Türkiyədə çevriliş istəyənləri birləşdirən ideya haqqında

Fotonun müəllifi EPA

Türkiyə dövləti və vətəndaşları sonuncu dəfə 36 il əvvəl baş vermiş hərbi çevrilişin təkrarlanmasına imkan vermədi.

Hadisənin üzərindən 10 gün keçməsinə baxmayaraq, çevriliş iştirakçılarının və onların tərəfdarlarının, eləcə də medianın təqib olunmaları və həbsləri davam edir.

Türkiyə hökuməti çevriliş izlərinin və buna səbəb olan halların tam aradan qaldırılması üçün bütün qüvvələrini səfərbər edib.

Çevriliş kimə və nə üçün lazım idi? Bu uğursuz cəhdin məqsədi Atatürk ideyalarının, dünyəvi dövlətin, konstitusiya müddəalarının, demokratiyanın, hüququn üstünlüyünün və digər təməl prinsiplərin bərqərar olması idimi? Çevrlişə cəhdin arxasında hansı qüvvələr durur? Çevriliş baş tutsaydı sonrakı mərhələdə nələri gözləyə bilərdik?

Bakıdan jurnalist Seymur Kazımov mövzu ilə əlaqədar bu və digər suallara cavab tapmağa çalışıb.

______________________________________________________________________________________

Türkiyədə 2002-ci ildə təkbaşına hakimiyyətə gəlmiş və bugünədək hökuməti idarə edən Ədalət və İnkişaf Partiyasının (AK Parti) uzun müddət hakimiyyətdə qalmasını şərtləndirən amillərdən biri kimi din faktoru göstərilir.

Belə ki, müxtəlif illərdə təqiblərə məruz qalan, 5 dəfə partiyaları qapadılan, siyasi fəalları həbs olunan və siyasi fəaliyyətlə məşğul olmalarına qadağa qoyulan bir qüvvənin uzun illərdən sonra təkbaşına iqtidara gəlməsi Türkiyə siyasi tarixində bir ilk olmaqla yanaşı, dini kəsimin də iqtisadi, siyasi idarəetmədə rolunun güclənməsinə gətirib çıxardı.

AK Parti hakimiyyətinin ilk illərində Türkiyə konstitusiyasının 90-cı maddəsi dəyişdirildi və beynəlxalq hüquq üstün norma olaraq qəbul edildi. Hakimiyyətin ilk illərindən Avropa İttifaqına üzvlüyü sürətləndirmək üçün Aİ-nin əksər tələbləri yerinə yetirildi, o cümlədən əksər qanunlar Aİ standartlarına uyğunlaşdırıldı.

Türkiyəni qiymətləndirərkən, kəskin dönüşlərin baş verdiyi 80-ci illər sosial, iqtisadi, siyasi və mədəniyyət sahəsində də kökündən dəyişikliklərə meydan olmuşdu.

Qloballaşma, azad bazar iqtisadiyyatının təsiri və Anavətən Partiyasının xaricə dönük siyasəti ilə başlayan proses, 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlişi ilə daha da sürətlənmişdi.

Ən əsas məqamlardan biri odur ki, son 20-30 illik müddətində Türkiyənin müsəlman təbəqəsində də kökündən və təzadlı bir dəyişmə baş vermişdi.

Bu dövrdə, müsəlman təbəqə həm artan iqtisadi gücüylə ictimai sahədə nəzərə çarpmağa başlamış, həm də azad bazar iqtisadiyyatına yönəlik siyasətin təsiriylə kapitalizmi mənimsəmişdi.

Atatürk ideyalarına sadiqliq nümayiş etdirənlər dini lider Fethullah Gülenin ətrafında nə üçün birləşdilər?

Türkiyə siyasi-hüquq tarixi üzrə mütəxəssis, hüquqşünas Ələsgər Əhmədoğlu deyir ki, 15 iyul hadisələrinin yalnız bir şəxsin və ya qrupun etməsi mümkün deyil.

"Məsələnin mahiyyəti budur ki, Türkiyədə Nur camaatının siyasi proseslərə təsiri AKP hakimiyyətindən əvvələ aiddir. Fethullah Gülen, Erbakan hökumətini çıxmaq şərtilə, Özal, Demirel, Çiller, hətta solçu Ecevit iqtidarları ilə çox yaxşı münasibətlərdə olub. Erdoğan hakimiyyəti ilə də münasibətləri məlumdur. Bu cərəyanın hədəfini Türkiyədə təhsil aldığım müddətdə tanımaq imkanım olub. Onların əsas məqsədi dövlət strukturlarında yerləşmək və orada möhkəmlənmək idi".

Çevriliş baş tutsaydı...

Əhmədoğluna görə, Türkiyə dövlətinin əsas problemi müxtəlif illərdə dini cərəyanların dövlət işlərinə sirayət etməsidir.

“Ədliyyə, təhsil, polis, bank sahələrində kifayət qədər güclənmiş qruplar var. Doğrudur, bunların hamısına ‘darbeci’ demək də doğru deyil, aralarında bəlkə doğrudan da Türkiyənin inkişafını istəyənlər də var.”

O, həm də hesab edir ki, çevriliş cəhdində iştirak edənlərin hamısı Gülen tərəfdarları deyil.

“Onların arasında müxtəlif qruplar, real cümhuriyyətçilər də vardır ki, onlar sadəcə bir məqsəd – Erdoğanı devirmək ideyası ətrafında birləşmişdilər.”

Hesab edək ki, çevriliş baş tutdu və Erdoğan devrildi, o zaman müxtəlif qrupların sonrakı hərəkət xəritəsi necə olacaqdı sualına, hüquqşünas Ələsgər Əhmədoğlu, “Əsas məsələ keçidi təmin etmək idi; sonrakı halda isə kim güclüdür aydın olacaq, zəifləri məhvetmə prosesi başlanacaqdı, necə ki, 1960-cı ildə bu baş vermişdi. Xuntacıların hamısı 6 aydan sonra sürgünə göndərilmişdi,” cavabını verdi.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğluna görə, 15 iyul çevrilişinin reallaşması üçün sosial sifariş yox idi.

“Bu çevrilişin Atatürk dəyərlərinə, yoxsa dünyəviliyin bərqərar olmasına hansısa aidiyyatı yoxdur. Məlum məsələdir ki, orduda ‘gülençilər’ var idi və bu çevrilişi onlar təşkil etmişdi. Əsas səbəb isə Erdoğanı hansı yolla olursa-olsun hakimiyyətdən devirmək idi. Belə ki, onlar görürdülər ki, Erdoğan son 3 ildə Gülen hərəkatına qarşı ciddi mübarizə aparır və hər imkanda bu hərəkatın fəaliyyətini istər ölkə daxilində, istərsə də xaricdə neytrallaşdırır. Bundan sonra isə ordu daxilindəkilərin hərəkətə keçməsi prosesi baş verdi.”

Cənab Şahinoğlu da çevriliş cəhdində yalnız Gülenə yaxın qüvvələrin iştirakını doğru hesab etmir. O deyir ki, burada məqsədi eyni, amma fərqli düşüncələri olan digər qrupların da iştirakı mümkündür.

"Kimsə Erdoğanı bəyənmir; kim isə, bu yaxınlarda keçirilməsi planlaşdırılan Yüksək Hərbi Şuranın qərarı ilə təqaüdə göndəriləcəkdi, amma o siyasi hakimiyyətdə təmsil olmaq istəyirdi, və sairə".

Politoloq Nəsimi Məmmədli deyir ki, Türkiyədə dinc insanların kütləvi şəkildə qətlə yetirilməsi, Məclis binasının bombalanması onu göstərir ki, qiyamçıların niyyəti heç də ölkəyə demokratiya gətirmək deyildi.

"Görünən budur ki, xalqın mütləq əksəriyyəti, toplumun elitası, ordunun və siyasətin sekulyar hissəsi bu çevrilişin arxasında dayanan qüvvələrə fürsət verməməkdə qərarlı oldu. Çünki, faktiki olaraq hakimiyyətdə olan dindar kəsim çevrilişə cəhd edənlərdən daha sekulyar hesab edilə bilər. Gülen təriqətinin hakimiyyətə yiyələnəcəyi təqdirdə Türkiyə üçün gətirəcəyi daha qorxunc fəlakətləri ehtimal edən dairələr çevrilişə müqavimət göstərməklə Erdoğanın böyük miqyaslı müdafiəsində göründü".

Misir ssenarisi

“Anti-konstitusion addımlar atan bir qrup Konstitusiyanı və Atatürk dəyərlərini necə qoruya bilər?!” politoloq İlqar Vəlizadə sual edir.

“Ötən ilin 7 iyun seçkisi göstərdi ki, Erdoğanı və onu dəstəkləyən qüvvələri seçki yolu ilə hakimiyyətdən devirmək mümkündür. Müxalifət partiyaları öz ambisiyalarını kənara qoyub hökumətlə koalisiyaya getsəydilər vəziyyət tamam başqa cür olardı. Müxalifət buna getmədi, xalq da gördü və təkrar seçkilərdə onları məğlub etdi.”

Vəlizadə əlavə edir ki, hərbi çevrilişdə iştirak edən qüvvələr çevriliş yolu ilə deyil, ordudan istefa verib dinc yolla siyasi proseslərə qoşulsaydılar, o zaman Atatürk ideyaları ilə hakimiyyət mübarizələri "effektiv olardı".

Politoloq bildirir ki, çevriliş reallaşsaydı, Misir ssenarisi baş tutacaqdı.

"Necə ki, ilk günlər hamısı Misirdəki inqilabı, Sisini (Abdel Fattah el-Sisi, Misirin hazırki prezidenti) tənqid etdi, sonra onun legitimliyini tanıdı, eyni şey Türkiyədə də olacaqdı".