Türkiyə: çevrilişdən əvvəl həbs olunmuş 38 min adam azad olunacaq

Fotonun müəllifi AFP
Image caption Türkiyə həbsxanalarında 183,000 adam cəza çəkir

Türkiyə qanunvericiliyindəki dəyişikliklərə görə həbsxanalarda saxlanılan 38 min adam azad olunacaq. Bu barədə Twitter hesabında ədliyyə naziri yazıb.

Bekir Bozdağ bildirir ki, son addım əvf yox, şərti azad olunmadır. Qərar yalnız 1 iyuladək törədilmiş cinayətlərə görə məhkum edilmiş şəxslərə şamil edilir.

Məlumata əsasən ağır cinayətlərlə bağlı cəza çəkənlərin azad olunması nəzərdə tutulmur.

İyul ayında baş verən çevriliş cəhdi ardınca Türkiyədə kütləvi həbslər həyata keçirilir. 80 mindən artıq adam vəzifələrindən kənarlaşdırılıb. İki minədək qurumun fəaliyyəti dayandırılıb.

Qiyam cəhdi ilə bağlı aparılan araşdırma çərçivəsində 35 mindən artıq şəxs saxlanılıb. Onlardan 17 mini həbs olunub.

Çərşənbə günü 2 mindən çox polis və yüzlərlə hərbçinin istefaya göndərildiyi məlum olub.

Türkiyə məhbəslərində saxlanılan məhkumların sayı 2002-ci ildə prezident Erdoğanın AKP partiyasının hakimiyyətə gəlməsindən sonra 3 qat artıb.

Ötən ay Ədliyyə Nazirliyinin dərc etdiyi məlumata görə Türkiyə həbsxanalarında 183,000 adam cəza çəkir.

Bu barədə daha geniş