Kompüterə danış, vəzifəni artırsınlar

Qadın Fotonun müəllifi Thinkstock

Danışıq təhlili proqramı şirkətlərə yeni namizədləri işə götürməkdə, işçilərin vəzifələrini artırmaqda və işçilər arasında stressin səviyyəsini ölçməkdə kömək edir.

"Bazar günü necə istirahət etdinizʔ" "Sonuncu tətiliniz necə keçdi?"

Bu suallar sadə səslənsə də, növbəti işiniz cavablarınızdan asılı ola bilər. Eyni zamanda, siz insanla deyil, kompüterlə danışacaqsınız.

Əziyyətli onlayn sorğu və ya psixometrik testlər əvəzinə, bəzi şirkətlər namizədlərin, telefon nömrəsinə zəng etmələrini və şəxsi kodu daxil edərək kompüter tərəfindən verilən suallara cavab vermələrini istəyirlər.

Başa düşmədinizʔ Növbəti suala keçmək üçün # düyməsini basın. Nə danışırsınız, danışın, sadəcə mahnı oxumayın. Nə dediyiniz önəmli deyil, necə deməyiniz vacibdir.

İnsan resursları departamentləri çoxdandır ən uğurlu ərizələri seçmək üçün kompüter alqoritmlərindən istifadə edir. İndi isə texnologiyadan istifadə yeni mərhələyə qədəm qoyur.

Bəzi şirkətlər danışıq təhlilini həyata keçirərək ünsiyyət bacarıqlarını qiymətləndirir, vəzifəni artırmaq üçün uyğun namizədi seçir və işçilərin stresslərini ölçürlər.

Bütün hallarda heç kim sizin nə dediyinizə qulaq asmır. Bəs bu, nə qədər obyektivdir və bunun riskləri nədir?

Image caption Danışıq təhlili stressin səviyyəsini ölçmək üçün də istifadə edilə bilər

Məsələ belədir. Sizin 15 dəqiqəlik səs yazınız kompüterdə təhlil edilir - səsinizin tonu, söz seçiminiz, cümləni necə qurduğunuz. Bu, sizin dəyişikliyə nə qədər açıq olduğunuzu, nə qədər həvəsli olduğunuzu, şəfqət hissinizi müəyyən edir.

Bir neçə saniyənin içində kompüter proqramı xarakterinizi müəyyənləşdirir.

"Dünyada elə bir insan yoxdur ki, 15 dəqiqənin içində şəxsiyyətin bu qədər aspektini təhlil edə bilsin", Almaniyada yerləşən Precire Technologies şirkətinin həmtəsisçisi Mario Reis deyir.

Onların danışıq təhlili alətlərini Randstad kimi nəhəng, nəqliyyat şirkəti olan Fraport və avtomobil sığortası xidməti verən Control€expert istifadə edir, Reis deyir.

Səsiniz kimliyinizi aşkar edir

Kompüter səs yazınızı deşifrə edir və onu 500,000 danışıq aspektinə bölür. Daha sonra faylınız silinir.

Sağlamlıq ərizələri üçün istifadə edildikdə bu anonim həyata keçirilir, Reis deyir.

Image caption Səs faylınız 500,000 danışıq aspektinə bölünür

Toplanmış məlumat əvvəlki nəticələrlə müqayisədə qiymətləndirilir. Precire tərəfindən aparılmış araşdırmada 6000 insanın səsi yazılıb, eyni zamanda onlar ənənəvi testlərdən də keçiblər.

Bu proqram işə namizədləri seçmək üçün əlverişli olsa da, məqsəd, yekun üz-üzə müsahibələri əvəz etmək deyil, Reis deyir.

Lakin ünsiyyət bacarığını ölçməyə gələndə o hesab edir ki, danışıq təhlili üstünlüyə malikdir.

ifp Management Diagnostic şirkəti Precire tərəfindən yaradılmış kompüter proqramından istifadə edərək işçilərinə satış və daha yuxarı vəzifələr üçün təlimlər keçir və onların stress vəziyyətlərini ölçür.

"İştirakçılarımızın rəyləri göstərir ki, onlar danışıq təhlillərindən heyrətə gəliblər", Almaniyada mənzillənmiş ifp Management Diagnostic-dən Rainer Baecker deyir.

"Bu sadəcə güclü və zəif cəhətləri göstərmir, eyni zamanda növbəti addımları atmaq üçün nəticələr çıxarmağımıza imkan verir", o deyir.

"Başqa bir üstünlük ondan ibarətdir ki, kompüterlə aparılan təhlillər gender, yaş və ya görünüş kimi aspektlərin təsirinə məruz qalmır və çox obyektivdir".

Fotonun müəllifi Thinkstock
Image caption Danışıq təhlilləri ərizəçilərin iş tapmalarını sürətləndirə bilər

Şirkətlərə vaxt və pul qazandırmaqla yanaşı, danışıq təhlilləri iş axtaranların da iş tapmalarını sürətləndirə və rahat edə bilər, Reis deyir.

Risklər

Lakin karyera təlimçisi və məsləhətçisi Matthias Martens xəbərdarlıq edir ki, bunun "işçilərə daha çox ziyanını görürəm, nəyinki xeyrini".

Burada, ana dili başqa olan insanların problemləri nəzərə alınmalıdır, eyni zamanda insanların nəticələri manipulyasiya etmə cəhdləri də ola bilər.

O həmçinin ehtiyat edir ki, danışmaqdan imtina edən işçilər kənarda qala bilərlər.

"Şirkətdə keç kəs bunu qəbul etməyəcək. Onlar deyəcəklər ki, bu könüllü iştirakdır", Martens deyir.

"Lakin, bu cür texnologiyadan istifadə edən şirkət, daha çox yenilikçi və maraqlı insanları axtarır və texnologiya dəyişikliyinə qarşı müsbət münasibət göstərir".

"Əgər işəgötürmə prosesində kimsə skeptisizmdən ehtiyatlanaraq danışıq testində iştirakdan imtina edərsə, şirkət fikirləşəcək ki, onlara vaxt ayırmağa dəyməz və bir bəhanə ilə onları kənarlaşdıracaq".

Onun fikrincə testdə iştirak edənlərin nəticələri təlim keçmiş mütəxəssislər tərəfindən qiymətləndirilməlidir.

Britaniyanın Glasgow Universitetinin kompüter elmləri eksperti Dr Alessandro Vinciarelli deyir ki, danışıq təhlilləri son bir neçə ildir istifadə edilir.

Dəqiqliyə gələndə isə, onun sözlərinə görə, ekspertlərin prosesdə iştirakı həmişə lazımdır.

"Bu texnologiyalar insanları əvəz etməməlidir. Onlar peşəkarlara dəstək olmalı və kömək etməlidir", o deyir.

Bu metod, ünsiyyətin çox olduğu işlərə adam götürmək üçün daha münasibdir, o bildirir.

"Bununla həmin şəxsin nə qədər şəfqətli olduğunu, başqaları ilə ünsiyyətdə nə qədər rahat olduğunu müəyyən etmək mümkündür… və bu cür texnologiyaların vasitəsilə telefon xidmət mərkəzləri kimi sadə işlərə adam götürmə daha rahat ola bilər".

O əlavə edir ki, "indiyə qədər işəgötürmə bir qayda olaraq ərizələrin oxunmasına əsaslanıb ki, bununla da yaxşı universitetlərə getmiş insanlara üstünlük verilib".

Onun sözlərinə görə danışıq təhlillərinin köməyi ilə bu və ya başqa səbəbdən yaxşı təhsil və karyera qura bilməyən şəxslərin də şansı arta bilər.

Vinciarelli deyir ki, buradakı risklər ondan ibarətdir ki, şirkətlər texnoloji alətlərə etibar etməklə başqa metodlardan yayına bilərlər.

"Bu texnologiyalardan istifadə ilə tamamilə onlara etibar etmə arasında balans yaratmaq lazımdır. Onlardan həssaslıq və anlayışla istifadə etmək lazımdır".

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Capital səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki başqa məqalələri burda oxuyun.