Kreml: Sinay qəzasının səbəblərilə bağlı versiyalar spekulyasiyadır

Fotonun müəllifi Ria Novosti
Image caption Dmitri Peskov qəza barədə cümə axşamı günü danışıb.

224 adamın ölümü ilə nəticələnən təyyarə qəzasının səbəbləri barədə versiyalar hazırkı mərhələdə spekulyasiyadır, Krem bildirib.

"Hələ ki, istintaqdan heç bir bəyanat eşitməmişik. Hər hansı bənzər ehtimallar yoxlanılmamış məlumat və yaxud da müəyyən spekulyasiya xarakteri daşıyır”, - Rusiya prezidentinin mətbuat katibi deyib.

Dmitri Peskov əlavə edib ki, hazırda heç bir versiyanı istisna etmək olmaz.

Rusiya prezidentinin mətbuat katibi qəzaya İslam Dövləti qruplaşmasının aiddiyyatı ilə bağlı məlumatlara görə Misirdən uçuşların müvəqqəti dayandırılması barədə Britaniyanın qərarını şərh edib.

"Harasa uçub və yaxud da uçmamaq barədə qərar vermək Britaniyanın suveren haqqıdır. Rusiya təyyarələrinin reysləri davam etməkdədir", - deyən Peskov əlavə edib ki, Britaniyanın qərarı "hansısa partlayış ehtimalı barədə iddialara və yenə də hansısa məlumatlara əsaslanır".

Cümə axşamı Britaniyanın xarici işlər naziri Philip Hammond deyib ki, qəzaya İslam Dövləti qruplaşmasının aidiyyatı olduğunu istisna etmək olmaz.

İslam Dövləti qruplaşması qəzaya görə məsuliyyəti öz üzərinə götürdüyünü elan edib.

Bazar ertəsi, Kogalymavia hava yolları şirkəti qəzaya səbəb kimi "xarici təsirin" olduğunu göstərib. Lakin aviasiya nəqliyyatına nəzarət edən Rosaviasiya qurumu bu cür fikirlərin heç bir fakta əsaslanmadığını deyib.

Kogalymavia şirkətinə məxsus Airbus A321 təyyarəsi oktyabrın 31-də Şarm əl-Şeyxdən Sankt-Peterburqa yollanarkən Sinay yarımadası üzərində qəzaya uğrayıb. Göyərtədə olan 224 adam həlak olub.

Bu barədə daha geniş