Türkiyə: Qaziantepdə qurbanların "çoxu uşaqlardır"

Fotonun müəllifi AFP

Türkiyənin Qaziantep şəhərində kürd toyunda bomba partlayışının əsas qurbanları uşaqlar olub.

Media yazır ki, qurbanların 29-u 18 yaşı tamam olmamış uşaq və yeniyetmələr olub. Rəsmilər 22 nəfərin 14 yaşından aşağı olduğunu söyləyir.

Bazar günü ölənlərin sayı 54 olub.

Prezident Recep Tayyip Erdoğan deyib ki, hadisəni 12-14 yaşlarında bir uşaq törədib.

Cənab Erdoğan partlayışa görə özünü İslam Dövləti adlandıran qrupu ittiham edib.

Suriya ilə həmsərhəd olan Qaziantepdə bir neçə İD şəbəkəsinin olduğu güman edilir.

Fotonun müəllifi AFP

Bazar ertəsi Türkiyə rəsmiləri bombalı intiharçının DNT analizlərinin cavablarını gözləyir, Hürriyet qəzeti bildirib.

Qəzet yazır ki, metal qalıqlarından hazırlanmış bombanın tipi kürdlərin nümayişləri zamanı istifadə edilmiş digər bombalara bənzəyir.

ABŞ-in liderlik etdiyi koalisiyanın yardımı ilə kürd qüvvələri Suriyada İD-ə qarşı döyüşlərdə ön cəbhədədir.

Mark Lowen, Qaziantepdəki BBC müxbiri

Hələlik hücum edənin milliyətini - suriyalıdır, türkdür və ya başqadır - bilmirik, lakin onun nəsli uşaqlıq saflığını parçalayan və onu öldürməyə sürükləyən Suriya münaqişəsinə təsadüf edib.

Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib, amma özünü İslam Dövləti adlandıran qrup əsas şübhə hədəfidir.

Qrup Türkiyə ilə sərhəddə, Məncibdə kürd qüvvələrinə ərazi uduzub və Cərəblusda Azad Suriya Ordusunun potensial əməliyyatları ilə üzləşir. Bu, hücuma təkan verə bilərdi.

Həmçinin xatırlamaq lazımdır ki, İD-in Türkiyədəki özəkləri aktivdir və onlar da dağıdıcı təsirə malik hücumlar edə bilər.

Türkiyədə hücumlar tarixcəsi:
  • 20 avqust: Qaziantepdə toy mərasiminə bomba hücumu nəticəsində 54 nəfər ölüb, İD şübhəli bilinir
  • 29 iyun: İstanbulda Atatürk hava limanına bomba və silah hücumu, 41 nəfər həlak olub. Hadisəyə görə İD şübhəli bilinir
  • 13 mart: Ankarada kürd qiyamçılarının avtomobilə bomba qoyması nəticəsində 37 nəfər ölüb
  • 17 fevral: Ankarada hərbi konvoya hücum zamanı çoxu mülki şəxs olmaqla 28 nəfər həlak olunub
  • 12 yanvar: İstanbulda bombalı intiharçı hücumu. Səkkizi alman turisti olmaqla 10 nəfər həlak olub. Hadisəyə görə İD şübhəli bilinir
  • 2015, oktyabr: Ankarada kürdlərin sülh nümayişində 100-dən çox insan həlak olub. Bu hadisə Türkiyədə baş vermiş ən ölümcül hücum hesab edilir

Bu barədə daha geniş