Türkiyə sərhədində yeni qaçqın axını

Fotonun müəllifi AP
Image caption Fevral ayında Türkiyə Suriya ilə sərhəddə 35 min qaçqının toplaşdığını bildirmilşdi. (Foto: Arxiv)

Suriyadakı Hələb şəhərinin şimalında hökumət qüvvələrilə üsyançılar arasında döyüşlərin şiddətlənməsi ardından minlərlə qaçqın Türkiyə sərhədinə axın edib, beynəlxalq təşkilat bildirir.

Türkiyədə Qızıl Xaç cəmiyyətinin rəsmiləri, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın 10 qaçqın düşərgəsinə basqınından sonra təxminən 5 min adamın Kilis şəhəri yaxınlığında toplaşdığını deyirlər.

Türkiyə Öncüpınar keçid məntəqəsi qarşısında olan insanlara ölkəyə giriş icazəsi vermir.

Bu məlumatı təsdiq edən insan hüquqlarının müdafiəsi üzrə Human Rights Watch (HRW) təşkilatı Türkiyəni qapıları açmağa səsləyir.

HRW bildirir ki, son iki gün ərzində Hələbin şimalındakı döyüşlərdən sonra əlavə olaraq 30 min adam yollara düşüb.

Fevral ayında Türkiyə rəsmiləri sərhəd bölgəsinə toplaşanların sayının kəskin şəkildə artaraq 35 minə çatdığını bildirmişdilər.

Türkiyə 3 milyonadək Suriyalı qaçqını qəbul edib.