İstanbulda intiharçı hücum: ən azı 4 nəfər ölüb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İstanbul şəhərinin mərkəzindəki İstiqlal prospektində baş verən intiharçı partlayış ən azı 4 nəfərin ölümünə bais olub, rəsmilər deyir.

37 adamın xəsarət aldığı bildirilir. Yaralılardan 12 nəfər xarici ölkələrin vətəndaşıdır, Türkiyənin səhiyyə naziri bildirir.

Fotonun müəllifi EPA
Image caption Xəsarət alanlar arasında xarici vətəndaşlar var.

Mehmet Müezzinoğlunun sözlərinə görə xəstəxanaya yerləşdirilmiş 7 nəfərin vəziyyəti ağır sayılır.

Fotonun müəllifi EPA
Fotonun müəllifi AFP
Fotonun müəllifi AFP
Fotonun müəllifi hurriyet.com.tr

Polis hadisənin baş verdiyi yeri nəzarət altına alıb. Ərazidə nəqliyyat və adamların hərəkətinə sərt məhdudiyyətlər tətbiq olunur.

Hadisə yerində çəkilmiş görüntülərdə adamların təşviş içində qaçdığını görmək olar.

Ötən bazar günü Ankarada baş verən hücum nəticəsində 37 adam həlak olmuşdu.

Fotonun müəllifi Reuters

Həmin basqına görə məsuliyyəti öz üzərinə TAK qrupu götürüb. Bu qrup Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) bir qolu sayılır.

Silahlılar Ankara hücumunu Türkiyənin cənub-şərqindəki hərbi əməliyyatlarına qarşı cavab addımı adlandırıblar.

Türkiyə ilə PKK arasında iki il ərzində qüvvədə qalan atəşkəs razılaşmasına ötən yaydan bəri əməl olunmur.

Prezident Recep Tayyip Erdogan deyib ki, "terrorçu qruplar" Türkiyənin xüsusi xidmətlərinə qarşı mübarizədə yenildikləri üçün mülkiləri hədəfləyirlər.

Türkiyə özünü İslam Dövləti adlandıran (İD) qruplaşmaya qarşı beynəlxalq koalisiyanın üzvüdür. O, İraq və Suriyadakı əməliyyatların həyata keçirilməsi üçün İncirlikdəki hərbi bazasının istifadəsinə icazə verib.

_________________________________________________________

Türkiyədə son hücumların xronologiyası

2016-cı ilin mart ayı, Ankara: Kürd silahlılarının hücumunda 35 nəfər həlak olub

2016-cı ilin fevral ayı, Ankara: Hərbi konvoya hücum nəticəsində 28 nəfər ölüb

2016-cı ilin yanvar ayı, İstanbul: Özünü İslam Dövəti adlandıran qruplaşma tərəfindən törədildiyi güman edilən intiharçı basqını 12 almaniyalı turistin ölümünə bais olub.

2015-ci ilin oktyabr ayı, Ankara: Kürdlərin keçirdiyi dinc yürüş vaxtı baş verən qoşa partlayış nəticəsində 100-dən artıq adam həlak olub.

Bu barədə daha geniş