Demirtaş: Rusiya ilə əlaqələrin "korlanmasının əleyhinəyik"

Fotonun müəllifi AP

Moskvada Rusiyanın xarici işlər nazirilə görüşdən əvvəl kürdyönlü sayılan Türkiyə partiyasının lideri Rusiya-Türkiyə əlaqələrinin korlanması əleyhinə olduğunu deyib.

HDP partiyasının həmsədri Selahattin Demirtaş Rusiya təyyarəsinin vurulması ilə bağlı Türkiyə hökumətinin mövqeyini tənqid edib.

O deyib ki, bu məsələ iki xalqa zərər vermədən diplomatik çərçivədə həll edilməlidir.

Selahattin Demirtaşla görüşən Sergey Lavrov ölkəsinin “İŞİD-lə döyüşən” qüvvələrlə fəal əməkdaşlığa hazır olduğunu deyib.

Demirtaş görüşün mətbuata açıq olan hissəsində, “çətin dövrdə” Rusiya ilə əlaqələrə böyük əhəmiyyət verdiyini söyləyib.

Sergey Lavrovun sözlərinə görə, təyyarənin vurulması ilə bağlı hökumətin "planlaşdırılmış addım"ı türk xalqı ilə əlaqələrə təsir göstərməyəcək.

Ötən həftə Selahattin Demirtaş prezident Recep Tayyip Erdoğanı tənqid edib və onun “Putinə bir-iki gün meydan oxuyandan sonra südü dağılmış pişiyə” döndüyünü söyləyib.

Kürdpərəst siyasətçinin Moskvaya səfəri Türkiyədə əsasən kürdlərin yaşadığı cənub-şərq bölgəsində vəziyyətin gərginləşməsinə təsadüf edir. Ötən həftə HDP-nin çağırışı ilə Diyarbakırda keçirilən nümayiş gedişatında polislə etirazçılar arasında toqquşmalar vaxtı 7 nəfər öldürülüb.

Bu barədə daha geniş