Qanada hesab edirlər ki, Qandi "irqçi" olub

  • BBC Trending
  • Müzakirə olunan mövzular
Mahatma Gandhi heykəli

Şəklin mənbəyi, Daniel Osei Tuffuor

Nelson Mandela deyib ki, Mahatma Qandinin fikirləri Cənubi Afrikada irqi ayrıseçkiliyi aradan qaldırmaqda kömək edib.

Efiopiya imperatoru I Haile Selassie də onun heyranı olub. "Azad insan və azadlıq və ədaləti sevən insanlar yaşadıqca Mahatma Qandi xatırlanacaq," o deyib.

Lakin heç də bütün Afrika liderləri "Hindistanın Atasına" rəğbətlə yanaşımırlar.

Qana Universitetinin müəllimləri tərəfindən başladılmış onlayn petisiyanı artıq 1000-dən çox insan imzalayıb. Onlar Mohandas Karamçand Qandinin universitet kampusundan götürülməsinə çağırılar.

Müəllimlərin fikrincə Hindistanın Britaniyadan azadlığı uğrunda qeyri-zorakı hərəkata rəhbərlik etdiyi üçün mədh edilən Qandinin "irqçi kimliyi" olub.

Petisiyada Qandinin yazılarından sitatlar gətirilir. Bu sitatlarda o, afrikalıları "Afrikanın vəhşiləri və ya yerliləri" və "kafir"lər adlandırır.

Misal üçün, Qandinin 1893-cü ildə Cənubi Afrika parlamentinə yazdığı məktubda deyilir: "Belə bir fikir üstünlük təşkil etməyə başlayıb ki, hindistanlılar indi Afrikanın vəhşiləri və ya yerlilərinə nisbətən bir az daha yaxşıdırlar, əgər yaxşı demək olarsa".

Bütün iqtibaslar Mahatma Qandinin işlərinin toplandığı GandhiServe adlı onlayn mənbədən götürülüb.

"Bir tarixçi necə Qandinin Qara irqə qarşı pis münasibətini öyrədəcək və izah edəcək və eyni zamanda kampusda onun şərəfinə ucaldılmış heykələ tamaşa edəcək?" petisiyada deyilir.

Heykəl Hindistan prezidenti Pranab Muxerji tərəfindən Qana hökumətinə hədiyyə edilib.

#PresidentMukherjee

Şəklin mənbəyi, Twitter

Şəklin alt yazısı,

#PresidentMukherjee dünən Qana Universitetinin kampusunda Mahatma Qandinin heykəlininin açılışını edib, Hindistan prezidentinin Twitter mesajında deyilir

Bu, dərhal etirazlara səbəb olub. Bəzi qanalılar #GandhiMustComeDown həştəqindən istifadə etməklə müəllimlərlə həmrəyliklərini nümayiş etdiriblər.

Qana Universitetinin keçmiş tələbəsi Daniel Osei Tuffuor da petisiyanı imzalayanlar arasındadır.

O, BBC Trendinqə deyib ki, "Qanalılar özlərindən əmin olmalıdır və biz öz qəhramanlarımızı önə çəkməliyik. Qandinin fəaliyyətinin sülhlə əlaqəsi yoxdur. Sülh və əmin-amanlıqdan danışıb iqrçiliyi təbliğ edən hər kəs riyakardır".

Qandinin qara dərili afrikalılara qarşı münasibəti mövzusu yeni mövzu deyil.

Onun bioqrafı və nəvəsi Rajmohan Qandi bildirib ki, onun babası ilk dəfə Afrikaya 24 yaşı olarkən hüququşünas kimi işləmək üçün səyahət edib.

O, heç şübhəsiz "həmin vaxtlar Cənubi Afrikanın qara dərili insanları barədə biliksiz və qərəzli idi," Rajmohan Qandi deyir.

O əlavə edib ki, "Qandi nöqsanlı olduğu vaxt belə bir çox müasirlərindən daha qabaqcıl olub".

Mahatma Qandi Afrikada

Şəklin mənbəyi, Hulton Archive

Şəklin alt yazısı,

Qandi Cənubi Afrikada hüquqşünas kimi işlədiyi vaxt çəkilmiş şəkil

Petisiya müəlliflərindən biri olan Dr Obadele Kambon BBC-ə bildirib ki, "yaxşı olardı ki, onun yerində və ya başqa bir yerdə klassik, ənənəvi və müasir afrikalı qəhrəmanların abidələri ucaldılsın".

"Bizə öz görüntülərimiz lazımdır, bizi vəhşi adlandıranların deyil..." o deyib.

Megha Mohan -ın bloqu