Moskva: Türkiyə səfirliyi yumurta, daş və butulka atəşinə tutulub

Rusiyanın Su-24 təyyarəsinin Suriya sərhədi yaxınlığında vurulması ilə bağlı Türkiyənin Moskvadakı diplomatik missiyasının qarşısına toplaşan yüzlərlə aksiya iştirakçısı səfirlik binasına yumurta, daş, butulka və boya qutuları atıblar, hadisə yerindən BBC müxbiri Oleq Boldırev xəbər verir.

Səfirliyin bir neçə pəncərəsi sındırılıb. Polis aksiyaya müdaxilə etməyib və iştirakçılar arasında saxlanılan olmayıb.

Çərşənbə günü baş verən aksiyadan sonra nümayişçilər dağılışmağa başlayıblar.

bbcrussian.com saytına danışan səfirliyin mətbuat katibi Orhan Gazigil binaya butulka atıldığı üçün işçilərin dəhlizə çıxmaqdan çəkindiyini deyib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Səfirlik həmçinin bildirib ki, binaya iri daş və butulka atılması nəticəsində bir neçə əməkdaş yüngül xəsarət alıb.

Bundan bir gün əvvəl səfirliyin qarşısında 600 adam toplaşmışdı. Çərşənbə axşamı aksiyası "Arxadan zərbə vuran" və "Türkiyəyə getmirəm!" şüarları altında keçirilib.

Etirazlara səbəb Türkiyə tərəfindən Suriya sərhədi yaxınlığında Su-24 təyyarəsinin vurulması olub.

Ankara bəyan edib ki, Rusiya təyyarəsi Türkiyə hava məkanını pozub. Rusiya prezidenti isə təyyarənin Suriya ərazisinin üzərindən uçarkən vurulduğunu bildirir.

Vladimir Putin təyyarənin vurulmasını "arxadan vurulan zərbə" adlandırıb.

Bu barədə daha geniş