#BBCAzeriTrending: Rusdilli Siri geyləri bəyənmir?

Fotonun müəllifi YouTube

Rusdilli istifadəçi Apple-ın virtual köməkçisi Siri ilə gey klublar haqqında danışmaq istəyəndə, Sirinin verdiyi cavab onu təəccübləndirdi. Apple deyir ki, həmin cavab "texniki qüsur" nəticəsində verilib.

Bu həftə rus dilində Siri ilə özünü Alex adlandıran kişi arasında söhbəti əks etdirən video YouTube və Reddit saytlarında geniş paylaşılıb.

Söhbətin tərcüməsi:

Alex: "Siri, yaxınlıqda gey klublar varmı?"

Siri: "Qızara bilsəydim qızarardım".

Alex: "Britaniyada gey nikahını qeydiyyatdan necə keçirmək olar?"

Siri: [Susur]

Alex: "İngiltərədə gey nikahını qeydiyyatdan necə keçirmək olar?"

Siri: "Hesab edək ki, mən sizi eşitmədim".

Alex: "Siri, mənə gey nikah haqqında danış".

Siri: "Alex, necə də ədəbsizsiniz!"

Və sairə, və ilaxır...

Apple deyir ki, Sirinin cavabı texniki qüsura görə belə olub və bu problem artıq həll olunub. Amma ingilis dilində davam edən diskussiyalar göstərir ki, Rusiyada geylərin hüquqları və homofobiya məsələləri artıq bütün dünyanı maraqlandırır.

Image caption - "Gey klublar". - Belə ifadələrə heç bir gərək yoxdur.

Bəziləri düşünür ki, Siri Rusiya qanunlarına uyğun hərəkət etmək üçün qəsdən belə qurulub: "Apple haradasa öz məhsullarını satmaq istəyirsə, həmin ölkənin qanunlarına tabe olmalıdır", bir Reddit istifadəçisi yazıb. Rusdillilərin şərhləri daha qəzəbli olub: bəziləri homofobik şərhlər yazıb, digərləri isə Qərbin bu məsələdə marağını sual edib.

BBC Trending ilə söhbətində Alex deyib ki, Sirinin "münasibəti" ilə təsadüfən rastlaşıb. "Dostlarımla görüşmüşdük, onlar isə iOS-in ən yeni versiyasına keçmişdilər", o deyib. "Yeniliklər arasında rusidilli Siri də vardı, biz də başladıq ona "gey" sözü ətrafında suallar verməyə. Cavablar çox qəribə idi. "Lezbiyan" sözü ilə verilən sualların cavabları da oxşar idi", o deyir.

BBC Rusca xidmətindən də Siriyə oxşar suallar veriblər, cavablar da eyni olub.

"Mən başa düşürəm, bəlkə şirkət hansısa ölkənin qanunlarına uyğunlaşmalıdır", Alex deyir. "Apple bunu həll elədi. Amma problemin necə əmələ gəlməsi hələ ki, izah olunmayıb.

2013-cü ildə Rusiyada geylərin "təbliğatı" qadağan olunub: qanuna görə, 18 yaşından aşağı olanlara homoseksuallıq barədə məlumat vermək cinayətdir.