, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edilib.

Məlumata əsasən, Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

Səfəri çərçivəsində prezident Əliyev bu ölkənin Ticarət Palataları Şurasının sədri, Neft və Minerallar naziri və İslam İnkişaf Bankı Qrupunun prezidenti ilə görüşlər keçirib.

Həmin görüşlər zamanı iki ölkə arasında neft və kimya sənayesi, neft-qaz, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, Səudiyyə Ərəbistanına və üçüncü ölkələrə ixracı imkanları ətrafında fikir mübadiləsi aparıldı.

Danışıqlar əsnasında dünya bazarında neftin qiyməti, "Cənub" qaz dəhlizi layihəsi kimi məsələlər ətrafında müzakirələrin aparıldığı qeyd olunub.