Axalkalakidən reportaj: "Burada hələ də Sovet ab-havası hökm sürür"

Burada hələ də Sovet ab-havası hökm sürür, dövlət idarələri də Sovet İttifaqının məhsuludur, xaricdən müasir üslubda təmir olunsa da, içərisinə daxil olarkən köhnəlik qoxusunu daha rahat duymaq olur. Burada yeni çoxmərtəbəli tikililərə demək olar ki, rast gəlmək mümkün deyil.

Gürcüstanın Samsxe Cavaxetiya regionunun Axalkalaki şəhəri paytaxt Tbilisidən 278 km aralıda yerləşir. Region əhalisinin 95 faizi erməni millətindən olan insanlardır.

Şəhəri gəzərkən 24 aprel hadisələri ilə bağlı afişalara, “Ararat” adlı mağaza və hotelə rast gəlmək mümkün idi. Meydanın mərkəzində erməni əlifbasının yaradıcısı hesab etdikləri Meştop Maşstosun heykəli var. Axalkalakidə ermənilər üçün ucaldılmış abidələrin üzərində yalnız ermənicə yazılıb.

Fərdi şəxslərə məxsus obyektlər üzərindəki yazılar isə yalnız ruscadır. Belə bir təəssürat yaranır ki, gürcü dilindəki yazılar yalnız texniki xarakter daşıyır. Çünki, əhalinin əksəriyyəti gürcü dilini bilmir.

Ən hündür binalar “xruşşovka” tipli beşmərtəbələrdir. Şəhərin özü kimi əhalisinin də problemləri ənənəvi və köhnədir.

İnteqrasiya dərdi

Axalkalaki əhalisinin əsas problemi Gürcüstanın Rusiya ilə diplomatik münasibətlərinin pozulması və rəsmi Tbilisinin Avropa İttifaqı ilə Assosiativ Sazişin imzalanmasından sonra viza rejiminin tətbiqidir.

Belə ki, regionda işsizlik problem olduğu üçün yerli ermənilər iş dalınca ya Rusiyaya, ya da Ermənistana gedirdilər.

2007-ci ildə Rusiya ilə yaranmış diplomatik münaqişə Gürcüstan vətəndaşı olan ermənilərin bu ölkəyə qazanc dalınca getməsinin qarşısını alan ilk mərhələ oldu.

Bundan sonra, yerli ermənilər Gürcüstan vətəndaşlığından çıxaraq, Rusiya və ya Ermənistan vətəndaşlığını qəbul etdilər. Belə ki, Gürcüstan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir, həm də Assosiativ Sazişin imzalanmasından sonra viza rejiminin tətbiqi problemin mövcudluğunu daha da dərinləşdirdi.

Axalkalaki Sakrebulosunun, yəni bələdiyyəsinin sədri Hamlet Movsesyan təsdiqləyir:

“Bizim ərazi kartofçuluqla çox məşhurdur, amma kartof əkib-becərməklə ailə saxlamaq olmur, ona görə də əhali Rusiyada işləmək üçün o ölkənin pasportunu alırdılar. Təbii ki, məqsəd buradan köçüb getmək deyil, onların ailəsi, mülkiyyəti hamısı buradadır, tək istəkləri qazancdır.” İcra başçısı çalışmaq üçün Türkiyəyə gedənlərin də olduğunu deyir.

“Amma bu rəqəm çox azdır, ola bilsin ki, 30 nəfər ola, ya olmaya. Həm də Rusiyada iş tapmaq çox asandır, çünki əksəriyyətinin qohumu orada yaşayır”, o əlavə edir.

Axalkalaki İcra Hakimiyyətinin rəhbəri Eduard Ağasaryan deyir ki, insanlar vətəndaşlıqdan məhrum olsalar da, onların əksəriyyəti müvəqqəti yaşayış sənədi ilə təmin edilib. “Belə ki, bu, onlara vətəndaşlıq kimi bütün hüquqları verir, yalnız seçkidə iştirakdan başqa.”

Sosial problemlər

Əhalinin sosial problemlərinin artmasına səbəblərdən biri kimi 2007-ci ildə 62-ci Rusiya hərbi bazasınının ölkədən çıxarılması göstərilir.

Baza Sovet İttifaqının regionda əsas dayaq məntəqələrindən idi. Çünki, Türkiyə ilə sərhəddə yerləşən Cavaxetiya Sovet İttifaqı üçün həssas bölgə olduğundan bura insanların giriş-çıxışı üçün məhdud ərazi idi.

Belə ki, Axalkalakiyə və regionun digər yaşayış məntəqələrinə giriş xüsusi buraxılışla həyata keçirilirdi.

2007-ci ildə o zamankı dövlət başçısı Mixeil Saakaşvilinin göstərişi ilə Rusiya hərbi bazaları bütün Gürcüstan ərazisindən çıxarıldı.

Rus qoşunlarının Axalkalakidə olması ona görə yerli əhali üçün əlverişli idi ki, hərbçilər, onların ailələri bütün alış-verişlərini yerli əhali ilə aparırdılar, onların məhsullarından faydalanırdılar.

Rus hərbçiləri getdikdən sonra onların yaşadıqları 700 mənzil Axalkalaki İcra Hakimiyyətinin ixtiyarına verilib.

Qeyd olunur ki, hərbçilər buradan gedərkən evləri yerli əhaliyə satıblar ki, bu da müəyyən problemlər yaradıb.

Hazırda bu evlərin bəzilərində yaşayış var, orada məskunlaşanların hamısı kəndlərdən gələn ermənilərdir. İcra hakimiyyətinin başçısı deyir ki, mənzillər Sakrebulonun tərtib etdiyi meyarlar əsasında verilir- bunlar əsasən çoxuşaqlı, imkansız ailələr, himayəsində azyaşlı övladı olan analar və əlilliyi olan şəxslərdir.

Dərslik problemi

Cavaxetiyada vətəndaş cəmiyyəti və yerli QHT-lərlə keçirdiyimiz görüş zamanı səsləndirilən problemlər arasında işsizlik, səhiyyə, kadr çatışmazlığı, təhsil, inteqrasiya kimi məsələlərə toxunuldu.

Yerli əhalini ən çox düşündürən məsələ erməni dilində olan dərsliklərin Gürcüstana buraxılmamasıdır. Vətəndaş cəmiyyəti nümayəndələrinin sözlərinə görə, hansısa ciddi əsas göstərilmir.

“Haradasa başa düşmək olar ki, tarix kitablarını buraxmaqda müəyyən ehtiyat edirlər, amma dil, biologiya, fizika, kimya dərslikləri niyə buraxılmır, bunu anlamaq olmur.”

Movsesyanın sözlərinə görə, bu məsələ Ermənistan və Gürcüstanın Təhsil Nazirlikləri arasında müzakirə olunub. “Hər iki ölkənin nazirləri qarşılıqlı səfərlər etdilər, ümid edək ki, yaxın zamanda məsələ həllini tapacaq.”

Növbəti problem isə gürcü dili ilə bağlıdır. Bu da, insanların inteqrasiya problemini sürətləndirir. Cavaxetiyada yaşayan əhali erməni dilinə regional status verilməsinin tərəfdarıdır.

Axalkalakidə fəaliyyət göstərən jnews saytının əməkdaşı deyir ki, əhali ancaq Rusiya və Ermənistan TV-lərinə baxır.

“İnanın ki, Rusiya və Ermənistan qanunlarını Gürcüstan qanunlarından daha yaxşı bilənlər var. Çünki, oxumaqa, işləməyə ancaq oralara getdiyimizdən daha çox maraqlanırıq”.

“Separatçılıq yoxdur”

Cavaxetiya haqqında danışarkən burada yaşayan ermənilərin separatizmə meylli olmaları və mütəmadi olaraq Gürcüstandan ayrılaraq Ermənistana birləşmələri ilə bağlı fikirlərin səsləndirildiyi deyilir.

QHT-lərlə görüşdə ekspert qismində dəvət olunmuş politoloq Gela Vasadze hazırda regionda separatizm təhlükəsinin olmadığını qeyd edib:

“Tbilisidə və ümumiyyətlə Gürcüstanda yaşayan orta statistik gürcüyə izah etmək lazımdır ki, məhz iki səbəbdən separatizm riski mövcud deyil. Birincisi, regionun Ermənistana birləşdirilməsinin hansısa üstünlüyü yoxdur, bu, yerli əhalinin sosial, iqtisadi problemlərini həll etmir, ikincisi də, Ermənistan dövləti Gürcüstanın ərazi bütövlüyünü tanıyır,” Vasadze deyir. Onun sözlərinə görə, Tbilisidən baxanda əsas siyasi risk regionun Rusiyadan asılılığı görünür.

Görüşdə iştirak edən politoloq Coni Melkonyan da Ermənistanla Gürcüstan arasında siyasi problemin olmadığını deyir.

“Mən mütəmadi regionda oluram və burada hansısa separatizmin olmadığını görürəm. Yəqin ki, bu tip meyllər ötən əsrin 90-cı illərində nəzərə çarpıb”.

Bu sözlərdən sonra erməni politoloqun sözünü kəsən Norik Karapetyan, “Cavax xalq hərəkatı”nın sədri çıxışa başladı: “1991-ci ildə Gürcüstanda referendum keçirilərkən, Axalkalaki əhalisinin 90 faizi bu ölkənin müstəqilliyinə səs verdi. Abxaziya və Acarıstanda isə əleyhinə səs vermişdilər. Burada separatçılıq yoxdur, bu ərazi hansısa siyasətçilərin manipulyasiya alətinə çevrilib. Bizi rahat buraxın!”

"Azərbaycanlılar da.."

Tədbirdən sonra Norik Karapetyanla söhbətimiz zamanı qeyd etdi ki, onların məqsədi mövcud problemləri səsləndirib mərkəzi hökumətin diqqətinə çatdırmaqdır.

“Sizin yerlirləriniz (azərbaycanlılar) yaşayan Kvemo-Kartlidə də bizdəki problemlər mövcuddur. Göründüyü kimi, sosial-iqtisadi problemlərdən yalnız ermənilər deyil, azərbaycanlı milli azlıqlar da əziyyət çəkir. Təsəvvür edin ki, hökumət bizim problemlərimizi elə bizim özümüzlə müzakirə edib həll etməkdənsə Ermənistan və Azərbaycan nazirləri ilə görüşür. Əsas görüşməli olan adamlar da bizik,” Karapetyan əlavə edir.

“Azərbaycanlılar da problemlərini səsləndirirlər, amma bugünədək kimsə onları separatçılıqda günahlandırmayıb, amma sizinlə vəziyyət fərqlidir, bunu necə izah etmək olar” sualına o belə cavab verir:

“Biz məsələyə daha sərt yanaşırıq, problemlərimizi çox ciddi formada qabardıb həllini tələb edirik. Həm də Kvemo Kartlidən fərqli olaraq, bizdə əksər rəhbər vəzifələrdə ermənilər oturub, doğrudur, onlar da mərkəzi hökumət nə deyir, onu edirlər, çox az adam müstəqildir. Amma bir məsələ də var ki, bizdə orta məktəb diretoru öz millətimizin nümayəndəsidir, Kvemo Kartlidə isə yerli məktəblərə gürcülər rəhbərlik edir”.

Bakı-Qars-Axalkalaki dəmir yolu

“Biz erməni olduğumuza görə dəmiryolunun tikintisində iştirak edə bilmirik, çünki tikintini Azərbaycan tərəfi aparır” - demək olar ki, hər addımbaşı eşitdiyimiz əsas cümələlərdən biri bu idi.

Dəmir yolunun tikildiyi ərazidə yerləşən Kartsax kəndinin sakinləri onlara iş verlmədiyindən narazılıq edirdilər.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin internet səhifəsindən oxuyuruq: “Dəmiryolunun Gürcüstan hissəsinin tikintisini «Azərinşaatservis» şirkəti həyata keçirir, “Azərbaycan Dəmir Yolları” QS C «Dəmiryolservis» MMC-nin kollektivi podratçı təşkilat kimi layihədə iştirak edir.

Dəmir Yolları İdarəsinin özünü təqdim etməyən yüksək vəzifəli rəsmisi sualımızı çox qısa cavablandırdı. “Tikinti prosesində azərbaycanlı fəhlələrlə yanaşı ermənilər də işləyir. Özüm görmüşəm.”

Tikinti prosesi ilə tanış olmaq üçün Gürcüstan-Türkiyə Kartsax gömrük postunda olduq. Əraziyə Gürcüstanın Sərhəd Xidmətinin əməkdaşları ilə yollandıq. Ərazidə hazırda iş gedir, amma prosesi detallı izləmək mümkün olmadı, sərhədçilər nə suallarımıza cavab verdilər, nə də tikinti prosesini izləmək imkanımız oldu.

Gördüyümüz yalnız tikintisi tam başa çatmamış Kartsax Nəzarət Buraxılış Məntəqəsi, tamamlanmış dəmir yolu xətləri, qazılmış tunel və torpaq daşıyan iritutumlu maşınlar oldu. Axalkalakidə fəaliyyət göstərən jnews saytının yazdığına görə, hazırda həmin məntəqədə 5 nəfər yerli vətəndaş çalışır.

“Onlar üç aydır ki, orada çalışırlar, əsas vəzifələri maşınlar üçün dayaqlar quraşdırmaqdır və qısa zamanda işlərini başa çatdıracaqlar,” sayt yazır.