Vəfa Quluzadə vəfat edib

vafa_guluzade Fotonun müəllifi BBC World Service
Image caption Vəfa Quluzadənin SSRİ XİN-dəki dosyesində yazılıb: "Fövqəladə ünsiyyətcil, olduğu ölkənin yüksək dairələri ilə etibarlı əlaqələr qurmağı bacarır". (Foto - publica.az)

Azərbaycanın görkəmli dövlət xadimi, politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti, sabiq dövlət müşaviri Vəfa Quluzade Bakı xəstəxanalarından birində ürəyində şuntlama əməliyyatından sonra dünyasını dəyişib.

Quluzadsənin qohumlarına istinadən APA-nın verdiyi məlumata görə, mərhumun cənazəsi Əjdərbəy Məscidinə aparılıb və sabah Yasamal qəbiristanlığında dəfn ediləcək.

Vəfa Quluzadə 1940-cı ildə Bakıda anadan olub.

O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. İki il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil aldıqdan sonra dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı alıb.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ Xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak edib.

1973-cü ildə Vəfa Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Yenidən diplomatik xidmətə qaytarılan Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

Vəfa Quluzadə 1990-ci ildə Azərbaycana qayıdır və əvvəlcə Əbülfəz Elçibəy, sonra isə Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib və Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak edib.

1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

Vəfa Quluzadə ərəb, rus, ingilis və fars dillərini bilirdi.