Ermənistan naziri: Qarabağı müdafiə etməkdə qərarlıyıq

Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib ki, Ermənistan Azərbaycanla münaqişə təqdirində Dağlıq Qarabağa hərbi dəstək göstərməkdə qərarlıdır.

"Mən həmişə Dağlıq Qarabağ Respublikasının təhlükə ilə üzləşdiyini demişəm. O daha bir təcavüzə məruz qalsa, əməkdaşlıq çərçivəsinə uyğun olaraq Ermənistanın Silahlı Qüvvələrilə (Qarabağın) müdafiə qüvvələri Qarabağ torpağının hər bir qarışını müdafiə etmək üçün əlindən gələni əsirgəmiyəcək”, - Seyran Ohanyan mətbuat konfransında bildirib.

Bu həftə Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "son vəziyyəti" İran prezidenti Həsən Ruhaniyə çatdıraraq qeyd edib ki, "Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Bu gün nəinki Dağlıq Qarabağ, onun ətrafında yerləşən 7 rayon işğal altındadır. Azərbaycan əhalisi bu bölgələrdən zorla çıxarılıbdır".

Münaqişənin həllinin yolları kimi cənab Əliyev deyib: "Erməni silahlı qüvvələri - Azərbaycanın ərazi bütövlüyünü pozan bu qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Bunu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də tələb edir".

Cənab Ohanyan Qarabağ danışıqlarına toxunaraq torpaqların "birtərəfli qaydada veriləcəyi" barədə iddiaları rədd edib.

Həmçinin oxu:

Ohanyan həmçinin Rusiyadan kreditlə silah almaq üzrə müqavilələrin tamamlanmaq mərhələsində olduğunu bildirib.

O deyib ki, təhlükə yaranarsa Rusiya Ermənistanın müdafiəsilə bağlı müxtəlif müqavilələrdə əks olunmuş öhdəliyini yerinə yetirəcək.

Aprel ayında Qarabağda münaqişənin fəallaşması nəticəsində hər iki tərəfdən onlarla əsgər həlak olub.

Bu barədə daha geniş