Özbəkistan: muzey direktorunun işdən qovulması qalmaqal yaradıb

Fotonun müəllifi SAVTSKY ART MUSEUM
Image caption Savitski Muzeyinin işçiləri direktoru dəstəkləyib

Özbəkistanda yerləşən məşhur rus avanqard incəsənəti muzeyinin direktorunun gözlənilmədən işdən qovulması qalmaqala səbəb olub.

Bazar ertəsi, yerli hökumət heç bir səbəb göstərmədən Marina Babanazarovanı Savitski Muzeyinin rəhbərliyindən azad edib.

Lakin Babanazarova bildirir ki, bu qərar onun orijinal rəsmləri oğurlayaraq saxtaları ilə əvəz etməsi ittihamı ilə bağlıdır.

O, bu ittihamları “absurd” və “əsassız” adlandırır.

Muzey ərazisinin yerləşdiyi Qaraqalpaq Mədəniyyət və İdman Nazirliyindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Muzeyin işçiləri hökumətin qərarı ilə bağlı etiraz bəyanatı verib. Bu addım Özbəkistan üçün nadir hal hesab oluna bilər, belə ki, ölkədə etiraz etməyə yol verilmir.

Bəyanatda deyilir ki, işçilərin muzey direktorunun düzgünlüyünə şübhəsi yoxdur və bütün eksponatların hamısı öz yerindədir.

Zəngin tarix

1984-cü ildən bəri muzeyin direktoru olmuş Babanazarova BBC-yə müsahibəsində bildirib ki, onun üçün işdən qovulma qərarı “tamamilə gözlənilməz” olub.

O deyir ki, originalları saxta ilə əvəz etməsi ittihamı “muzey rəhbərliyini nüfuzdan salmaq məqsədi daşıyır. Kimsə məni buradan uzaqlaşdırmaq istəyir”.

Qaraqalpaq Dövlət İncəsənət Muzeyi adı ilə də tanınan, Savitskiy Muzeyində 90,000-dən artıq sənət əsəri yerləşir.

Bura həm də rus avanqard əsərlərinin ən çox toplandığı dünyada ikinci məkandır. Ən böyük avanqard əsərlər kolleksiyası isə Sankt-Peterburqda yerləşən Rusiya Dövlət İncəsənət Muzeyində cəmlənib.

İncəsənət sevərlər üçün Savitskiy Muzeyinin uzaq ərazidə, Özbəkistan Qaraqalpaq Muxtar Respublikasında yerləşməsi isə muzeyi daha da cəlbedici edir.

Buranın rəsmləri və tarixi ziyarətçiləri məftun edir. Fəhlələrin yalnız məsud simasını təsvir etmək icazəsi verilən “sosial realizm” dövründə, muzeyin təsisçisi İqor Stravinski Mərkəzi Asiya və Rusiya İncəsənətini toplayaraq bir növ sovet təbliğatına qarşı meydan oxumuşdu.

Fotonun müəllifi BBC World Service
Image caption Aleksey Ribnikovun "Apokalipsis" əsəri də daxil olmaqla muzeydə rus avanqard incəsənətinə aid bir sıra əsərlər saxlanılır