İran etirazları: İranlılar bu barədə nə düşünür?

Qom protest Fotonun müəllifi Getty Images
Image caption Çərşənbə günü Qom şəhərində bu aksiya daxil olmaqla, hökumət tərəfdarları da İranın müxtəlif şəhərlərində nümayiş keçiriblər

Dekabrın 28-dən bəri İranın Məşhəd şəhərində başlayan nümayişlər artıq bir həftədir ki, davam edir.

Həm hökumətə dəstək olaraq keçirilən nümayişlər və həm də həftə ərzində keçirilən etiraz aksiyalarında səslənən şüarların müxtəlifliyi ölkədə fikir ayrılığının və fərqli problemlərin mövcud olduğunu göstərir.

Çərşənbə günü İranın bir çox şəhərində keçirilən iqtidaryönlü nümayişlərdə on minlərlə insan iştirak edib. Tənqidi nümayişlərdən fərqli olaraq, dövlət televiziyası bu yürüşləri canlı yayımla təqib edib.

Bəs iranlılar son həftənin hadisələri barədə nə düşünürlər? BBC Farsca iranlıların sosial şəbəkələrdə paylaşdığı şərhlərin bir qismini toplayaraq iranlıların fikirlərinə bir pəncərə açıb:

Zəhra - Məşhəd

Ruhaniyə səs vermiş bir insan kimi onun çıxışını dinlədim. Bir çoxları bu iğtişaşların arxasında nəyin durduğunu anlamırlar, çünki onlar sistemin siyasəti barədə heç nə bilmirlər. Bu iğtişaşlar harada başladı? İslahatçıların Məşhəddəki mərkəzi kimi tanınan Şohada meydanında. Ona görə də onlar nə cani, nə də ki adi insanlardırlar. Mən həmişə etiraz aksiyalarında iştirak etmişəm, amma bu dəfə etməmişəm. Bunun hamısı sadəcə siyasətdir.

Zəhra - İran

Bizi yeni bir çevrilişə cəlb etməyə Səudiyyənin kifayət qədər təsiri yoxdur. Əvvəla 40 il əvvəl olduğu kimi çevriliş adi insanlar üçündür. İndi isə biz çevriliş yox, amma diktatorların istəmədiyi islahatı istəyirik. İnsanlar buna görə artıq əziyyət çəkmək istəmir. 1979-cu ildəki kimi xaricdən İrana lider gətirib ona hakimiyyəti vermək istəmirik. Biz sadəcə bu əzaba və spekulyasiyaya son qoymaq üçün islahatlar istəyirik.

Zahi - İran

Mən cənab Netanyahunun İnstagram-dakı mesajını görəndə bu mənə ümid verdi. Əzilənlərə dəstəyin üçün çox sağ ol. Mən digər ölkələrdən də bunu gözləyirəm. Bu qəddar rejim öz xalqına qarşı çox sərtdir. Biz dəyənək və güllə altında olmamalıyıq. Bu bizim taleyimiz deyil. Bizim etiraz etməyə haqqımız və başqa ölkələrdən kömək istməyə haqqımız var.

Yaser - Talış

İran xalqının tələblərinin vaxtı çoxdandır ki, təxirə salınıb. Hakimiyyətdə heç kəs bu tələblərin səsləndirilməsinə platforma verməyib. Bu uzun illərdə xalqın səsi eşidilməyib. Yalvarıram, nə olar, küçədəki etirazçılarla bu cür rəftar etməyin. Onlar ləyaqətli insanlardır, təxribatçı deyillər. 20 il oxuyub doktorantura alanlar təxribatçı deyillər. Onlar iş, gəlir və evlilik istəyirlər. Heç bir etirazçı gülləyə layiq deyil. Siz mədəni bir nümayişə atəş açanda cavabında banklara daşların atılmasını gözləməlisiniz.

Tirdad - Tehran

Təki Tehran və İranın başqa şəhərlərində yox, həm də ki, dünyanın hər bir yerində kimsə ictimai binalara hücum edirsə, polis öz işlərini görüb bu əraziləri qoruyur, çünki bunu etmək üçün onlara maaş ödənir. Bu bir faktdır. Bəziləri hətta yanğınsöndürən maşına hücum ediblər! Əgər bu başqa bir yerdə baş versə idi, cavabı eyni olardı.

Sanaz - Əhvaz

Biz artıq səbirli ola bilmərik. Mən öz pulumu bir xüsusi kredit şirkətində itirdim. Bundan əvvəl biz hakimiyyət binasının önündə yığışıb etiraz etdik, lakin bir dənə məmur çıxıb bizə cavab vermədi. Onlar bizə gülürdü. Pulumuz götürüb, biz etiraz edəndə bizə rişxəndli üz ifadələri göstərdilər.

Araş - Tehran

Cənab Xameneyinin təyin etdiyi qurumların həyata keçirdiyi represiyalar bütün tənqidləri və etirazları liderin özünə yönəldir. Onlar deyirlər ki, nümayişlər mədəni olmalıdır, lakin iki partiyadan başqa bir siyasi partiyanın yaranmasına icazə veriblərmi?

Bu barədə daha geniş