Ermənistanla Rusiya vahid qoşun yaradırlar

Image caption Vladimir Putin Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazasında (2 dekabr 2013)

Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Seyran Ohanyan Rusiya və Ermənistan silahlı qüvvələrinin vahid qoşun qrupunu yaratmaq haqqında saziş imzalayacaqlar, RF müdafiə nazirinin müavini Anatoli Antonov bəyan edib.

Çərşənbə axşamı Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Nazirlər Şurasının növbəti iclası çərçivəsində Ermənistan və Rusiya müdafiə nazirlərinin görüşündən sonra, Rusiya informasiya agentlikləri Anatoli Antonova istinadən, Ermənistanla Rusiyanın “istər ikitərəfli, istər beynəlxalq strukturlar formatında uğurlu əməkdaşlıq” etdiyini bildirib.

Antonovun sözlərinə görə, tərəflər arasında “yüksək əməkdaşlıq səviyyəsi cari məsələlərin operativ həllinə və eyni zamanda regiona aidiyyəti olan dəyişikliklərə reaksiya verməyə” imkan verir.

Hazırda ölkələr arasında hərbi əməkdaşlıq sahəsində 50-ə yaxın müqavilə imzalanıb, gələcəkdə onların sayı daha da artacaq, RF müdafiə naziri müavini Anatoli Antonov deyib.

Təfərrüatlarını açıqlamadan Rusiya hərbi rəsmisi deyib ki, vahid qoşun qruplaşmasının yaradılması “birgə hərəkətlər qaydasının nizamlanması və qruplaşmanın vaxtında lazımi informasiya ilə təmin olunmasına imkan verəcək”.

Bu arada Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bəyan edib ki, söhbət “artıq fəaliyyət göstərməkdə olan vahid qruplaşmadan gedir”.

“Onun [qruplaşmanın] sayı və funksiyaları baxımından müəyyən dəyişikliklər edilir. Bu, illər boyu gerçəkləşdirilən və dinamik inkişaf etməkdə olan prosesdir”, - o deyib.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, vahid qoşunlar qruplaşması 2000-ci ildə Ermənistanla Rusiya arasında qoşunlardan birgə istifadə etmək haqqında Soçidə imzalanmış saziş əsəsında yaradılıb.

Sənədə əsasən, qruplaşmanın vəzifəsi – vahid komandanlıq altında Ermənistan və Rusiyanın müştərək müdafiəsi məsələlərini həll etməkdir.

Qruplaşma Ermənistan ərazisində yerləşən Ermənistan və Rusiya silahlı qüvvələri hərbi hissələrindən ibarətdir və ona, ötən ay prezident Sarkisyanın fərmanı ilə təyin olunmuş, Ermənistan silahlı qüvvələrinin nümayəndəsi general-mayor Andranik Manukyan komandanlıq edir.

Bu barədə daha geniş