Danışıqların fokusu Dağlıq Qarabağdan ətrafdakı "işğal olunmuş ərazilərə yönəlir"

Son həftə ərzində bölgə liderlərinin görüşləri fonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bır sıra bəyanatlar səslənib.

Azərbaycan və Türkiyə prezidentləri Qarabağın ətraf rayonlarının “təhvil verməsi” barədə danışıblar. Bakıya səfərdən sonra Rusiya prezidenti Ermənistanın münaqişənin həllində maraqlı olduğunu deyib.

Bəs görəsən tənzimləmə ilə bağlı müxtəlif səviyyələrdə səslənən bəyanatlar nədən xəbər verir və Ermənistanda bu bəyanatları necə dəyərləndirirlər?

Yerevanda mənzillənən Regional Tədqiqatlar Mərkəzinin təsisçisi və direktoru Richard Giragosyan hesab edir ki, bu danışıqlar yeni imkanların yaranmasından xəbər verə bilər.

"Aprel ayındakı müharibə tənzimləmədə yeni fürsətlər yaradıb. Belə ki, 1994-cü ildən bəri Dağlıq Qarabağda baş verən ən şiddətli döyüşlərdə Azərbaycanın hərbi strategiyası yeni və uğurlu oldu. Azərbaycan ilk dəfə ərazi alıb onu əlində saxlamağı bacardı. Bu, Ermənistanın hərbi baxımdan yenilməz olması mifini dağıtdı. Beləliklə, aprel hazırda mövcud olan mərhələni yaratdı", - cənab Giragosyan BBC Azərbaycancaya bildirib.

Fotonun müəllifi Getty
Image caption Aprel ayında baş verən 4 günlük münaqişədə onlarla adam həlak olub.

Onun sözlərinə görə, Dağlıq Qarabağın "kənarındakı işğal olmuş" bir-iki rayonu qaytarmaq üçün Moskva diplomatiyası Ermənistana qarşı təzyiq və sövqedici addımlardan istifadə edir.

Həmçinin oxu: Ermənistan böhranı - qələbədən qalan miras

Bu güzəştə getmək olsa da, yekun tənzimləmədən uzaqdır, politoloq deyir.

"Hazırda gördüklərimiz təməl diplomatiyanın qayıdışıdır. Yəni tərəflər döyüşmək əvəzinə danışıqlara qayıdır. Hərçənd ki, onları güzəştlərə hazırlamaq üçün xeyli iş görülməlidir".

Cənab Giragosyanın fikrincə son həfətlər ərzində Ermənistanda narazılıq və iğtişaşlar Ermənsitan hökumətinin mövqelərini zəiflədə və populyarlığını azalda bilər. Bu isə öz növbəsində güzəşt imkanlarını çətinləşdirə bilər.

Çərşənbə günü Ermənistan prezidenti Serj Sarkisyanla danışıqlardan sonra "münaqişədə qalib və məğlublar" olmamalıdır deyən prezident Putinin bəyanatına diqqət çəkən politoloq hesab edir ki, Putinin bəyanatı "diplomatik tərəqqinin dəqiq təsviridir".

Fotonun müəllifi AFP
Image caption Rusiya hır iki tərəfin əsas silah təchizatçısıdır.

“Hər iki tərəf aşkarcasına məğlub və ya qalib olmadan kompromis və güzəştə gedə bilməlidir”, Giragosyan deyib.

Güzəşt

Ekspertin qənaətinə görə, Putinin bəyanatı həmçinin o deməkdir ki, danışıqların fokusu "Dağlıq Qarabağdan daha çox işğal olunmuş rayonlara" yönəlib.

Hazırda yaradılan şərait Azərbaycana Dağlıq Qarabağı tədricən əlindən buraxmağa imkan verməlidir, cənab Giragosyan hesab edir.

Rusiyanın rolundan danışan ekspertin fikrincə, prezident Putin daha əvvəl tutduğu Ermənistanpərəst mövqeyindən bir qədər uzaqlaşır və "daha tələbkar mövqeyə" keçir. "Bunu etmək üçün, cənab Putin ölkəsinin hər iki tərəf üçün əsas silah təchizatçısı mövqeyindən yararlanır".

Richard Giragosyan Rusiya ilə yanaşı hazırda Türkiyənin də fəallaşdığını qeyd edib.

Onun sözlərinə əsasən Ankara Qarabağ tənzimləməsi vasitəsilə Ermənistanla əlaqələrin normallaşması cəhdlərini canladırmaq niyyətindədir.

Politoloqun fikrincə tənzimləmənin uğuru üçün imkanlar yaransa da, sülh prosesi cəmiyyətlərin güzəştə getməyə hazır olub-olmamasından asılı olacaq.

“Təsəvvür edək ki, Azərbaycan və Ermənistan prezidentləri hətta sülh sazişinə nail olub, onu imzalayıblar. Bu avtomatik olaraq onun əhali tərəfindən qəbul edilməsi demək deyil”.

Bu barədə daha geniş