#QadınQətllərinəSon: Səbinə Verdiyevanın qətlinə reaksiyalar

Səbinə Verdiyeva Fotonun müəllifi APA

Azərbaycanda, Qəbələ rayonunun Kürd kəndində Səbinə Verdiyeva qətlə yetiriləndən sonra sosial mediada - xüsusilə də Facebook-da #QadınQətllərinəSon həştəqi geniş yayılıb.

Üç uşaq anası, həm də hamilə olduğu deyilən gənc qadının atası, onun "xüsusi amansızlıqla" öldürüldüyünü deyib.

Siyasətçi Yeganə Hacıyeva həştəqi paylaşaraq yazıb: "Qadın qətlləri cəmiyyətdə artan radikallıq dərəcəsinin göstəricisidir. Bu həmdə cəmiyyətimizin faciəsidir, qadını, ananı öldürmək nə deməkdir ?! Hansı dəyərlər ixrac olundu cəmiyyətimizə ?! Bu coğrafiyada milli-mənəvi dəyərlərin əsasını həmişə qadına, uşağa hörmət təşkil etmişdir, indi nə dəyişib ?!"

Vafa Orkhan Sultanzadeh adlı istifadəçi isə yazıb ki, bu cür qətllərə son vermək üçün "cəmiyyət bünövrədən tərbiyə alınmalıdır. Hansısa qadın döyülüb polisə müraciət edən kimi, polis dala qaytarır. Dəfələrlə şahidi olmuşam".

Jurnalist Pərviz Əzimov "az qala hər gün" qadınların qətlə yetirildiyini qeyd edir. "Əri baltalayır, qardaşı bıçaqlayır, atası tövlədə bağlayıb öldürür. Qadın qətli təkcə yaşayan bir qadının qətli deyil, həm də selektiv abortdur. Bütün bu #qadınqətllərinəson deməliyik. Ən çox da kişilər özləri deməlidir bunu".

Şəhla Hüseynova adlı istifadəçi isə bazar ertəsi #qadınqətllərinəson həştəqini azı 13 dəfə paylaşaraq hərəsinin altında bu yaxınlarda baş verən oxşar qətl hadisələrini qeyd edib.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu həştəqi paylaşan ilk fəallardan olub. "Bu günlerde qadin qetillerine reaksiyaniz Fuad Poladovun senheden getmesine munasibetde cox passivdi. Sizce daha agir hadise hansidi???"

Senan Najafovun fikrincə məsələ bir qədər "şişirdilir":

"Az öncə bir dostumuz mənə yazdı ki, neçə nəfər qadın qətlə yetirilib? Hadisə nə zaman baş verib? Anlamadım. Nə hadisə? Nə genosid? Nə vaxt olub? QHT fəallarının başladığı #qadınqətllərinəson kampaniyasını nəzərdə tuturmuş. Sizə elə gəlmir ki, bir balaca çox şişirdirik?"

Nezaket Zeynallinın fikrincə "qatillərin məhkəməsi xalqa açıq keçirilməli, TVdə canlı yayınlanmalı, cəmiyyətdə bunu edənlərə qınaq yaratmaq üçün bütün vasitələr işə salınmalıdır".

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bu barədə daha geniş