Ermənistan: yeni konstitusiya layihəsi “qalib gəldi”

Ermənistanda bazar günü keçirilən Konstitusiya dəyişikliyi üzrə referendumun ilkin nəticələrinə görə, prezident Serj Sarkisyan hakimiyyəti tərəfindən təqdim edilən Konstitusiya layihəsi qəbul olunub.

Ermənistan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən, səsvermədə iştirak edən vətəndaşların 63,35 faizi dəyişiklik lehinə, 32,35 faizi əleyhinə səs veriblər.

İlkin rəsmi məlumata görə, yeni Konstitusiya layihəsini təxminən 830 min seçici dəstəkləyir. Bu, layihənin qəbul olunması üçün yetərli hesab ediləndən təxminən 200 min səs artıqdır.

Referendumda 1 milyon 296 min 368 vətəndaş, seçicilərin 50,51 faizinin iştirak etdiyi bildirilir.

Müxalif qüvvələr artıq referendumun nəticələrini “saxtalaşdırılmış” və “bütün saxtakarlıq üsullarından istifadə edərək” nail olunmuş kimi qiymətləndirir.

Hakim Ermənistan Respublikaçılar Partiyası və Konstitusiya layihəsini dəstəkləyən qüvvələr referendumu “irəliyə addım” hesab edirlər.

Ermənistanda bazar günü Konstitusiya dəyişikliyi üzrə ümumrespublika referendumu keçirilir.

“Yeni Ermənistan ictimai qurtuluş” cəbhəsində təmsil olunan Jaranqutyun (İrs) Partiyasının lideri Raffi Hovhannisyan referendum bülletenini nümayişkaranə şəkildə cırıb səsvermə qutusuna atıb.

Hovhannisyan jurnalistlərə bu Konstitusiya dəyişikliyinin “erməni xalqı və Ermənistan vətəndaşının real seçiminə” heç bir aidiyyəti olmadığını deyib.

“Yeni Ermənistan” hərəkatının nümayəndələri hər axşam mitinqdən sonra gecəni də Yerevanın Azadlıq meydanında oturaq tətilə davam edirlər.

Image caption İlkin rəsmi nəticələr hakim qüvvələri qane edən rəqəmləri əks etdirir

Ermənistan Mərkəzi Seçki Komissiyasından alınan son məlumata görə, saat 14-dək Konstitusiya dəyişikliyi üzrə referendumda səsvermə hüququna malik vətəndaşların 24, 26 faizi (622 643 nəfər) iştirak edib.

Jurnalistlər və müşahidəçi missiya nümayəndələri bir sıra seçki məntəqələrində və hakim Respublikaçılar Partiyasının seçki qərargahları yaxınlığında mikroavtobuslar toplandığı və səsvermə məntəqələrinə qruplarla seçici daşındığını bəyan edirlər.

Polis günortaya kimi seçki məntəqələrindən 31 qanun pozuntusu (əksəriyyəti KİV məlumatına əsasən) qeydə alındığını bildirib.

Konstitusiya layihəsi əleyhinə çıxış edən “Yox” birləşmiş təşviqat qərargahı seçki məntəqələrindən əlavə siyahılarda qeydə alınan kənd sakinlərinin Yerevanda səs verdikləri haqqında məlumatlar alındığını bildirir.

Həmin kənd sakinlərinin yaşadıqları yerlərdə səs verdikdən sonra mütəşəkkil şəkildə paytaxta gətirildiyi bildirilir.

Müxalifət Mərkəzi Seçki Komissiyası və prokurorluğun diqqətini “düşünülmüş mexanizm üzrə saxtakarlıq” edildiyinə cəlb edir.

Ermənistanın baş prokuroru Gevorq Kostanyan Yerevanın Arabkir seçki məntəqəsində jurnalistin işinə maneə törədilməsi faktı üzrə sənədlər hazırlamaq göstərişi verib.

Səsvermə 1997 seçki məntəqəsində səhər saat 8-dən axşam saat 8-dək davam edəcək.

Ermənistan seçici qeydiyyatının məlumatına görə, ölkədə səsvermə hüququna malik vətəndaşların sayı 2 milyon 550 min 323 nəfər təşkil edir.

Referenduma təqdim edilən Konstitusiya layihəsi səsvermədə iştirak edənlərin yarısından çoxunun, lakin siyahıya alınan seçicilərin dörddə birindən az olmamaq şərtilə, lehinə səs verdiyi təqdirdə qəbul olunmuş sayılır.

Yeni Konstitusiyaya əsasən, ölkədə tətbiq edilən hazırkı yarımprezidentlik idarəetmə sistemindən parlament idarəetmə sisteminə keçirilməsi nəzərdə tutulur. Prezident hazırda olduğu kimi 5 il deyil, 7 il müddətinə seçilir və onun namizədliyi ikinci dəfə irəli sürülə bilməz.

Image caption Konstitusiya üzrə refrendum kampaniyası etiraz aksiyaları ilə müşayiət olunub

Prezident seçkilərinin keçirilməsi üsulu da dəyişir. Ölkə prezidenti əvvəlki kimi birbaşa seçki vasitəsilə deyil, Milli Məclis üzvləri tərəfindən seçilir. Namizədin seçilməsi üçün millət vəkillərinin 75 faizi onun lehinə səs verməlidir.

Səsvermənin birinci turunda qalib müəyyən edilməzsə, ikinci tur keçirilir və qələbə üçün lehinə verilən səslərin 60 faizi kifayətdir.

İkinci turda da nəticə əldə edilməzsə, prezidenti millət vəkillərinin ümumi sayının yarısından çoxu müəyyən edir.

Yeni Konstitusiya üzrə ölkənin ali icraçı orqanı - baş nazirin rəhbərlik etdiyi hökumət elan edilir.

Hökumət dövlət idarəetmə sisteminin ümumi rəhbərliyini, daxili və xarici siyasətini icra edir.

Baş nazir prezident tərəfindən parlament seçkilərində qalib gəlmiş partiya və ya partiyalar blokun üzvü təyin olunur.

Referendumun gedişini 18 yerli və 4 beynəlxalq təşkilat müşahidə edir.

Müstəqillik əldə etdikdən sonra ilk Ermənistan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2005-ci ildə isə ona dəyişiklik edilib.

Konstitusiya islahatı bir sıra müxalif siyasi və ictimai qüvvələrin etirazı fonunda baş verir.

Dekabrın 1-dən Yerevanın Azadlıq meydanında etiraz aksiyası və fasiləsiz oturaq tətil elan edən “Yeni Ermənistan ictimai qurtuluş cəbhəsi” referendumun ləğv edilməsi və “hakim rejimin” istefasını tələb edir.

Təxminən 20 ictimai və siyasi qüvvənin birləşdiyi “Yox!” hərəkatı seçiciləri referendumda Konstitusiya layihəsinin əleyhinə səs verməyə çağırır. Hərəkat Konstitusiya dəyişikliyinin ikinci və son prezidentlik müddəti 2018-ci ildə başa çatan “Serj Sarkisyan hakimiyyətinin ömrünün uzadılması” məqsədi daşıdığını deyir.

Bu barədə daha geniş