İş müsahibəsində arzuolunmaz davranışlar

kırmızı koltukta mülakat sırasını bekleyen kadın Fotonun müəllifi Getty Images

İş müsahibəsində mükəmməl bir tərcümeyi-hal təqdim edib sualları doğru cavablandırmaq işə qəbul olunmaq üçün kifayət etməyə bilər. Əslində görüş zamanı hərəkətləriniz də qarşı tərəfə sizinlə bağlı bir çox ismarış verir.

Çox zaman həm müsbət həm də mənfi ola biləcək bu ismarışları çatdırdığımızın fərqində belə olmuruq. Davamlı gözlərini qirpmaq, barmağındakı üzüyü çevirmək, saçla oynamaq kimi şüurlu və ya şüursuz şəkildə təkrarlanan davranışların müsahibəni götürən insan üzərində hesab etdiyimizdən daha çox təsiri olur.

Lakin ekspertlərin fikrincə, "bədənimiz hər vəziyyətdə bir şey anladır".


Buna misal olaraq, həddən artıq göz təması yaratmırsınızsa sizə asanlıqla etibar etməmək, ya da ayağınız içəriyə dönmüş halda otursanız özünüzü təhlükəsiz hiss etmədiyiniz ismarışını vermiş ola bilərsiniz.

Bu hərəkətlərin fərqində olmaq onlardan xilas olmanın ilk addımı olaraq qəbul edilir. Amma insanların gərgin və həyəcanlı olduğu bir mühitdə bu iş daha da çətinləşir.

Fotonun müəllifi Thinkstock

Davranışlarınızla üzləşin

Qəribə davranışlarınızın fərqində olub qəbul etdikdən sonra növbə onlara mane olmağa çatır.

Qarşınızda müsahibə götürən rolunda biri ilə oturub bu gərgin davranışlarınızı nəzarət altına alana qədər onunla danışın.

Bunun sayəsində, məsələn, barmaq şaqqıldatmaq, dırnaqla oynamaq, ya da müsahibə götürənin gözlərinə baxmamaq kimi arzu olunmayan davranışlarınızı azalda bilərsiniz.

İnsan resursları mütəxəssisləri təbii davranışın əhəmiyyətini də vurğulayır. Məsələn, müsahibədə insan özünü səmimi və rahat bir insan olaraq tanıdır, amma stulda heç də elə oturmursa bu ziddiyyətli olaraq qəbul edilir.

Nəzarət edilməsi çətin görünən bu cür davranışlar meydana çıxdığında bəzən onları qəbul etmək də yaxşı bir üsul ola bilər.

Məsələn, müsahibədə üzünüzün qızardığını hiss etsəniz "ay aman, qızarıram, görəsən görürlərmi?" deyə narahatlıq keçirmək əvəzinə "İndi qızarmış olsamda əslində bir çox mühitdə nə qədər dözümlü olduğumu sübut etmiş bir insanam" deyərək vəziyyəti qəbul edib təbii davranmaq daha yaxşı təsir göstərə bilər.

Mənbəyi bilmək

Bu cür arzu olunmayan davranışlar psixoloji mənşəlidir, səbəbi bilindiyində onları minimuma endirmək daha da asanlaşır.

Məsələn, kifayət qədər hazırlıqlı olmamaqdan qaynaqlanan inamsızlıq hissi bunlara səbəb ola bilər. Bu vəziyyətdə müsahibəyə daha yaxşı hazırlaşmaq bu məsələni aradan qaldırır və daha yaxşı çıxış etmək şəraiti yaradır.

Bundan başqa müsahibə zamanı buraxılan iz sadəcə arzu olunmayan davranışlarla məhdudlaşmır.

İşə qəbul edəcək şəxsin narahatlığı, sizin əllərinizi nə qədər ovuşdurmağınızdan daha çox istedadlarınızla və maraqlı vərdişlərinizlə iş yerini nə qədər yaxşı təmsil edəcəyinizlə bağlıdır.

Fotonun müəllifi Getty Images

Müsahibəni götürənlər

Əgər şansınız varsa müsahibəni götürən şəxs sizi bütöv olaraq qiymətləndirəcəkdir. Frankfurt-da işləyən imic məsləhətçisi Isabel Schuermann bu cür müsahibələri götürən insanlara bir tək davranışdan yola çıxaraq qiymətləndirmə etməmək barədə xəbərdarlıq edir.

Üz ifadələrini şərh etmək mövzusunda təhsil alan Schuermann bu ifadələrin müsahibə zamanı da suallara mövzu ola biləcəyini bildirir.

Məsələn, "Üzünüzdəki ifadədən bu məsələdə şübhələriniz olduğunu başa düşürəm" kimi bir sualla qarşı tərəfin özünü daha yaxşı ifadə etməsinə şərait yaratmaq olar.

Nəticədə, işə qəbul etmək qərarına təsir göstərən çoxlu sayda amillər var.

Fotonun müəllifi Getty Images

Müsahibə zamanı edilməməsi lazım olan beş şey:

1.Baş yelləmək: Həmfikir olduğunuzu göstərmək üçün arada bir başınızı yelləyə bilərsiniz; amma başınızı çox yellətsəniz, hər şey üçün təsdiq gözlədiyiniz və ya hər şeyə baş yelləməyiniz təssüratı yarana bilər.

2.Ayaq oynatmaq: Müsahibə zamanı ayağı ayaq üstünə qoya bilərsiniz; amma ayağı oynatmağınız gərginlik və özünə inamsızlıq kimi qəbul edilə bilər.

3.Dodaq çeynəmək: Müsahibəyə kifayət qədər hazırlaşmadığınız və ya hirsinizi içinizə atdığınız təəssüratı yarada bilər.

4.Qarışıq baxışlar: Qarşıdakı insandan gözünü ayırmamaq narahat edici ola bilər; amma gözlərinizi otaq içərisində gəzdirməyiniz də narahatlıq yaradır. Müsahibəni götürən insan göz əlaqəsi yoluyla səmimiyyət və məlumat görmək istəyir.

5.Boyun çevirmək: Boynunuzu dairə şəklində çevirmək sizin üçün rahat ola bilər, amma gərginlik üzündən müsahibə rahatlamaq yeri və zamanı deyildir.

  • Yazının orijinalını ingilis dilində BBC Capital saytında oxuyun.
  • Dərgidəki digər yazıları Dərgi bölməsindən oxuya bilərsiniz.

Bu barədə daha geniş