Tarixin möhtəşəm kitabı - Xəyyam Rübailəri

Hayyam Fotonun müəllifi Alamy

1909-cu ildə Londonun iki cildçisinə dünyanın ən möhtəşəm kitabını hazırlamaq sifarişi verilmişdi: Ömər Xəyyamın Rübailərini. Lakin bu kitabın taleyində Atlantik okeanının dibinə düşmək varmış.

"1912-ci ilin 14 aprelində Titanik gəmisi Yeni dünyanın sularına qərq olanda, onun məşhur qurbanlarından biri də elə bu kitab olmuşdu."

Bu sözlər Livan əsilli fransız yazıçı Amin Maaloufun tarixi "Səmərqənd" romanından götürülüb.

Sözü gedən kitab 11-ci əsrin Şərq mütəfəkkirlərindən iranlı Ömər Xəyyamın Rübailəri idi. Doğrudur, burdakı şeirlərin başqa-başqa kitablarda çoxsaylı nüsxələri vardı, amma bu kitab yeganəydi.

Maaloufun romanında da söhbət məhz bu kitabın taleyindən gedir.

1900-cü illərin əvvəllərində Londonda iki cildçi - George Sutcliffe və Francis Sangorski cildlədikləri kitabların ecazkar və təkrarsız dizaynı ilə tanınırdılar.

Henry Sotheran adlı bir kitabçı onlardan tayı-bərabəri olmayan bir kitab hazırlamaq sifarişi vermişdi. O demişdi ki, kitabın neçəyə başa gələcəyi heç də mühüm deyil. Dünyanın ən möhtəşəm kitabını hazırlayacaq iki cildçiyə açıq çek verilmişdi.

Image caption Birinci dünya müharibəsinin ərəfəsi olan illərdə restoranlara, diş məcunlarına, oyun kartlarına belə Ömər Xəyyam adı qoyurdular.

İki illik məşəqqətli zəhmətdən sonra hasilə gəlmiş kitabda Ömər Xəyyamın rübailərinə rəssam Elihu Vedderin illüstrasiyaları yoldaşlıq edirdi.

Hər bir rübainin qarşısında onun ingiliscə sətri tərcüməsi və açımı verilmişdi.

Kitab həm "Böyük Ömər", həm də "Möhtəşəm kitab" adları ilə tanınırdı.

Kitabın üz qabığında üç tovuz quşunun nəfis şəkli vardı. Arxa qabığda isə yunan musiqi aləti buzukinin rəsmi çəkilmişdi.

Bu hələ harasıydı? Kitabın cildi mindən çox yaqut və zümrüdlə, beş min parça dəri, gümüş, fil sümüyü, ebonit və 600 vərəq qızılla bəzənmişdi.

"Böyük Ömər"

Sotheran kitabçısı bu kitabı New York-a göndərmək istəyirdi. Amma Amerika gömrüyündə onun üçün çox böyük rüsum istəndiyindən kitab İngiltərəyə qayıtmışdı.

Elə bu arada Gabriel Wells bir auksionda bu kitabı 450 funt sterlinqə almışdı, halbuki onun aşağı qiyməti olaraq 1000 funt təyin edilmişdi.

Wells də kitabı Amerikaya göndərmək istəyirdi, lakin üz tutduğu gəmi onu götürməkdən imtina etmişdi.

Fotonun müəllifi Alamy
Image caption Rübailərin bir çox versiyası çap olunmuşdu. Onlardan birində Edmund Dulac-ın illüstrasiyalarından istifadə edilmişdi

Yalnız bundan sonra kitab Titanik gəmisinə verilmişdi... Amma kıtabın acı hekayəti Titanik gəmisinin batması ilə sona çatmadı. Qəzadan bir neçə həftə sonra kitabı hazırlayan cildçilərdən biri - Sanqorski suda boğularaq ölmüşdü.

Digər cildçinin - Sutcliffe-in bacısı oğlu Stanley Bray isə kitabın və "Böyük Ömər"in dirildilməsinə qərar vermişdi.

O, Sanqorskinin eskizindən istifadə edərək 6 illik zəhmətdən sonra kitabın yeni bir nüsxəsini hasilə gətirmişdi. Bu kitab saxlanmaq üçün bir banka verilmişdi.

Lakin İkinci Dünya Müharibəsi zamanı nasistlərin Londonu bombardman etməsi nəticəsində bu kitab da param-parça olmuşdu.

Amma Bray qollarını bir daha çirmələyərək yeni bir nüsxənin hazırlanmasına başlamışdı.

O nəhayət üst-üstə 40 il çəkən işdən sonra hazır nüsxəni Britaniya kitabxanasına vermişdi.

Daha doğrusu Bray-in ölümündən sonra bu nadir kitab onun vəsiyyəti ilə kitabxanaya bağışlanmışdı. Kitab bu gün də oradadır.

Bray dünyasını dəyişməzdən az əvvəl demişdi: "Mənim kafir inanclarım yoxdur, amma tovuz quşunun fəlakət simvolu olduğunu eşitmişdim".

Image caption Yazıçı GK Chestertona görə Rübailər "bu günün qədrini bil" fəlsəfəsini təlqin edir

Ömər Xəyyam kimdir?

İndi görək Ömər Xəyyamın Rübailəri nəyi ifadə edirdi ki, Sotheran kitabçısı və saysız sayda insan ona bu qədər heyran kəsilmişdi?

Ömər Xəyyam 11-ci əsrdə İranın şərqində yaşamış bir münəccim və riyaziyyatçı idi. İbn Sina və bir çox başqa şərqli alimlər kimi o həm də şair idi. Amma başqa alimlərdən fərqli olaraq onun şeirləri ədəbiyyat taxtında möhkəm otura bilmişdi.

Xəyyamın ən maraqlı cəhətlərindən biri də o idi ki, şair başqalarının üzərində düşünmədiyi inanc, o biri dünya, həyatın nə olduğunu başa düşməyə çalışırdı.

Onun dinin vəd etdiklərinə inamı yox idi və buna görə də cənnət və cəhənnəmi və hətta Allahın məntiqini sorğu-suala çəkirdi.

Xəyyamın gəldiyi nəticə "bu dünyadakı həyatın" həqiqiliyi idi.

Bu bəlkə də onun yaşadığı zamanın təlatümlərindən irəli gəlmişdi. 11-ci əsrdə İran türk tayfaları tərəfindən işğal edilmiş, daha sonra monqolların hücumlarına məruz qalmışdı.

Xəyyam bütün bu baş verənlərə dünyanın ötəriliyi prizmasından baxır, hadisələrin fövqündə dayana bilirdi. O biri dünya haqqında deyilənlər ona boş görünürdü.

Image caption John Ruskin Rübailər barəsində "bugünə qədər oxuduğum ən möhtəşəm əsərdir" demişdi.

Cənnəti cəhənnəmi kimsə görmədi, könül;

Söylə görüm, kim gəldi o bir dünyadan könül?

Ümidimiz, qorxumuz elə bir şeydəndir ki…

Sirrini açmayıbdır, bizə Yaradan, könül.

Xəyyam dünyanın faniliyinə heyfslənir, onun kefini bol şərab və sevgili-cananla çəkməyi tövsiyə edirdi.

Qərbli ziyalılar İran şairlərinə həmişə bir heyranlıq duyublar. Alman şair Goethe-nin Hafizə, fransız Voltair-in Sədiyə heyranlığı olan qədər, ingilis FitzGerald-ın da Xəyyama məhəbbəti vardı.

FitzGerald təkcə heyran olmaqla qalmamışdı. Xəyyamı ingiliscəyə çevirmişdi. Bu tərcümələr orjinala tam uyğun olmasa da, Rübailərin ruhunu tuta bilmişdi.

Elə tuta bilmişdi ki, bundan sonra onu "FitzÖmər" adlandıracaqdılar.

Əvvəl-əvvəl bu əsər elə bir maraq oyatmasa da, getdikcə çox populyar olmuşdu. Londonda indi də mövcud olan Xəyyam Klubu 19-cu əsrdə elitanın toplandığı bir ədəbi məclis idi.

Image caption Edmund Joseph Sullivan-ın Rübailər üçün çəkdiyi illüstrasiyaların birindən Grateful Dead 1971 albomuna üz qabığı kimi istifadə edilib

Xəyyamın bəşəriliyi

Bir çox başqa rəssamlar da rübailərə illüstrasiyalar çəkiblər. Agatha Christie-nin 1942-ci ildə yazdığı "Cinayətin resepti" adlı romanında Xəyyama istinad var. 1957-ci ildə çəkilmiş Hollywood filmində isə Xəyyamın həyatından bəhs edilir.

1960-cı ildə Xəyyamın rübailərini amerikalı aktyor Alfred Drake oxuyub. 1967-ci ildə Martin Luther King alovlu çıxışlarından birində Xəyyamdam sitat gətirib.

Ümumiyyətlə, 1950-ci illərdə Xəyyam o qədər populyar idi ki, onun Rübailəri ən çox istinad edilən əsərlər siyahısına düşmüşdü.

Xəyyamın şeirləri zamanın sınağından keçib.

İranda Hafiz kimi onun da kitablarını hər bir evdə tapmaq olar. FitzGeraldın tərcüməsində Xəyyam ingilis klassiki səviyyəsinə qalxlıb.

Bugün dünyanın bütün ölkələrində Xəyyamın rübailərindən xəbərdardırlar.

Axı necə olur ki, 11-ci əsrdə yaşamış bir şairin şeirləri həm Victoria dövrü İngiltərəsində, həm də 21-ci əsrdə məna daşıya bilir?

Buna səbəb Rübailərin zamandan yüksəkdə durması, bəşəri dəyərlərin daşıyıcısı olmasıdır. Əslində müasir təlatümlü zəmanəmizdə Rübailər bəlkə də yazıldığı 11-ci əsrdən daha böyük məna daşıyır.

Ömər Xəyyam bu gün sağ olsaydı, görəsən günümüz haqqında nə deyərdi? Yəqin ki, qələmindən buna bənzər misralar çıxardı.

Bu ömür karvanıdır, birtəhər gəlib-gedər

Qazancın olar təkcə kefin gördüyün günlər,

Saqi, nəyinə lazım sabahı düşünənlər,

Gecəmiz keçməmişkən qədəhə şərab əndər.

  • Yazının orijinalını ingilis dilində BBC Culture saytında oxuyun.
  • Dərgidəki digər yazıları Dərgi bölməsindən oxuya bilərsiniz.

Əlaqəli mövzular

Bu barədə daha geniş