Türkiyə özünü Suriya tonqalına atır?

Fotonun müəllifi Getty
Image caption Türkiyə qüvvələrini Suriya ilə sərhədə toplayır

Türkiyə sərhədi boyu yeni cəbhənin açılması və qarşıdurmaya əlavə oyunçuların qatılması 5 il davam edən Suriya münaqişəsini yeni, daha təhlükəli mərhələyə çəkir.

Suriyadakı kürd silahlı dəstələri Türkiyə sərhədi boyu yeni əraziləri ələ keçirir, rejim qüvvələri isə Rusiya hava zərbələrinin dəstəyilə Hələb şəhəri istiqamətində şimala doğru irəliləyirlər. Cavab olaraq, Türkiyə qüvvələri, həftəsonu kürdlərin mövgeyini top atəşinə tutub.

Türkiyənin əsas hədəfi Suriyada kürdlərin ən böyük birləşməsi olan və Ankara tərəfindən PKK-nın bir qolu sayılan Xalq Müdafiəsi Bölmələridir (YPG).

Nəzarət etdiyi əraziləri birləşdirmək istəyən PYD qüvvələrinin Fərat çayından keçməsini Türkiyə həmişə “qırmızı xətt” sayıb və buna cavab olaraq tədbir görəcəyi barədə xəbərdarlıq edib.

Bu bölgədə müstəqil Kürd dövlətinin yaradılması təhlükəsi azmış kimi, Suriya kürdləri Azaz şəhəri ətrafında əraziləri tutmaqla Ankaranın dəstəklədiyi anti-Əsəd qüvvələrinin Türkiyədən təchizatını təmin edən dəhlizi kəsmək imkanını əldə ediblər. Suriya ərazisini top atəşinə tutmaqla münaqişəni daha da kəskinləşdirib Rusiya ilə qarşıdurmaya çevrilməsi perspektivi və buradan beynəlxalq səviyyədə yaranan narahatlıq Türkiyəni sankı qayğılandırmır.

ABŞ, Fransa və Aİ tərəfindən hücumları dayandırmağa çağırılan Türkiyə kursunu dəyişmək təzyiqi altındadır. Lakin Ankara bildirir ki, təhlükəsizliyini təmin edən mühit yaranmayınca, yolundan dönən deyil.

Fotonun müəllifi AP
Image caption Suriya hökümət qüvvələri Rusiya hava zərbələrinin dəstəyilə Hələb istiqamətində hücum əməliyyatını davam etdirir

Bazar ertəsi Ukraynaya birgünlük işçi səfərə gələn baş nazir Ahmet Davutoğlu Türkiyənin Suriyada Rusiya ilə baş-başa gələcəyindən ehtiyat edənlərin narahat olması üçün əlavə əsas verib.

Davutoglu Türkiyə jurnalistlərinə bildirib ki, YPG-i Suriya kürdlərinin qüvvəsi yox, Rusiyanın Suriyada agenti sayır.

“Məndən soruşsanız kı, Rusiyanın Suriyada Əsəd rejimini dəstəkləmək üçün ən güclü aləti nədir, deyərəm ki, YPG-dir. Eyni zamanda bu, Suriya rejiminin də alətidir”, Davutoğlu deyib.

Beynəlxalq səhnədə Türkiyənin durumu isə getdikcə çətinləşir.

ABŞ və digərləri tərəfindən YPG Suriyada İD qruplaşmasına qarşı mübarizədə müttəfiq sayılır.

Prezident Erdogan Vaşinqton qarşısında Türkiyə ilə YPG arasında seçim etmək məsələsini qoyanda, ABŞ bildirdi ki, NATO müttəfiqi olan Türkiyəni dəstəkləyir, lakin YPG –i terrorçu təşkilat saymır.

Türkiyənin YPG-i hədəfə alması İD qruplaşmasına qarşı mübarizənin zəiflədilməsi sayıla bilər.

Suriya öz ərazisinin topa tutulmasını dövlət suverenliyinin pozulması kimi qiymətləndirir.

Suriya BMT Təhlükəsizlik Şurasından tədbir görülməsini istəyərək, Tütrkiyəni şimalda Əl-Qaidə ilə əlaqəli olan silahlıları dəstəkləməkdə və Türkiyə hərbi qüvvələrini gizlincə olaraq Suriyaya göndərməkdə ittiham edib.

Fotonun müəllifi BBC World Service

Ankara Suriyanın iddialarını təkzib edir, lakin Türkiyədə azı bir hökümətpərəst qəzet yazıb ki, xüsusi təyinatlı qüvvələrinin 90 üzvü bazar günü sərhədi keçərək, Suriyada 315 YPG döyüşçüsünü öldürüb və yenidən Türkiyə ərazisinə qayıdıblar.

Türkiyənin təqaüddə olan ən təcrübəli diplomatlarından biri, Bakı və Londonda səfir vəzifəsində çalışmış Ünal Çeviköz bugünkü məqaləsində xəbərdarlıq edib ki, Türkiyə özünü yeni Soyuq Müharibə cəbhəsinə çevirmək riski altına salır.

Cevikoz hesab edir ki, Türkiyə bugünkü dünyada qüvvələr balansının dəyişdiyini hiss etmir. İD qruplaşması əleyhinə savaşda ABŞ Rusiya ilə birgə işləməyə hazırdır. Türkiyənin Suriyada YPG-ə qarşı əməliyyatları davam etdirməyə hüquqi əsası olmayacaq. İncirlik bazasına Səudiyyə hərbi təyyarələrinin dəvət edilməsi və Səudiyyə ilə Qətər qüvvələrinin Suriyaya göndərilməsi planına razılıq verilməsi isə Türkiyəni daha genişmiqyaslı məhəlli münaqişə tələsinə salmış olacaq.

“Türkiyə özünü oda atır. Bu addımın nəylə bitəcəyini isə heç kəs bilmir”, Ünal Cevikoz qeyd edib.

Türkiyədə hökümət tərəfdarları xarici qüvvələrin Yaxın Şərqdə yeni xəritə cızdığını və Türkiyənin bu prosesə kənar müşahidəçi kimi baxmasının mümkünsüz olduğunu bildirirlər. Hökümətpərəst şərhçilər və siyasətçilər AKP hökümətinin buna təcili və güclü cavab verməsi məsələsində yekdildirlər.

Müxalifət partiyalarının cavabı isə nisbətən zəifdir. Onlar ölkənin Suriya müharibəsinə sürüklənməsinə qarşı olmaqla yanaşı, ayıq-sayıq olmağa çağırırlar.

“Satqın” damğası qazanmaq riskilə üzləşən kiçik sayda şərhçilər dinc siyasət yürüdülməsinə çağıraraq, Türkiyədəki kürd üsyançıları ilə, PKK ilə danışıqlar masasına qayıtmağı məsləhət görürlər.

Əl-Monitor internet nəşrində məqalə dərc edən təhlükəsizlik mütəxəssisi Metin Gurcan xəbərdarlıq edir ki, Suriyaya mümkün müdaxilə Türkiyə daxilində kürd üsyanını daha da gücləndirə bilər. O, toqquşmaların ölkənin qərb regionlarına da yayıla biləcəyindən ehtiyat edir.

Suriya münaqişəsinə dair kitabı səs-küy salmış jurnalist və yazar Fehim Tastekin bu fikirlə razılaşır.

“Türkiyə öz ərazisi hüdudunda, Sur və Cizrədə üsyançıların öhdəsindən gələ bilmir. Yaxın Şərqdəki daha irimiqyaslı müharibənin öhdəsindən necə geləcək?”, müəllif soruşur.