Türkiyə: partlayışı "12-14 yaşlarında uşaq" həyata keçirib

Fotonun müəllifi Reuters

Türkiyədə 51 nəfərin ölümünə səbəb olmuş partlayışı 12-14 yaşlarında bir yeniyetmə həyata keçirib, prezident Recep Tayyip Erdoğan deyib.

Cənab Erdoğan qeud edib ki, hücumun arxasında özünü "İslam Dövləti" (İD) adlandıran qrup dayanır.

Hadisə nəticəsində 69 nəfər yaralanıb, onlardan 17-nin vəziyyəti ağırdır.

Partlayış Gaziantep şəhərində küçədə keçirilən kürd toyu zamanı bombalı intiharçı tərəfindən törədilib.

Fotonun müəllifi Reuters

Əsasən kürdlərin məskunlaşdığı Gaziantep şəhəri Suriya sərhədinin 60 kilometrliyində yerləşir və orada bir neçə İD özəklərinin olduğu güman edilir.

BBC müxbiri Şeref İşler hazırda Gaziantepin cənub istiqamətində kürd silahlı birləşmələri ilə İD yaraqlıları arasında döyüşlər getdiyini qeyd edir.

Fotonun müəllifi STR

May ayında da bu şəhərdə iki polisin həlak olmasına səbəb olmuş bomba hücumunun İD tərəfindən törədildiyinə dair mülahizələr söylənilir.

Daha əvvəl, şənbə günü, Türkiyənin baş naziri Binali Yıldırım Ankaranın Suriyada hərbi münaqişənin aradan qaldırılması prosesində daha fəal rol oynamaq niyyətində olduğunu bəyan etmişdi.

Fotonun müəllifi STR

Cənab Erdoğan yerli mediada çap edilmiş bəyanatında deyir ki, İD, PKK-çı kürdlər və ötən ay baş vermiş çevrilişə cəhddə ittiham etdiyi ABŞ-da yaşayan ruhani Fethullah Gülen tərəfdarları arasında "fərq yoxdur".

"Ölkəmizin və xalqımızın bizə hücum edənlərə yenə də bir mesajı var - siz uğur qazanmayacaqsınız!" o deyib.

Gaziantep qubernatorunun bəyanatında partlayış “dəhşətli terror hücumu” adlandırılır.

Xalq Demokratik Partiyasından (HDP) deputat Mahmut Toğrul deyib ki, toy sahibi onların üzvlərinin biri idi.

BBC müxbiri Mark Lowendən:

İD-in Gaziantepdə əməliyyatlar həyata keçirdiyi məlumdur.

Türkiyə ötən illərdə də İD və kürd qiyamçılarının bomba hücumlarına məruz qalıb. İD-in iyun ayında sonuncu hücumu zamanı 40-dan çox insan ölüb.

Son zamanlar cihadçılar Suriyanın şimalında Məncib şəhəri də daxil olmaqla, əraziləri itirirlər. Suriyanın üsyançı əsgərləri hazırda Cərəblus vilayətini geri qaytarmağa çalışır.

Əgər indiki partlayışın İD-in işi olduğu təsdiqlənərsə, bu qisas hücumu kimi xatırlana bilər.

Bu barədə daha geniş