Putin: Qarabağ tənzimlənməsində "nə qalib, nə də məğlub" olmalıdır

Rusiya Ermənistanla Azərbaycan arasında gərginliyin səngiməsində maraqlıdır və “Qarabağ düyününün ATƏT-in Minsk Qrupu, eləcə də Bakı və Yerevanla birbaşa təmaslar çərçivəsində açılması yollarının axtarışında hər cür kömək etməyə” hazırdır, Kremldə Ermənistan prezidenti ilə birgə mətbuat konfransında Vladimir Putin deyib.

Rusiya prezidenti ümidvar olduğunu bildirib ki, Ermənistanla Azərbaycan mövcud ziddiyyətlərin güzəştli tənzimlənməsinə nail ola bilərlər və bu yolda “nə qalib, nə də məğlub olmuş tərəf olar”.

Vladimir Putin Ermənistan prezidenti ilə danışıqlar əsnasında Dağlıq Qarabağ tənzimlənməsinə Ermənistan-Rusiya-Azərbaycan 20 iyun Sankt-Peterburq üçtərəfli sammiti və iki gün əvvəl Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşün nəticələri baxımından “ciddi diqqət” yetirildiyini bildirib.

“Qalib və məğlub tərəf olmamalıdır”

Vladimir Putin Azərbaycan prezidentinin - erməni tərəfin Qarabağın ətraf rayonları “təhvil verməsi” ilə bağlı bəyanatlarının “nə dərəcədə danışıqlar prosesinin ruhuna uyğun” olduğuna dair sualı şərh etməkdən imtina edib.

“İlk növbədə güman edirəm ki, həmkarlarımın dediklərini şərh etmək səlahiyyətim yoxdur. Dərin məlumat almaq istəyən birbaşa bəyanat müəlliflərinə müraciət edə bilər”, - Putin deyib.

Eyni zamanda, Rusiya prezidentinin sözlərinə görə, çox ciddi mövqelərin uzlaşdırılması və kompromis axtarışı prosesi gedir, və “bu olduqca mürəkkəb iş əsnasında hər hansı tələbli mövqe ifadə etmək üçün bütün siyasi-diplomatik, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunur“.

“Burada qeyri-adi bir şey yoxdur. Bu, adi praktikadır”, - cənab Putin deyib.

Onun sözlərinə görə, həm Ermənistan, həm Azərbaycan sülh və əmin-amanlıq şəraitində yaşamaq, əməkdaşlıq etmək və iqtisadiyyatı inkişaf etdirmək üçün bu problemin həllini istəyir.

“İlk növbədə bunda Ermənistan maraqlıdır – bütün infrastruktur, iqtisadi məhdudiyyətləri ardan qaldırmaq ki, iqtisadiyyat inkişaf etsin və son nəticədə insanlar daha yaxşı yaşasın, erməni dövlətçiliyi möhkəmlənsin. Və məqsədimiz bu nəticələrə çatmaqdır”, - cənab Putin qeyd edib.

Onun sözlərinə görə, o, Bakıda prezident Əliyevlə təmaslardan sonra, Azərbaycan tərəfinin də buna nail olmaq istədiyi qənaətinə gəlib.

“Lakin elə yanaşma və elə sxemlər tapmalıdır ki, tərəflərin heç biri özünü nə qalib, nə də məğlub olmuş hiss etsin, Ermənistan və Azərbaycan liderlərinin özləri elə bir qərara gəlsinlər ki, hər iki ölkə cəmiyyətləri tərəfindən qəbul olunsun”, - deyə, Vladimir Putin, belə olan halda, Rusiyanın da, Minsk Qrupunun başqa üzv ölkələri kimi, bunun qarantı qismində çıxış etməyə hazır olduğunu bildirib.

“Qarabağ probleminin mahiyyəti”

Ermənistan prezidenti Vladimir Putinlə “məhz Qarabağ probleminin mahiyyəti barədə təfsilatı ilə” söhbət etdiyini bildirib.

Onun sözlərinə görə, Qarabağ probleminin mahiyyəti – “Qarabağ xalqının öz müqəddəratını həll etmək uğrunda mübarizədir”.

“Bu, bütün xalqların ayrılmaz haqlarıdır, Qarabağ probleminin həlli isə, bu haqlara hörmət və onun həyata keçirilməsini təmin etməkdir”, - Sarkisyan deyib.

O, bu münaqişənin səbəblərini qoyub nəticələrini aradan qaldırmaqla həll etmək mümkün deyil.

Sarkisyan Rusiya prezidenti ilə danışıqların “mühüm məqamlardan biri” Qarabağ problemi üzrə “Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsi prosesi” olub.

“Bu, ilk növbədə döyüş əməliyyatlarının dayandırılması haqqında 1994-1995-ci il üçtərəfli müddətsiz razılaşmaların şəksiz yerinə yetirilməsi, təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin yaradılması və ATƏT sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsidir”, - Ermənistan prezidenti deyib.

Serj Sarkisyan həmçinin iki il bundan əvvəl Soçidə Qarabağ münaqişəsi həllinin əsas prinsiplərinin müzakirə olunduğunu xatırladaraq, həmin prinsiplərin “dəyişməz” qaldığını söyləyib.

Silah məsələsi

Serj Sarkisyan bölgədə sabitliyin Azərbaycanla Ermənistan arasında silah balansı sayəsində qorunduğunu deyə, Rusiyanın Ermənistana ayırdığı 200 milyon dollar həcmində silah tədarükünün ləngidiyinə işarə edib.

Rusiya prezidenti Moskvanın öz öhdəliklərini həmişə yerinə yetirdiyini vurğulayıb.

“Silah məsələsinə gəldikdə, bizim Ermənistanla bu istiqamətdə proqramımız mövcuddur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, müttəfiqimizdir. Bizim müəyyən qarşılıqlı öhdəliklərimiz vardıq, və Rusiya öz öhdəliklərini yerinə yetirir”, - Putin bəyan edib.

Azərbaycan tərəfinin böyük miqdarda silah əldə etməsinə gəldikdə, Vladimir Putin “müasir silah bazarında istənilən ölkənin istədiyi silahı” ala bildiyini bildirib.

“Və Azərbaycan kimi, neft çıxaran, 10 milyon əhalisi olan və sürətlə inkişaf edən iqtisadiyyatı və kifayət qədər böyük həcmdə qızıl-valyuta ehtiyatlarına malik olan bir ölkə haradan olsa silah almaq iqtidarındadır. Anlayırsınız? Haradan istəsə”, - deyə, cənab Putin indi məsələnin hərbi tərəfinə diqqət yetirmək istəmədiyini bildirib.

“Problemi həll etmək istəyiriksə, onu dinc vasitələrlə həll etmək lazımdır”, - Rusiya prezidenti deyib.

Bu barədə daha geniş