İran: şairləri yetişdirib susduran ölkə

Fotonun müəllifi khameneie.ir
Image caption Deyilənlərə görə şeir və ədəbiyyat vurğunu olan ayətullah Xamneyi özünün sədaqətli şairlər məclisini yaradıb.

Poeziyanın qədim vətənlərindən sayılan İran bu gün çox sayda gənc, internet nəslindən olan, islahatpərəst qələm əhlini məhbus edib.

Bunlardan bir çoxu ruhani rejiminə qarşı çıxmayıblar da. Sadəcə hakimiyyətə saymamazlıq nümayiş etdiriblər.

Politoloqların fikrincə, 2009-cu ildə keçirilmiş ziddiyyətli prezident seçkilərinin dərhal ardınca baş qaldıran kütləvi etirazlar mübarizə ruhlu yaradıcılığa təkan verib.

Elə həmin vaxtdan da şairlər ölkənin ali rəhbəri ayətullah Əli Xamneyinin başçılığı altında təhlükəsizlik və ədliyyənin hədəfinə çevriliblər.

Onlara qarşı şallaqdan tutmuş uzun həbsxana cəzalarınadək ən müxtəlif təzyiq növlərindən istifadə olunub.

Hila Seddiqi, Məhəmməd Rza Əlipayam, Mehdi Musəvi, Məhəmməd Rza Hacırüstəmbəyli, Fatimə Extesari və Yağma Gülruyi bu şairlərdən yalnız bir neçəsidir.

Onlardan bəziləri şərti cəza və ya zaminlə azad edilsələr də, həm özləri, həm də ailələri üzərinə təzyiqlər səngiməyib.

“Dəhşətli rəftar”

31 yaşlı şair Hila Seddiqi səfərdən qayıdarkən Tehran hava limanında həbs edilib. Xanım Seddiqi Hellman-Hammett Grant mükafatının laureatı olsa da, özünü siyasi fəal hesab etmir.

O hesab etməyə bilər, lakin onun 2009-cu ilin prezident seçkilərində islahatyönlü namizəd Mirhüseyn Musəvini fəal şəkildə dəstəkləməsi hökumətin gözündə elə siyasi fəaliyyət deməkdir.

Yanvarın 10-da Seddiqi özünün Facebook səhifəsində həbsinin bəzi təfərrüatlarını açıqlayıb: Birinci gecə məni təkadamlıq kamerada saxladılar, ertəsi gün ən təhlükəli canilərin saxlandığı Şahpur təcridxanasına köçürdülər. Mən gecəni orada, dörd kvadratmetrlik kamerada cinayət törətmiş 8 məhbusla keçirdim. Mənimlə dəhşətli rəftar edirdilər. Məni qəfəsin içində bir həbsxanadan başqasına köçürürdülər”.

Niyə məhz indi?

Prezident Həsən Ruhaninin mötədil hökuməti fevralın 26-da İranın Milli Məclisinə və Üləmalar Şurasına çox mühüm seçkiləri keçirməlidir. Bu seçkilərin nəticələri qarşıdan gələn beş il üçün mühafizəkarlar və islahatçılar arasındakı qüvvələr balansını müəyyənləşdirəcək.

Bəzi təhlilçilərin fikrincə, şairlərin üzərinə son təzyiqlərə, bu həlledeci siyasi hadisələrin astanasında mühafizəkarlarla islahatçıar arasında gedən nüfuz mübarizəsinin təzahürü kimi baxılmalıdır.

Image caption İranın Milli Məclisinə və Üləmalar Şurasına seçkilər fevralın 26-da keçiriləcək.

Bu mübarizədə poeziya heç şübhəsiz dəyişikliklər istəyən düşərgənin tərəfindədir.

Siyasi ayaqlanmalar və poeziya

İranda 1907-ci ildə başa çatmış Məşrutə (konstitusiya) İnqilabından bu yana bütün siyasi ayaqlanmalar ölkədə avtoritarlığa meydan oxuyan əhəmiyyətli sayda şair yetişdirib.

Arif Qəzvini (1882-1934), Məhəmməd Təqi Bahar (1886-1951) və Mirzadə Eşqi (1893-1924) konstitusiya islahatlarını və inqilabı tərənnüm edən ilk şairlər idi.

1953-cü ildə İranın demokratik yolla seçilmiş baş naziri Məhəmməd Müsəddiqin ABŞ tərəfindən təşkil olunmuş qiyamla devrilməsinin ardınca ölkə ziyalıları arasında hakim olan ümidsizlik atmosferi Əhməd Şamlı (1925-2000), Mehdi Axavan Salis (1929-1990) və Siyavuş Kəsrayi (1927-1996) kimi qüdrətli səsə malik şairlər pleyadasını yetişdirmişdi.

İki Pəhləvi şahının dövründə (1925-1979) çox sayda şair işgəncə, həbs bə senzuraya məruz qalmışdı.

Yeni nəsil

Sərt xətt-hərəkət tərəfdarı olan prezident Mahmud Əhmədinejadın iki müddətlik hakimiyyəti dövründə (2005-2013) dövlət senzurası əvvəlki onilliklərdə olduğundan daha ciddi tətbiq olunub. Həmin dövrdə kitab çapı üçün icazənin alınması çətinləşdirildiyindən, bir çox istedadlı qələm ustaları internetdə çap olunmağa başlayıblar. Onlar habelə İranda az tanınan ədəbiyyat saytlarında təkcə şeirləri ilə deyil, həm də kəskin siyasi-ictimai bloqları ilə çıxış edirdilər.

Onlardan Məhəmməd Rza Hacırüstəmbəyli və Mehdi Musəvi kimi bəziləri, həmçinin şeir dərnəkləri yaradaraq gənc şairlərə təlim verirdilər. Hila Seddiqi və satirik şair Məhəmməd Rza Əlipayam isə YouTube saytında oxuduqları şeirlərlə məşhurlaşıblar.

İtki hissi və iflas, yalana qarşı qiyam, sosial iqtidarsızlıq və bunların iflasa uğramış şəhər həyatının təsvirləri ilə verilməsi yeni şairlər nəslinin əsas xüsusiyyətidir.

“Tehran” adlı acıqlı şeirində, 2015-ci il, dekbarın 16-da həbs edilmiş Rza Hacırüstəmbəyli İran paytaxtını “bıçaqçılar bağı” və “ağcaqovaq qəbristanlığı” kimi təsvir edir, şəhərdən ona “xiffətlə dolu ölüm iynəsini” vurmasını xahiş edir.

Fotonun müəllifi AP
Image caption İran İslam İnqilabi 1979-cu ildə baş verib.

Və yaxud Hila Seddiqinin 2009-cu ilin Yaşıllar Hərəkatına işarə edən “Yenə də yaşıllandı…” şeirində belə deyilir:

Onlar hər şeyi qırdılar - Qələmləri, ləyaqəti, qanunu… Rəngsiz bayraq qaldırdılar Zəbt edilmiş evimizin damında. Aldılar bizdən zorla Addımları, nəfəsləri, səsləri, Haqqımızı aldılar…

"Düşmən dəyirmanı”

İfrat mühafizəkar media və rəsmilər şairləri “düşmən dəyirmanına su tökməkdə”, İslam sisteminin sütunlarını və onun anti-Qərb ideologiyasını sarsıtmaqda ittiham edirlər.

2015-ci ilin oktyabrında müxalifət saytları xəbər verirdilər ki, Mehdi Musəvi və Fatimə Extesari müvafiq olaraq 9 və 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar 2013-cü ildə həbs edilmiş və 2014-cü ilədək Tehranın Evin həbsxanasına salınmışdılar.

Onların vəkili Əmir Rəisianın sözlərinə görə, şairlərə qarşı “müqəddəslərin təhqiri”, “hökumət əleyhinə təbliğat”, habelə “yadlarla görüşərkən əl tutub öpüşmək” kimi ittihamlar irəli sürülmüşdü.

2012-ci ilin iyulunda Gənc Jurnalistlər Klubu xəbər agentliyinin saytında dərc olunmuş “xüsusi reportaj”ın sərlövhəsi “Qərbin NATO layihəsini həyata keçirənlərin dərnəyi ifşa edildi” idi. Bu reportajda şair Musəvi “xaç atası” adlandırılır və “kafir müğənni”, Almaniyada yaşayan ziddiyyətli repper Şahin Nəcəfi üçün mahnı mətnləri yazmaqda ittiham olunurdu.

Məqalədə Musavi və Extesari pozğunluğun təbliğində ittiham edilir, hakimiyyət orqanlarına “müsəlmanların dini inanclarını eybəcərləşdirən” bu “düşmən düşərgəsi”nə qarşı tədbir görülməsi rica edilirdi.

“Dövlət şairləri”

1979-cu ilin inqilabından bəri İslam Respublikası öz sədaqətli şair ordusunu yetişdirməyə cəhdlər edib. Bu məqsədlə 1979-cu ildə İslami İncəsənət və Fikir Seminariyası yaradılıb. Bu seminariya sonradan İslami Təşviqat Təşkilatına qoşulub. Qurum əvvəl-əvvəl müəyyən uğur qazana bilib. Bura Qeysər Aminpur (1959-2007) və Sepide Kaşani (1936-1993) kimi istedadlı şairlər cəlb edilib. Bu şairlər 1980-ci illərdə baş vermis İran-İraq müharibəsinin salnaməçiləri idilər.

Lakin sonrakı illərdə Mədəniyyət Nazirliyinin nəzdindəki Şeir və Mahnı Şurası kimi senzura qurumlarının yaradılması ilə əksər populyar şairlər hakimiyyətdən uzaqlaşıblar.

Bu arada, deyilənlərə görə şeir və ədəbiyyat vurğunu olan ayətullah Xamneyi özünün sədaqətli şairlər məclisini yaradıb. Bu şairlərə yüksək qonorarlar verilir və onlar təbliğ edilirlər. Ali rəhbər ildə bir dəfə bu məclislə görüş keçirir.

Lakin qədim Şərqin ədəbiyyat tarixi göstərir ki, böyük saraylarda böyük şeirlər yazılmır.

Yazını BBC Monitoring hazırlayıb.