Türkiyə İraq torpağında nə edir?

Fotonun müəllifi AP

İraqın Mosul vilayətində adını indiyədək çoxlarının bilmədiyi Başiqa bir anda həm Türkiyənin, həm İraqın, həm də dünyanın siyasi gündəminə gəlib.

Türkiyə bildirirdi ki, Mosulun 20 kilometrliyində yerləşən Başiqada İraq qüvvələrinə təlim keçir və "İŞİD-in əlində olan Mosulun" İraqın nəzarətinə qaytarılması üçün çalışır.

Amma keçən həftə bu hadisələr baş verdi:

Türkiyə Başiqaya 600 əsgər və tanklar göndərdi. İraq bu əsgəri qüvvənin dərhal ölkə ərazisindən çıxarılmasını tələb etdi.

Türkiyə bu əsgəri qüvvənin iraqlıların təlimləndirildiyi düşərgənin mühafizəsi üçün göndərildiyini bildirdi. Bundan sonra Türkiyənin vəzifəli rəsmiləri İraqa səfər etdilər. Ankara bununla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyini bildirdi. Prezident Recep Tayyip Erdoğansa Mosula göndərilən əsgəri qüvvənin geri çəkilməsinin mümkün olmadığı barədə bəyanat verdi.

Türkiyə əsgəri getdi, İD hücuma keçdi

Türk əsgərləri Başiqadan geri çəkiliblər və hökumət mənbələrinin müxtəlif qəzetlərə verdiyi məlumatlara görə, əsgəri qüvvə Türkiyəyə qaytarılmadan İraqın şimalındakı başqa bir düşərgəyə dislokasiya olunub.

Belə deyilir ki, bu məlumat şimali İraqdakı Kürdüstan hökumətinin başçısı Mesud Bərzani tərəfindən təsdiqlənib.

Fotonun müəllifi REUTERS

Xəbər verilir ki, özünü İslam Dövləti adlandıran qruplaşma (İD) Mosul yaxınlığındakı Başiqa düşərgəsinə basqın edib və Mosul Müdafiə Qüvvələrinin iki əsgəri öldürülüb.

Bundan sonra, nəhayət ABŞ vise-prezidenti Joe Biden Türkiyənin öz əsgəri qüvvəsini İraqdan çəkməsinin lazım olduğunu bəyan edib.

Bütün bunlardan nə məna çıxarmaq olar? Türkiyə Başiqada nə edir və oraya yeni əsgəri qüvvəni niyə göndərmişdi?

BBC Türkçe-nin bu suallarına keçmiş Ninəva valisi və hazırda Başiqa düşərgəsinin komandanı olan Athil əl-Nujaifi cavab verib.

“Düşərgəyə İD hücumu təhlükəsi vardı”

Nujaifi deyib ki, Türkiyənin dekabr ayının əvvəllərində Başiqaya əlavə əsgəri qüvvə göndərməsinin səbəbi düşərgəyə yeni basqın təhlükəsinin mövcudluğu olub.

BBC Türkçe-nin suallarına telefonla cavab verən Nujaifi "son həftələrdə düşərgəyə yeni həmlələr ediləcəyi barədə məlumatlar alırdıq, buna görə də Türkiyədən yeni əsgəri qüvvə göndərildi” deyib.

O deyib ki, Türkiyə əsgərlərinin geri çəkilməsindən iki gün sonra İD bu hadisədən fürsətlənib.

“Onlar düşərgəyə həmlə etdilər, çünki onu qorumaq üçün kifayət qədər qüvvəmiz yox idi. Elə buna görə də hücum edib əsgərlərimizi öldürdülər” – deyib Nujaifi.

İlk türk əsgəri bu düşərgəyə martda gəlmişdi.

Nujaifi deyib ki, düşərgədəki İraq qüvvələrinin təlimi ilə əvvəllər Amerika və Kanada hərbçiləri məşğul olublar, lakin mart ayından bu işi türklər görməyə başlayıblar.

Bağdadın mövqeyini dəyişməsinə səbəb İran olub

Türkiyənin buradakı döyüşçülərin təlimləndirilməsi üçün ilk addımlarını noyabr ayında atdığını deyən komandan bildirib ki, həmin vaxt İraq mərkəzi hökuməti də bu addımı dəstəkləmişdi.

Fotonun müəllifi AP

O deyir ki, şiələr və İran Bağdad üzərində böyük təsirə malikdirlər.

Yaxşı bəs, Türkiyə burada kimi təlimləndirir və təlim olunanlar nə edirlər?

Nujaifi deyir ki, düşərgədə kürd, yezidi, şiə və xristian döyüşçülər də var, lakin çoxluğu əlbəttə, müsəlmanlar təşkil edirlər. İndiyədək 5 min nəfərin Türkiyə tərəfindən təlim aldığı deyilir.

"Türkiyənin məzhəb siyasəti yanlışdır"

Təlim alanların bir hissəsi düşərgədə qalmaqda davam edir. Başqa birləşmələr İD-dən azad olunmuş ərazilərə göndərilir. Bəziləri isə ehtiyac olduqda səfərbər edilmək üçün evlərinə buraxılır.

Bəs Türkiyə üçün Başiqanın önəmi nədir?

2002-2008-ci illərdə Türkiyə Silahlı Qüvvələrində xidmət etmiş təhlilçi Metin Gürcan deyir ki, Türkiyə Mosulu itirmək istəmir.

Fotonun müəllifi AP

O bildirir , bu bir yanlış məzhəb siyasətidir və Türkiyə yerli hadisələrə aşırı müdaxilə edir.

Gürcan deyir ki, bu bölgədə osmanlıların siyasəti həmişə məzhəblərdən yüksəkdə aparılıb və yerli problemlərə müdaxilə edilməyib. “Amma indi bunu etməyi bacarmadılar, geriyə çəkilməyi də özlərinə sığışdırmırlar. Ərazidəki reallığı dəyişdirmək üçünsə gücləri yoxdur. Belə olan halda oradakı əməliyyat baş tutmadı”.

İqtisadi və Xarici Siyasət Araşdırma Mərkəzinin (Ekonomik ve Dış Politika Araştırma Merkezi-EDAM) rəhbəri Sinan Ülgensə İraqın reaksiyasını daxili mülahizələr və İranın təsiri ilə izah edir. “Maliki belə hallarda çox reaksiya verərdi, Abadi də belə bir məcburiyyət qarşısında qaldı” – deyir Ülgen.

Ülgen israr edir ki, Türkiyənin əməliyyatı həm Bağdad, həm də Bərzani hökuməti ilə razılaşdırılıb və indiki reaksiyanın arxasında, heç şübhəsiz İran durur.

"ABŞ-ın bəyanatını izah etmək çətindir”

Ülgen deyir ki, Amerikanın reaksiyasına gəlincə, onun ilk reaksiyası ilə son reaksiyası arasında böyük fərq var.

Beləki, ABŞ əvvəlcə Türkiyənin əsgər göndərməsinin koalisiya əməliyyatlarına dəxli olmadğını bəyan etmişdi.

Lakin Türkiyə əsgərlərini geri çəkdikdən sonra Biden “Türkiyə əsgərlərini geri çəkməlidir” kimi bəyanatda bulunmuşdu.

Biden-in açıqlaması barədə Ülgen deyir ki, o, bu bəyanatı izah etməkdə çətinlik çəkir. Çünki Türkiyə sadəcə oradan bəzi qüvvələrini geri çəkdiyini bildirmişdi. Yəni Türkiyənin ora nə qədər əsgər qöndərib, bunun nə qədərini çıxardığı barədə məlumat verilməmişdi.

“Bunu bilmədiyimiz üçün mən də Biden-in bəyanatını yozmaqda çətinlik çəkirəm. Ola bilsin ki, bu mesajla Türkiyənin az əsgər çıxardığını və daha çox çıxarmalı olduğunu demək istəyib. Amma həqiqətdə nə olduğunu bilmirik. Bunlar ehtimallardır” – deyib Ülgen.

Yaxşı, bəs bundan sonra nə olacaq? Metin Gürcan ehtimal edir ki, məsələnin sovuşmasına imkan veriləcək.

Bu barədə daha geniş