Ermənistan: "yoxsulların sayı azalıb"

Ermənistanda yoxsulluq səviyyəsi 2 faiz aşağı düşüb və əvvəlki ilə nisbətən 2014-cü ildə rəsmən 30 faiz təşkil edib, Ermənistan Milli Statistika Xidmətinin (MSX) bu gün jurnalistlərə təqdim etdiyi məruzəsində deyilir.

Dünya Bankının iştirakı ilə hazırlanmış “Ermənistanın yoxsulluq və sosial mənzərəsi” sərlövhəli məruzəni təqdim edən Ev Təsərrüfatları üzrə Tədqiqatlar Şöbəsinin rəisi Diana Martirosova araşdırmalara təxminən 5200 ev təsərrüfatı cəlb edildiyini bildirib.

Araşdırmanın məqsədi Ermənistanda 2008-2014-cü illərdə sosial vəziyyətin və yaşayış səviyyəsinin qiymətləndirilməsi olub.

Diana Mertirosovanın sözlərinə görə, araşdırma zamanı yoxsulluq səviyyəsinin həddi aylıq 40 min 264 dram (cari məzənnəyə görə, təxminən 84 ABŞ dolları) əsas götürülüb, yəni - 2014-cü ildə 10 Ermənistan vətəndaşından üçü ay ərzində bütün tələbatlarını 84 dollardan az pula ödəməli olub.

Rəsmi statistikaya görə, Ermənistanda yoxsulluq səviyyəsi 2010-cu ildən enməyə başlayıb: həmin ildə yoxsulluq səviyyəsi 35,8 faiz təşkil edirdi, 2014-cü ildə isə bu rəqəm 30-a enib.

Lakin bu göstərici üzrə Ermənistan 2009-cu il iqtisadi böhranından əvvəlki səviyyəyə çatmayıb. MSX məlumatlarına görə, 2008-ci ildə Ermənistan vətəndaşlarının 27,6 faizi yoxsul olub.

“2014-cü ildə yoxsulların ümumi sayı təxminən 900 min təşkil edib, onların 330 mini – çox yoxsul, 70 mini – son dərəcə yoxsul olub”, - Diana Martirosova deyib.

Paytaxt Yerevanda 2014-cü ildə yoxsulluq səviyyəsinin rəsmən 25,2 faiz təşkil etdiyi bildirilir.

Bu barədə daha geniş