Ermənistan Təhlükəsizlik Xidməti izah edir

Image caption MTX direktoru Qorik Hakobyan "cinayətkar dəstənin zərərəsizləşdirilməsi" Ermənistanı "dəhşətli təhlükədən" qurtarıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanda təxribatlar hazırlamaqda şübhəli bilinən “cinayətkar dəstənin ifşa edilib zərərsizləşdirilməsi” tədbirlərinin ölkədə baş verən siyasi proseslərə aidiyyatı olmadığını bildirir.

“Hər halda indiki zamanda siyasi qüvvələrlə heç bir əlaqə müşahidə etmirik”, - cümə günü Yerevanda jurnalistlərə MTN direktorunun müavini Mikayel Hambarsumyan deyib.

MTX rəsmisi Ermənistan ərazisində bu dərəcədə silahlanmış, üzvlərinin sayı, mütəşəkkilliyi, qəddarlığı və təhlükəliliyi baxımından görünməmiş “cinayətkar dəstənin” aşkar edib zərərsizləşdirməyə müvəffəq olduqlarını bildirdi. Onun sözlərinə görə, dəstə daxilində rollar bölüşdürülüb, hər üzvün öz rolu, öz vəzifəsi olub.

Hazırda cinayətkar dəstənin üzvü kimi 21 nəfər həbs olunub.

Hədəflər

Ermənistan MTX direktorunun müavini, əldə edilən məlumatlara görə, “banda çoxlarının həyatı üçün təhlükəli üsulla qətllər, Ermənistanın müxtəlif şəhərlərində, o cümlədən Yerevanda, cinayətlər planlaşdırıbmış”.

Lakin konkret kimlərin öldürüləcəyinin planlaşdırıldığını Ermənistan MTX rəsmisi açıqlamayıb. Deyib ki, “banda cinayətlər törədəcəyindən cəmi bir neçə gün əvvəl zərərsizləşdirilib”.

Mikayel Hambarsumyan cinayətlərin vətəndaşlara, dövlət, siyasi xadimlərə, ayrı-ayrı hakimiyyət strukturlarına qarşı nəzərdə tutulduğunu bildirib.

O, dəstənin minlərlə dollar maliyyə dəstəyi aldığını deyib və hazırda pulların mənbəyini müəyyən etmək üzərində işləyirlər.

“Pullar Ermənistan Respublikası ərazisində təqdim edilib, lakin məbləğin alınma, əmələ gəlmə mənbəyini biz hələ aydınlaşdırmalıyıq”, - Hambarsumyan deyib.

“İslam dövləti” ilə əlaqələr

Image caption MTX direktorunun müavini Mikayel Hambarsumyan cümə "zərərsizləşdirilən cinayətkar dəstənin" İD ilə əlaqələrinin yoxlanıldığını deyib

Ermənistan MTX-si bəzi media vasitələrində “cinayətkar dəstə” üzvlərinin İslam Dövləti qruplaşması ilə əlaqəsi olduğu barədə ehtimalları yoxlamağa çalışır.

“Bilirik ki, Artur Vardanyan Suriya ərazisində olub. Onun orada nə ilə məşğul olduğunu, sözügedən təşkilatla əlaqəsi və Ermənistanda hazırlanan cinayətlərə aidiyyatı olub-olmadığını müəyyən etmək istiqamətində işləyirik”, - Mikayel Hambarsumyan deyib.

1997-ci ildən İspaniyada yaşayan 34 yaşlı Artur Vardanyan Ermənistana 2015-ci ildə gəlib.

O, “Hayots Vahan” (“Erməni sipəri“) vətənpərvərlik hərəkatını yaradıb. Facebook-da hərəkatın səhifəsi var. Hayots Vahan hərəkatının “Kəsabı azad etmək məqsədilə” yaradıldığını bildirir.

Səhifədə vətənpərvərlik ruhlu yazılar, Artur Vardanyanın audio nitqləri və müsahibələri vardır.

Məsələn, Suriyada ermənilərin məskunlaşdığı Kəsab şəhəri “radikal islamçıların” hücumuna məruz qalanda, Artur Vardanyan “silahlanıb soydaşlarının müdafiəsinə” yollanmağa çağırışla çıxış etmişdi.

Facebook səhifəsində onun Ermənistan hakimiyyəti ünvanına da tənqidi çıxışları yer tapıb.

O, korrupsiyalaşmış hakimiyyət, savadsız millət vəkilləri və “ermənilərin öz ölkəsini qoyub xarici ölkələrə qaçmağa” məcbur edildiyindən danışır.

“Təqsirsizlik prezumpsiyası”

Image caption MTX əməliyyat nəticəsində xeyli silah və hərbi sursat müsadirə edildiyini bildirir

Vəkil Levon Bağdasaryan MTX-nin xüsusi əməliyyatı nəticəsində həbs olunmuş Artur Vardanyanın ona qarşı irəli sürülən ittihamı qəbul etmədiyini bildirib.

Vəkil MTX direktoru Qorik Hakobyanın Armenpress agentliyinə müsahibəsində “dəhşətli təhlükələrin qarşısı alınıb” dediyi ilə bağlı MTN başçısı tərəfindən Artur Vardanyanın “təqsirsizlik prezumpsiyası” pozulduğunu deyib.

General-polkovnik Qorik Hakobyan müsahibəsində deyib ki, “dəhşətli təhlükənin qarşısı alınıb; dəstənin fəaliyyəti nəticəsində zərərin ölçüsünü təsəvvür etmək belə çətindir”.

Yerli mediada çərşənbə günü MTX-nın ölkədə “ağır cinayətlər törətməyi planlaşdıran cinayətkar dəstənin zərəsizləşdirilməsi” əməliyyatı ilə bağlı ikimənalı, bəzən istehzalı və əməliyyatın “səhnələşdirildiyi” ehtimal olunan şərhlərə rast gəlmək olar.

“Bu cinayətkar dəstədirsə və MTX-yə çoxdan məlum olubsa, nə üçün məhz indi, məhz bu gün, dekabrın birində müxalif “Yeni Ermənistan” itaətsizlik aksiyası başlayacağı ərəfəsində həbs edir?” - Etnoqraf Hranuş Xaratyan “Ararvot” qəzetinə deyib.

“Yeni Ermənistan” hərəkatına Qarabağ müharibəsi veteranı, keçmiş Livan vətəndaşı, “Serj Sarkisyan rejiminin” istefasını özünə məqsəd qoymuş “Müəssislər Məclisi” hərəkatının lideri Jirayr Sefilyan rəhbərlik edir.

Hərəkata həmçinin sabiq XİN rəhbəri Raffi Hovhannisyanın təsis etdiyi Jaranqutyun (İrs) Partiyası birləşib.

MTN direktoru Qorik Hakobyan əməliyyatın Konstitusiya dəyişikliyi üzrə referenduma 10 gün qalmış əməliyyatın dəyişiklik əleyhinə çıxış edən “müxalifətə təzyiq və onu qorxutmaq məqsədi” daşıdığını təkzib edib.

“MTN qeyri-siyasi qurumdur, və onun vəzifəsi Ermənistan, Ermənistan xalqının təhlükəsizliyini təmin etməkdir”, - general Qorik Hakobyan deyib.

Bu barədə daha geniş