Ermənistan: futbol fanatları federasiya sədrinin istefasını tələb edir

Yerevanda futbol azarkeşləri Ermənistan Futbol Federasiyası sədrinin istefası tələbilə nümayiş keçiriblər. Onlar milli komandanın il ərzində pis nəticələr göstərməsində Federasiya sədrini günahlandırırlar.

Özlərini “İlk erməni futbol cəbhəsi” futbol fanatları klubu adlandıran bir neçə yüz nəfərdən ibarət bir qrup gənc paytaxt Yerevanın mərkəzindən “Ermənistan futbolunu xilas etmək”, “Normal futbol istəyirik” çağırışları ilə keçərək, Futbol Federasiyası önündə toplaşıblar.

Fanatlar yürüş əsnasında petard partladırlar, polis onları müşayiət edir. Federasiya qarşısında partlayış törədən bir neçə gənci tutub polis avtomaşınına mindiblər və 10-15 dəqiqədən sonra onları da sərbəst buraxıblar, BBC Azərbaycancanın Yerevan müxbiri bildirir.

Nümayiş iştirakçıları Ermənistanda futbolun vəziyyətindən və bu idman növü üzrə milli komandanın son il göstərdiyi nəticələrdən narazıdırlar.

Ermənistan milli futbol komandası 2016-cı il Avropa Çempionatının seçmə mərhələsində “I” qrupda yarışan komandalar arasında ən az - cəmi 2 xalla sonuncu yeri tutub.

Fanatlar bunda “futbola aidiyyəti olmayan” biznesmen, hakim Respublikaçılar Partiyasının üzvü Ruben Hayrapetyanı günahlandırırlar.

Onlar üç tələb irəli sürüb Federasiya rəhbərliyinin cavabını gözlədiklərini bəyan ediblər.

Başlıca tələb – Ermənistan milli komandası üçün təcrübəli xarici məşqçi dəvət etməkdir. Hazırda yığma komandanın məşqçisi vəzifəsində təzəcə futbolçu karyerasının başa vurmuş Sarkis Hovsepyan çalışır.

Bundan başqa, futbol fanatları Federasiya rəhbərliyini məşqçilərin işinə müdaxilə etməmək, özlərinin istədikləri yox, yaxşı oyun “formasında” olan futbolçuları dəvət etməyi tələb edirlər.

Daha bir tələb bilet qiymətlərinə aiddir. Fanatlar “əksəriyyəti 80-100 min dram (160-200 dollar) maaş alan” əhali üçün ən ucuz futbol biletinin qiymətini - 4 min dramı baha hesab edirlər.

Federasiyadan bildiriblər ki, hazırda Federasiya sədri ölkədə deyil.

Bir saat cavab gözlədikdən sonra etirazçılar Ermənistan Futbol Federasiyasının sədri Ruben Hayrapetyanın istefasını tələb etməya başlayıblar və noyabrın 20-də keçiriləcək aksiya zamanı əsas tələbin Federasiya sədrinin istefası olacağını deyiblər.