700 bal toplayan Fəyyaz Aslanlı imtahana necə hazırlaşıb?

Fəyyaz Aslanlı Fotonun müəllifi F.Aslanlı/İstək liseyi

Dövlət İmtahan Mərkəzinin imtahanında 700 bal rekordunu təsis edən ilk Lənkəran sakini maksimal yaxşı nəticə göstərəcəyini gözləmədiyini deyib.

BBC News Azərbaycancaya danışan Fəyyaz Aslanlı imtahana "hazırlıq fəlsəfəsinin sadə" olduğunu deyir.

O, öncə "asan" fənləri, daha sonra "çətin" fənləri öyrənib.

"Asan fənlərdən başlayırdım oxumağa - sonra da çətinlərə keçirdim. Misal üçün riyaziyyatdan başlayıb biologiyaya keçirdim. Asanı tez oxuyub çətinlərə daha çox vaxt ayıra bilirdim".

7 rayonu (Lənkəran, Cəlilabad, Astara, Masallı, Biləsuvar, Lerik və Yardımlı ) birləşdirən cənub bölgəsində 700 bal qazanan ilk şəxs olduğu barədə danışan Fəyyaz başqa tələbələrə məsləhət verməyə həvəs göstərməsə də çox oxumaqdansa, daha "məhsuldar" oxumağı tövsiyə edir ki, çətin fənlərə əlavə vaxt ayırmaq mümkün olsun.

Fəyyaz artıq təhsil alacağı sahəni seçib və Tibb Universitetində beyin cərrahiyyəsini öyrənməyə hazırlaşır.

"Beyinin funksiyası məni həmişə maraqlandırıb", - Fəyyaz deyir.

O, öz uğuruna sevinsə də, maksimum bal qazanacağını gözləmədiyini deyir.

Fəyyaz hesab edir ki, fikir dağınıqlığı onu 700 baldan ayıra biləcək əsas amillərdən biri idi.

Abituriyent İstək Liseyində yaxşı təhsil aldığı üçün ayrıca hazırlığa getməyə ehtiyac olmadığını da deyib.

Onun atası - riyaziyyat müəllimi Eldəniz müəllim BBC News Azərbaycancaya müsahibəsində imtahan vaxtı həm də şans amilinin əhəmiyyətini qeyd edir.

O, deyir ki, oğlunun "biliyi və geniş dünya görünüşünə" görə uğurlu olacağını gözləyib.

Hərçənd ki, 650-dən yuxarı bal toplayan hər bir kəsin 700 bal toplaması üçün bir az da "şans tələb olunur".

"650-dən yuxarı bal toplayanların qarşısında baş əyilməlidir. Sadəcə 700 bal qazanmaq şansı bu dəfə bizim payımıza düşdü", - Eldəniz müəllim oğlunun uğurunu şərh edərkən bildirir.

Fəyyaz Aslanlı Dövlət İmtahan Mərkəzinin I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanından maksimum700 bal toplayan 15 nəfərdən biridir.

Bu barədə daha geniş