İran: Rusiya Həmadan bazasından hələ də istifadə edir

Fotonun müəllifi icana
Image caption Əli Laricani bazanın Rusiya tərəfinə daimi əsasda verilmədiyini bildirib.

Rusiya İranın Həmadan şəhərindəki aviabazasından Suriyada hücumlar üçün istifadə etməkdə davam edir, İran parlamentinin spikeri deyib.

Əli Laricani bazanın Rusiya tərəfinə daimi əsasda verilmədiyini bildirib.

"Uçuşlar dayandırılmayıb və İran Rusiya ilə terrorçuluqla mübarizədə əməkdaşlığını davam etdirir”, - Əli Laricaninin sözləri Tasnim agentliyində iqtibas olunur.

"Biz Həmadan bazasında mənzillənmək imkanını heç bir dünya dövlətinə verməmişik".

Bazar ertəsi yayılan məlumatlarda deyilir ki, Rusiya Həmadandakı hava bazasından istifadəni dayandırır.

Bundan əvvəl İranın müdafiə naziri Hüseyn Dehqan Rusiyanı baza ətrafında əməkdaşlıq barədə məxfi məlumatı aşkara çıxarmağa görə tənqid etmişdi.

Həmçinin oxuyun:Suriya münaqişəsində Rusiya “qalib” ola biləcəkmi?

Avqustun 16-da ilk dəfə olaraq İrandan göyə qalxan Rusiya təyyarələri Suriya ərazisini bombardman etmişdilər.

Həmadan bazasının istifadəsi Yaxın Şərqdə güvvələr nisbətinin dəyişməsi ilə bağlı müzakirələrə təkan verib.

ABŞ bildirir ki, İrandakı şimal-qərbindəki bazanın istifadəsi barədə məlumatlar "təəssüf doğursa da, gözlənilməz olmayıb".

Bu barədə daha geniş