Demirtaş Ankaranı tənqid edib

Fotonun müəllifi Reuters
Image caption Selahattin Demirtaş prezident Recep Tayyib Erdoğanı kinayəli atmacalarla tənqid edib.

HDP həmsədrləri Selahattin Demirtaş və Figen Yüksekdağla birlikdə Demokratik Bölgələr Partiyası – (DBP), Xalqların Demokratik Konqresi (HDK) və Demokratik Toplum Konqresi (DTK) sözçüləri Diyarbakırda mətbuat üçün bəyanat yayıblar.

Diyarbakır və bu bölgədə yaşanan hadisələrlə bağlı verilmiş bəyanatında Demirtaş "Biz çözüm yolları axtaracağıq” deyib.

O bildirib ki, bu problemi öz təşkilatları və xalqla birgə yoluna qoymağa çalışacaqlar. Demirtaş eyni zamanda parlamentdən kənarda qalmaq fikrində olmadıqlarını dilə gətirib.

HDP lideri deyib ki, partiya bütün bu məsələlərin müzakidərəsi üçün gələn həftə toplaşmağı planlaşdırır. "Biz ölüm qorxusundan keçdik və Allahdan başqa heç bir qorxumuz yoxdur” – deyib Demirtaş.

HDP lideri deyib ki, hazırda bölgədə baş verənlər vətəndaş münaqişəsi yox, işğaldır və onun partiyası bu mübarizədə kürd xalqının yanındadır. "Geri addım atmaq bu tarixi dövrün şərəfinə yaraşmaz. Biz kimsənin malını oğurlamamışıq, kimsənin haqqını qəsb etməmişik, biz öz torpaqlarımızda müstəqil və namuslu bir xalq kimi yaşamaq istəyirik və bu bizim haqqımızdır” – deyib Demirtaş.

Demirtaş prezident Recep Tayyib Erdoğanı kinayəli atmacalarla tənqid edib və onun “Putinə bir-iki gün meydan oxuyandan sonra südü dağılmış pişiyə” döndüyünü söyləyib.

HDP lideri həmçinin Erdoğanın Mosula əsgər göndərib, sonra kirmişcə onları geri çəkməsini məsxərəyə qoyub. O deyib ki, İsrailə “one minute” mesajı verib, sonra 20 milyon dollarla sövdələşən prezident kürd xalqına gələndə qoça dönür”.

Demirtaş söyləyib ki, hökumət “Cizredə iki PKK-çı var deyə 6 generalla əməliyyat keçirir”. “Siz nə qədər aciz, nə qədər yazıq olduğunuzu göstərdiniz, - deyib Demirtaş, - Əməliyyat apardığınız hər yerə qorxu yox, coşqu duyğusu hakimdir”.

Demirtaş hökumətə bağlı medianı da tənqid edib: “Bunların bir qəzetlərinə baxın. Demə bu, böyük təmizləmə əməliyyatı imiş, silib-süpürmə əməliyyatı imiş. Axı siz kimsiniz? Siz kimi haradan süpürürsünüz? Siz buralarda ancaq kanalizasiya təmizləyə bilərsiniz. Biz haqlıyıq və qalib gələcəyik”.

Lakin sözü gedən mətbuat bəyanatının verildiyi bir vaxtda polis bölgədə keçirilən təhlükəsizlik əməliyyatlarına etiraz edənlərin aksiyasını gözyaşardıcı qazlardan və suatanlardan istifadə etməklə dağıdıb.