Gürcüstanda marixuananın qanuniləşdirilməsinə çağırırlar

Fotonun müəllifi BBC World Service
Image caption "Marixuananı tanrı yaradıb. Biz tanrıya inanırıq", - plakatda deyilir.

Çərşənbə axşamı Tbilisidəki hökumət evinin qarşınına toplaşan yüzlərlə gənc marixuana istifadəsinə görə cinayət məsuliyyətinin ləğv edilməsinə səsləyiblər.

"Həbs etmə!", "Mən cinayətkar deyiləm!" şüarları altında keçirilən aksiya parlamentdə marixuanadan istifadənin dekriminallaşmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsindən əvvəl təşkil olunub.

“Biz hökuməti marixuanadan istifadəyə görə adamları həbsə atmamağa səsləyir və parlamentə təqdim edilən qanun layihəsini dəstəkləyirik”, aksiya təşkilatçılarından biri Lekso Macavariani bildirir.

Belə aksiyalar Gürcüstanda artıq 3 ildir ki, keçirilir.

Hazırkı qanunvericilik marixuana da daxil olmaqla qeyri-satış məqsədilə az miqdarda narkotik maddələrin əldə olunması və istifadəsinə görə 500 lari (220 dollar) məbləğində cəriməni nəzərdə tutur.

Qanunu bir il ərzində təkrarən pozan şəxs isə cinayət məsuliyyətinə cəlb olunur.

Yaşıl rəng və musiqi

Tbilisinin mərkəzində keçirilmiş aksiya etiraz nümayişindən daha çox gənclərin açıq səma altında toplaşması təssüratı yaradırdı. Belə ki, elektron musiqisilə müşayiət olan tədbirdə çağırış və çıxışlar səslənmirdi. Polis isə fəalların yığıncağını kənardan izləyirdi.

Aksiya iştirakçılarının geyimlərində rəmzi sayılan yaşıl rəngi və kətənə yarpaqlarının görüntüləri nəzərə çarpırdı.

Fotonun müəllifi BBC World Service
Image caption Aksiya iştirakçıları marixuanaya görə insanların həbs edilməsinə son qoymağı tələb ediblər.

"Zənnimcə bü gün belə bir şeylər baş verməməlidir. Adamları tutmamalı, alçaltmamalı və testdən keçməyə məcbur etməməlidirlər. Belə qanunlara görə bir çox dostum əziyyət çəkib”, - Şota adlı aksiya iştirakçısı deyir.

Aksiyaya velosipedlə gələn Demetre Xurtsilava ölkənin leqallaşmaya hazır olmadığı qənaətindədir. Hərçənd ki, o, marixuanaya görə azadlıqdan məhrum etməni qeyri-adekvat cəza hesab edir.

Fotonun müəllifi BBC World Service
Image caption Demetre Xurtsilava marixuananı alkoqol və tütün ilə müqayisə edir.

"Mən demirəm ki, marixuana yaxşıdır və onun istifadəsi sağlam həyat tərzinə uyğundur. Onun siqaret və alkoqol kimi ziyanlı xüsusiyyətləri var. Lakin biz hamımız razılaşırıq ki, marixuana üçün cəza türmə olmamalıdır.”

Marixuananın dekriminallaşdırılması ilə bağlı “2 iyun” hərəkatı 4 il əvvəl yaranıb. Lekso Maçavarianinin sözlərinə görə, bu müddət ərzində hərəkat qanunverciliyi dəyişdirməyə nail ola bilməyib. Lakin kampaniya nəticəsində ictimaiyyətin məsələyə münasibətində əhəmiyyətli dəyişiklik baş verib.

“Biz 2011-ci ildə mövzu üzərində işləməyə başlayarkən, o tabu idi. Bu gün cəmiyyət artıq daha yetkindir və biz bəsit həqiqətləri izah etməli olmuruq. Aşağı-yuxarı bütün sosial qruplar razılaşırlar ki, marixuananın istifadəsində görə adamları barmaqlıqlar arxasına atmaq düzgün deyil.”

Dekriminallaşma: lehinə və əleyhinə

Maçavariani ümid edir ki, bu aksiya deputatlara təsir göstərərək onları parlamentə təqdim olunmuş qanun layihəsini dəstəkləməyə sövq edəcək.

Müxalifətçi deputat Qoqa Xaçidzenin təşəbbüsü ilə hazırlanmış qanun layihəsi marixuana və çətənənin qəbulu, alınması və alver-məqsədi olmadan saxlanmasına görə cinayət məsuliyyətinə cəlb edilməməyi və inzibati cərimənin azaldılmasını nəzərdə tutur.

Fotonun müəllifi BBC World Service
Image caption Nümayişçilərin sözlərinə görə, cəmiyyətdə marixuanaya münasibət dəyişib.

Parlamentin müxalifətdən olan üzvləri bu qanun layihəsini dəstəkləyirlər.

Hakim partiya və hökümətin bu məsələyə münasibəti isə birmənalı deyil.

Fotonun müəllifi BBC World Service
Image caption Fəallar təslim olmaq niyyətində deyillər

Ədliyə nazirinin birinci müavini Aleksandr Baramidzenin sözlərinə görə, Gürcüstan hazırkı mərhələdə marixuananın dekriminallaşdırılmasına hazır deyil.

Manipulyasiya aləti?

"Alternativa Georgia" təşkilatının rəhbəri David Otiaşvili marixuananın tam leqallaşdırılmasının tərəfdarıdır.

"Marixuana insan üçün alkoqoldan daha təhlükəsizdir, lakin marixuanaya görə minlərlə adam həbsxanalarda saxlanılır", Otiaşvili deyir.

"Mövcud qanunvericilik DİN-ə böyük sayda insanı nəzarətdə saxlamaq, onlarla manipulyasiya etməyə imkan yaradır", David Otiaşvili hesab edir.

Fotonun müəllifi BBC World Service
Image caption Aksiya 2013-cü ildən başlayaraq hər il iyun ayının 2-də keçirilir.

Onun qənaətincə, hazırkı qanunvericilik böyük sayda insanı məsuliyyətə cəlb etməyə imkan verir.

İnsan haqlarının monitorinqi və öyrənilməsi mərkəzinin hüquqşünası Quram İmnadzenin sözlərinə görə, marixuana ilə bərabər digər narkotik maddələr də dekriminallaşmalıdır.

"İnzibati və cəza tədbirləri özünü doğrultmayıb", İmnadze vurğulayıb.

Parlamentin müzakirəsinə çıxarılmış, marixuananın qəbul edilməsinə görə cinayət məsuliyyətinin ləğvi barədə qanun layihəsi, onun sözlərinə görə, hazırkı mərhələ üçün "müəyyən kompromisdir".

Bu barədə daha geniş