Jurnalist Rasim Əliyev dəfn edilib

rasim_aliyev

Avqustun 8-də naməlum şəxslər tərəfindən döyülən və bu gün səhər saatlarında dünyasını dəyişən jurnalist Rasim Əliyev Mehdiabad qəsəbəsindəki qəbirstanlıqda dəfn olunub.

Dünən 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən jurnalistin gecə saatlarında vəziyyəti ağırlaşıb və o, əməliyyat olunub.

Həkimlər xəstənin daxili qanaxma nəticəsində dünyasını dəyişdiyini bildiriblər.

Dəfn mərasimində bir çox siyasi və ictimai xadimlər və jurnalistlər iştirak ediblər.

Məlumatlara görə, Rasim Əliyev ötən gün Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb.

Anası Seyfurə Əliyevanın BBC Azərbaycancaya danışdığına görə, həmin gün Rasim Əliyev əvvəlcə telefonda bir neçə şəxslə mübahisə edib. Daha sonra həmin şəxslər ona təkrar zəng vuraraq "üzr istəmək üçün" görüş təyin ediblər.

"Mən ona yalvardım ki, getməsin. Ya da heç olmasa yanında bir-iki nəfər dostunu aparsın. Amma qulaq asmadı. Dedi kafedə oturub söhbət edəcəklər", Seyfurə Əliyeva bildirir.

Seyfurə Əliyeva onu da deyir ki, əməliyyat zamanı mərhumun dalağı çıxarılıb və məlum olub ki, sınmış 4 qabırğa ağciyəri zədələyib.

Rasim Əliyev son müsahibəsində döyülməyinin səbəbini Facebook sosial şəbəkəsində futbolçu Cavid Hüseynovla bağlı yazdıqları ilə əlaqələndirib.

Atası Məmmədəli Əliyevin sözlərinə görə, yas mərasiminə gələn və özünü Səbail rayon prokurorunun köməkçisi adlandırmış şəxs, yaxın 2-3 gündə günahkarların həbs olunacağına söz verib.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-ya açıqlamasında jurnalistin vəfatı ilə bağlı məsələlərin Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürüldüyünü və ciddi araşdırıldığını deyib.

Ə. Həsənov qeyd edib ki, hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məslələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

“Dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik”, Əli Həsənov vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da açıqlama verərək "Rasim Əliyevin ölümündə günahkar olanlar tezliklə tapılıb cəzalandırılmalıdır" deyib.

Onun sözlərinə görə, sosial şəbəkədə yazılan statusların etik çərçivəni aşması həm Mətbuat Şurasını, həm də ayrı-ayrı ziyalıları çoxdan narahat edən məsələdir.

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Rasim Əliyevin ölümü ilə bağlı birgə məlumat yayıb.

Məlumata görə, faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (ölümlə nəticələnmiş sağlamlığa qəsdən ağır zərər vurulması) maddəsi ilə cinayət işi başlanıb və şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

"Qəbələ" klubunun futbolçusu Cavid Hüseynov isə jurnalistin ölümünə özünün Facebook səhifəsində münasibət bildirib.

O, jurnalistlərin əksəriyyətinin hadisəyə "haqsız yanaşdığını" və günahsız olduğunu bildirib.

"Allahdan jurnalist Rasim Əliyevə rəhmət diləyirəm. Ruhu şad olsun. Çoxu məni tənqid edir ki, sənin dostların öldürüb onu. Amma yox, bu, belə deyil. Mən heç kimə imkan vermərəm ki, mənə görə kimisə öldürsünlər. Hamı az qala mənə qatil adı verir. Mənim günahım olmaya-olmaya məni ləkələmək istəyirlər. Bizə düşmən lazım deyil, vallah. Adamın başının üstündə Allah var", statusda bildirilir.

Mərhum jurnalistin atası Məmmədəli Əliyev müxbərlərlə danışıb. Onun sözlərinə görə, oğlu döyüldükdən sonra xəstəxanaya çatdırılıb, bir neçə saatdan sonra isə "birdən-birə halı pisləşib".

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bu barədə daha geniş