Putin və boz canavar

Fotonun müəllifi Getty

Keçən həftə Nadejda Savçenkonu Kiyevdə qarşılayarkən Ukrayna prezidenti Petro Poroşenko belə bir vəd vermişdi: “Krımı da, Nadejda kimi qaytarmaq”. Buna Vladimir Putinin qiyabi reaksiyası beləydi: “Allah sizin danaya bizim canavarı yeməyi qismət eləsin”.

Zəngin rus dilində mənası buna uyğun gələn çox zərb-məsəl var: “İstəməyin cana ziyanı yoxdur”, “Rəvayət təzədir, inanmaq olmur” (Azərbaycanca: Avazın yaxşı gəlir, oxuduğun Quran olsa), “Xərçəng fit çalanda” (Dəvənin quyruğu yerə dəyəndə) , “Bura bax, bəlkə sənə göydəki Ayı gətirək?” və sair. Amma niyə axı məhz canavar?

Bəlkə təsadüfdür? Yox əşi. Daha çox Freydsayağı kəlamlara oxşayır.

Hə, deməli prezident öz ölkəsini belə bir obrazda görür. Dovşanlar və danalar arasında canavar kimi.

Nə olar? Qoy olsun. Onsuz da bütün dünya müasir Rusiyanı məhz belə qəbul edir.

Biz təəccüblənirik və hirslənirik ki, bu rusofobiya haradan qaynaqlanır və niyə bizi sevmirlər? Siz uşaqlığınızdan bu yana bircə nağıl xatırlayırsınızmı ki, orada canavar müsbət qəhrəman olsun? Təbiət və keçmiş peşəsi etibarilə Vladimir Vladimiroviç təmkinli və qapalı adamdır. Amma hərdən hiss etdiyi kimi də reaksiya verir. Bax, bu zaman işlətdiyi ifadələr çox şeyi başa düşmək imkanı verir.

O canavarı əvvəllər də yada salıb, amma o vaxt bənzətməni özünə aid işlətməmişdi. 2006-cı ilin mayında Federal Məclisə müraciətində, o, ABŞ-ın adını birbaşa çəkməyərək demişdi: “Yoldaş canavar, özü bilər, kimi yeyər. O yeyir və heç kəsə də qulaq asmır”.

Amma o vaxt həmin bənzətmədə pisləmə var idi, indikində isə qürur hissi. Belə çıxır ki, Washington güc nümayiş etdirəndə pisdir, amma Moskva bunu edəndə çox yaxşıdır?

2014-cü ilin dekabrında keçirilən mətbuat konfransında Putin Rusiyanı ayıya bənzətmişdi və demişdi ki, “ayı giləmeyvə və balla keçinə bilməz və mütləq tayqa boyunca çoşqaları qovub tutmağa çalışacaq”. Bunun dərhal ardınca əlavə etmişdi ki, bütün dünya bu ayının dırnaqlarını qoparmaq istəyir. Burda səbəb və nəticə nədən ibarətdir?

Onun daha bir çıxışı, doğrudur bu dəfə hər hansı zooloji bənzətməsiz olsa da, diqqətəlayiqdir.

Fotonun müəllifi Getty
Image caption Şəkil: Bəzən Putin hiss etdiyini deyir?

2014-cü ilin oktyabrında “Valday” diskussiya klubunda Putin “Xruşşovun çəkməsini” – sovet liderinin guya BMT Baş Assambleyasının iclasında çəkməsi ilə tribunanı döyəcləməsi barədə geniş yayılmış epizodu xatırlatmışdı.

“Dünyada, xüsusən də Ştatlarda hamı düşünürdü ki, sən Allah qoy rədd olsun cəhənnəmə bu Nikita, bir də gördün zopladılar. Raketləri də çoxdur, gəlin onlara hörmətlə yanaşaq” – deyə şərh etmişdi Putin.

Bir çoxları bu tarixi epizodu milli rüsvayçılıq hesab edirlər, amma bizim prezidentimizin xoşuna gəlir!

Sən demə, ipə-sapa yatmayan xuliqan olmaq əntiqədir, çünki hamı qorxub bir kənara çəkilir. Çünki nə hoqqa çıxaracağını heç kəs bilmir!

Heyvanlar simvol kimi

Bu barədə çox şey demək olardı. Məsələn deyə bilərdik ki, bir çox dövlətlərin gerblərini qartallar, şirlər və qaplanlar bəzəyir, çünki vaxtilə krallar və imperatorlar bu varlıqlara oxşamaq istəyiblər, amma müasir zəmanəmizdə öz xalqını açıq şəkildə hər hansı yırtıcı ilə müqayisə etmək heç bir sivilizasiyalı ölkə liderinin ağlına gəlməz.

Deyə bilərdik ki, zaman keçdikcə gücdən çox ağıl mühümləşir.

Deyə bilərdik ki, nə qədər istəsən də, dünyada hamıdan güclü ola bilməzsən. Deyə bilərdik ki, milli xudbinliklə, ən azı açıq şəkildə lovğalanmaq pisdir.

Deyə bilərdik ki, hamının bizdən qorxması yox, bizim həyat və nailiyyətlərimizə qibtə etməsi daha mühümdür.

Deyə bilərdik ki, lap uzağa getsək, tarixdə azadlıq və demokratiya olmadan da uğurlu inkişaf nümunələri var, amma ətraf aləmlə qarşıdurma şəraitində kiminsə çiçəklənib tərəqqi etməsi halları heç kimə bəlli deyil.

Əslində dediklərimin heç biri orjinal fikir deyil. Amma düşündüm ki, görəsən, mən hansı heyvanı Rusiyanın rəmzi kimi görmək istərdim?

Uşaqlıqdan mənim sevimlim fil olub: Qüdrətli, təmkinli, müstəqil. Heç kimi yemir, heç kimin üstünə şığımır, amma hünərin var, sən ona toxun. Amma Afrikaya səfərim mənim fillər haqqında təsəvvürmü alt-üst etdi. Fillər əslində çox kinli və çılğın heyvanlar imiş və onların öz aralarındakı və başqa heyvanlarla münasibətləri o qədər də yaxşı deyilmiş.

Onda bəs hansı heyvan? Bəlkə, zəhmətkeş qunduz? Tədbirli tülkü? Yoxsa dağ başından iki pələngin çarpışmasını seyr edən müdrik meymun?

Bəlkə heç heyvanat aləmindən nümunə axtarmaq lazım deyil. Bəlkə elə sadəcə, şüurlu insanlar kimi davranmaq kifayətdir?

Bu barədə daha geniş