Vahe Avetianın Bakıya gəlməsi Azərbaycan sosial mediasında

Şəklin mənbəyi, TOBIAS SCHWARZ/GETTY
Erməni əsilli yazıçı və fəal Vahe Avetian ötən həftəsonu Bakı aeroportunda olduğunu bəyan edəndən sonra Ermənistandan, Azərbaycandan və dünyanın başqa yerlərindən bir çox sosial media istifadəçiləri hadisəyə münasibət bildirib.
"Vahe Avetian göstərdi ki, fəal olmaq lazımdır", Bəhruz Səmədov adlı istifadəçi Vahe Avetianın Bakıda olduğunu göstərən statusunu paylaşaraq rus dilində Facebook-da yazıb. "Təəssüflər olsun ki, hər şey belə alındı. "Uğurlar sənə, Vahe. Sülhə sülh".
Abel Manukyan adlı istifadəçi Facebookda yazır ki, Avetianı və hər hansı ermənini Bakıya səfər etməsi üçün qınamır. "Lakin Bakıda öz millətini lənətləyən erməni satqındır və öz xalqı tərəfindən istənilən davranışa layiqdir".
Mətanət Əzizovanın fikrincə Vahe Avetyanın Azərbaycan ərazisinə buraxılması "hökumətin xeyrinə 100 karma xalı" verərdi.
İsa Sadikov adlı istifadəçi həmçinin yazıçı-fəalı dəstəkləyib. "Düz elədiniz ki, gəldiniz. Biz həmişə qonaqlara şadıq", o yazıb. "Gedin öz ölkənizdə həqiqəti danışın ki, azərbaycanlılar qonaqpərvər, böyük ənənələri olan xalqdır, bizdən qorxmaq lazım deyil".
Ceyhun Musaoğlu isə Vahe Avetianın gəlməsinə o qədər şad deyil. "İsveçdən Azərbaycana gələn Vahe Avetyan deyib ki, erməninin bilet alıb sərbəst Bakıya gəlməsi ilk hadisədir. Gəlin təpki göstərək, ikincisi olmasın. Tarix dəqiq sübut edir: bir müddət sonra iki erməni Bakı hava limanında peyda olacaq, 5 ay keçəcək 3-ü gələcək. Beləcə yaltaqlıqla Qarabağın işğalını bizə unutdurmaq bicliyinə bürünəcəklər. Hər dəfə bizi belə aldadıblar. Bu dəfə aldanmayaq".
Vugar Bakhshalizada isə cənab Avetyanın "Xocalı Soyqırımına görə azərbaycanlılardan üzr istəməsini" qeyd edərək yazıb ki, bu, barışmaya doğru "inanılmaz bir addımdır".
Mammad Azizov həmçinin Vahe Avetianın paylaşdığı statuslardan birinin altında "sülhə sülh" sözlərini yazıb. "Bəli, 100 ildir bu lozunqu yadımızdan çıxarmışıq".
Eyni zamanda fəalın paylaşımları altında azərbaycanca çoxlu söyüşlər və tənqidlər də yazılıb.
Azərbaycanlı şair Mirzə Sakit isə məsələni belə şərh edib: "İndi bizim Babək-Kororğu nəsli olan dəliqanlılarımız erməninin Bakıya gəlməsinə bərk qəzəbləniblər.. Amma və lakin uzun illərdi ki, Azərbaycanın hakim elitasının tərkibində çoxsaylı erməni kökənlilərin buyruğu ilə oturub-durduqlarının fərqində deyillər..."

Erməni yazar: Xocalı abidəsinin önünə güllər qoymaq istəyirdim
Mən Azərbaycana gəlib Xocalı abidəsinin önünə güllər qoymaq, məscidə gedib müsəlmanlarla birlikdə dua etmək və sonra da dənizdə üzmək istəyirdim, Vahe Avetian BBC Azərbaycancaya müsahibəsində deyib.