Rublun məzənnəsi neftlə birgə düşür

Rubl Fotonun müəllifi AFP
Image caption Neftin ucuzlaşması Rusiya rublunu da aşağı dartır

Dünya neft qiymətlərinin düşməsi fonunda bazar ertəsi birja satışının başlanğıcında rublun dollara və avroya nisbətdə məzənnəsi fevral ayından bəri ən aşağı həddə enib.

Günün əvvəlində dolların qiyməti 44 qəpik artaraq 65 rubl 44 qəpik olub. Avronun məzənnəsi isə 47 qəpik artaraq bir avro üçün 72,65 rubl olub.

Analitiklər rublun məzənnədən düşməsinin səbəbini ucuzlaşmaqda olan neft qiymətlərində görürlər.

Səhər saatlarında Brent markasından olan neftin oktyabr ayına proqnoz qiyməti 0,56 dollar enərək bir barrel üçün 48,63 dollara çatıb.

Dünya neft qiymətlərinin bu həftənin başlanğıcındakı enişi neft bazarında təklifin tələbdən xeyli yüksək olması ilə əlaqələndirilir.

İnvestorların fikrincə, İran üzərindən sanksiyaların qaldırılması neft hasilatını artırmaqla qiymətlərin daha da enməsinə səbəb olacaq.

Neft qiymətlərinin dinamikasına habelə Yaponiya iqtisadiyyatına dair göstəricilərin açıqlanması mənfi təsir göstərib.

Bu nəticələrə görə Yaponiya ÜDM-i ikinci rüb üçün 0,5 faiz azalıb.