Moskva meri Sobyanin türk azarkeşlərini "kozyol" adlandırıb

Fotonun müəllifi Twitter
Image caption Moskva meri türkiyəli azarkeşlərin davranışını idmana uyğun olmayan hərəkət adlandırıb.

Moskva meri Sergey Sobyanin türk azarkeşlərini, guya rusiyalı qadın voleybolçulara zibil atdıqlarına görə, “kozyol” adlandırıb ( “kozyol” – “keçi” sözü ilə yanaşı rus dilində daha bir mənası “əbləh”, “qanmaz”, “eşşək” sözlərinin verdiyi mənaya yaxındır – red.)

Rusiyanın "Dinamo" (Krasnodar) qadın voleybol klubu martın 29-da İstanbulda keçirilmiş Avropa voleybol konfederasiyasının kuboku uğrunda final matçda Türkiyənin “Qalatasaray” klubu ilə görüşüb. Rusiyalı qadın voleybolçular 2:3 hesabı ilə türkiyəli həmkarlarına uduzublar.

“Dinamo” oyunçusu Tatyana Koşeleva Instagram-da yazıb kı, türk azarkeşləri oyun zamanı rusiyalı idmançılara zibil atıblar, Türkiyə komandasının məşqçisi isə rusiyalı qadınlara ədəbsiz əl işarəsi göstərib.

"Heç idman davranışı deyil (demək yerinə düşərdi – sadəcə kozyoldular)" , Sobyanin Twitter səhifəsində yazıb.

Rusiya Voleybol Federsiyası hadisənin araşdırılması tələbilə Avropa Voleybol Konfederasiyasına ərizə ilə müraciət etmək qərarına gəlib.

Prezident Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “türk azarkeşlərinin aqressiv davranışı barədə məlumat təsdiqlənsə, Kreml rəsmi reaksiya bildirməyə hazırdır".

“Hələ ki, digər mənbələrdən təsdiq yoxdur, əgər olarsa, - hərçənd ki, buna inanmaq çətindir, çünki belə davranış idmançılara xas deyil, - rəsmi münasibət bildirilə bilər”, Peskov deyib.

"Qalatasaray" klubunun baş məşqçisi Ataman Güneyligil rusiyalı voleybolçu Koşelevanın ittihamını təkzib edərək deyib ki, əl işarəsini idmançıya yox, "Dinamo" klubunun texniki heyətinin əməkdaşına ünvanlandırmışdı.

Məşqçinin qənaətincə, hazırkı qalmaqal şənbə günü Krasnodarda keçiriləcək cavab görüş ərəfəsində lazımsız gərginliyin yaradılmasına yönəlib.

“Biz bunlara baş qoşmayacayıq, biz inadkarlıqla görüşə hazırlaşmaqda davam edəcəyik ki, kuboku ölkəmizə gətirək”, Ataman Güneyligil deyib.